“Ötən dövr ərzində Dövlət İmtahan Mərkəzi geniş elmi-metodoloji və texniki potensiala yiyələnib, bütövlükdə Azərbaycan cəmiyyətinə xidmət edən yeni, demokratik tələbə seçimi sistemi yaradılıb”.
Boyukmillet.com report-a istinadən xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bildirib.
Onun sözlərinə görə, bu sistem nə qədər möhkəmlənibsə, onun faydalılığı və effektivliyi də bir o qədər artıb, nə qədər təkmilləşibsə, cəmiyyətdəki nüfuzu da bir o qədər yüksəlib və nəticədə cəmiyyətdə biliyin qiymətləndirilməsinin mövcud sisteminin obyektivliyinə, ədalətliliyinə möhkəm inam formalaşıb: “Bu isə Azərbaycan təhsilinin müstəqillik illərində qazandığı ən böyük nailiyyətlərdəndir. Azərbaycan gəncliyinin çağdaş dövrdə öz təhsilini davam etdirmək istəyən bütün dəstələri onlar üçün yaradılan ədalətli, obyektiv və şəffaf qəbul sisteminə görə ilk növbədə, ümummilli liderimiz Heydər Əliyevə minnətdar olmalıdır. Çünki mərkəzləşdirilmiş qəbul sistemi gənclərimizə köhnə qəbul işinə xas olan mənfi hallara rast gəlmədən öz təhsil almaq arzularını gerçəkləşdirmək imkanı verib”.
M.Abbaszadə qeyd edib ki, bu istiqamətlər üzrə aparılan işlərin əsasında ölkədə bu gün “sosial lift” funksiyasını yerinə yetirən bir sistem fəaliyyət göstərir: “Hansı ailədə, şəhərdə, kənddə böyüyüb başa çatmasından asılı olmayaraq, hər bir gənc, bacarığı və oxumaq istəyi varsa, bu sistem sayəsində müstəqil şəkildə imtahana hazırlaşa və ali məktəbə qəbul oluna bilər”.
DİM sədri əlavə edib ki, bu gün artıq Mərkəzin yaratdığı sistem vasitəsilə hər kəs orta məktəblərdə 9 və 11-ci siniflərdə həyata keçirilən yekun qiymətləndirmə, ali təhsil müəssisələrinə qəbul, daha sonra magistratura və ya rezidenturaya, nəhayət dövlət qulluğuna qəbul imtahanlarında iştirak etməklə öz karyeralarını qururlar: “Dövlət İmtahan Mərkəzi “sosial lift” funksiyasını yerinə yetirməklə cəmiyyət, dövlət üçün hazırlanan mütəxəssislərin, yüksək ixtisaslı kadrların yetişdirilməsində və seçilməsində birbaşa iştirak edir”.
Boyukmillet.com