İnsan alverinə qarşı mübarizə Azərbaycanın dövlət siyasətinin vacib prioritetlərindən biridir.
Trend-in məlumatına görə, bunu Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev bu gün “Azərbaycanda insan alverinə qarşı mübarizə üzrə potensialın artırılması” layihəsinin açılış mərasimində deyib.
M.Məmmədquliyev bildirib ki, Azərbaycan insan alverinə qaşı mübarizə sahəsində ardıcıl və məqsədyönlü siyasət həyata keçirir və bu siyasətin əsasında qabaqlama, təqib prinsipləri durur.
Nazir müavini bildirib ki, bu gün insan alveri ilə mübarizə sahəsində layihənin təqdimatı keçirməklə Beynəlxalq Miqrasiya Təşkilatı, Avropa ittifaqı və Azərbaycan arasında üçtərəfli əməkdaşlığın yeni mərhələsinin əsası qoyulur:
“İnanırıq ki, bu layihə əvvəlki layihələr kimi uğurla həyata keçiriləcək və insan alverinə qarşı mübarizədə daha geniş imkanlar açacaq. Azərbaycan tərəfi layihədə nəzərdə tutulmuş tərəf qismində çıxış edəcək və layihənin uğurla icra olunmasında öz öhdəliyini yerinə yetirəcək. Biz layihənin həyata keçirilməsində dəstək verməyə hazırıq”.