Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Mərkəzi Elmi Kitabxanada akademiklərin fondu yaradılır

AMEA Mərkəzi Elmi Kitabxananın (MEK) rəhbərliyi hazırda elmi ictimaiyyətə daha səmərəli innovativ xidmət üsulları tətbiq etməklə, kitabxana-informasiya fəaliyyətində əsaslı islahatlar aparmaqdadır. Eyni zamanda, kitabxana fondlarının strukturunda da yenidənqurma işləri görülür, yeni fondların təşkili nəzərdə tutulur.

Boyukmillet.com xəbər verir ki, MEK-də akademiklərin fondu yaradılır.

Akademik fondlar dedikdə görkəmli akademiklərin MEK-ə hədiyyə etdiyi və edəcəyi şəxsi sənəd kolleksiyaları nəzərdə tutulur. Hazırda kitabxanada bu qəbildən Yevgeni Bertels, Boris Zaxoder, Yevgeni Paxomov, Mikayıl Useynov, Mirzə İbrahimov, Mahmud Kərimov və Akif Əlizadənin şəxsi kitab kolleksiyaları saxlanılır.

Akademik fondların təşkili elmi biliklərin əldə edilməsinə, tətbiqinə və təbliğinə yönəlmiş innovativ prosesdir və MEK-də aparılan islahatların əsas tərkib hissələrindən biridir. Bu fondlara AMEA-nın Rəyasət Heyətində, elmi-sahəvi institutlarında çalışan və ya çalışmış, eyni zamanda, elmi dünya miqyasında tanıdan və Azərbaycanın digər elmi qurumlarında müxtəlif elm sahələrini təmsil edən akademiklərin Mərkəzi Elmi Kitabxanaya hədiyyə etdiyi sənədlər, nəşrlər (ənənəvi çap və elektron) və s. ibarət kolleksiyalar daxildir. Akademik kolleksiyaların tərkibinə elmi əsərlər, yaradıcılıq məhsulları, toplular, kitablar, konfrans materialları, e-nəşrlər, hədiyyə olunmuş avtoqraflı nəşrlər, şəxsi kitab kolleksiyası, fotosurətlər, reprint nəşrlər, albomlar, dövri mətbuat nümunələri və s. daxil ola bilər.

Kolleksiyalar beynəlxalq aləmdə qəbul edilmiş biblioqrafik standartlara görə kataloqlaşdırılacaq. Belə ki, hər bir sənəd şəxsi möhürlə imzalanacaq, xüsusi inventar ştrix-kodu ilə (abbreviatura) qeydiyyata alınacaq. Həmçinin biobiblioqrafik elektron məlumat bazaları yaradılaraq Mərkəzi Elmi Kitabxananın saytında istifadəçilərə təqdim olunacaq, biblioqrafik göstərici hazırlanacaq. Kolleksiyaların vaxtaşırı, əlamətdar və tarixi günlərdə müvafiq qaydada sərgiləri, təqdimat-mərasimləri keçiriləcək, xüsusi Akademik zalda kolleksiyalara daxil olan sənədlərin istifadəsi açıq rəf üsulunda təşkil ediləcək, onların mühafizəsi, fiziki və bioloji təsirlərdən qorunması üçün zəruri şərait təmin olunacaq, beynəlxalq elmi əlaqələrdə kolleksiyaların biblioqrafik təsvirlərinin informativ mübadiləsi aparılacaq.

Check Also

Naxçıvanda: Naziri tənqid edən müəllim işdən çıxarılıb

Səriyyə Qəmbərova nazirin qəzəbinə tuş gəldiyini, məktəb direktoru tərəfindən döyüldüyünü iddia edirSəriyyə Qəmbərova 2007-ci ildən …