“Ümid edirəm, insanlar 2021-ci ildə ictimai yerlərdə tibbi maska taxmaqdan azad olacaqlar”.
Bunu Rusiyanın İstehlakçı Hüquqlarının Müdafiəsi və İnsan Rifahına Nəzarət üzrə Federal Xidməti – “Rospotrebnadzor”un rəhbəri Anna Popova deyib.
“Ümid sözsüz ki, var. Bu ümid, birincisi, ona görə var ki, biz artıq koronavirusla yaşamağa öyrəşmişik. İkincisi isə peyvəndlənmə başlayıb. Bu gün orta hesabla 20-25% Rusiya vətəndaşında antikorlar yaranıb. Ancaq hamı peyvənd olunmalıdır. Koronavirusa yoluxmayanlar belə”, – deyə Popova qeyd edib.
Məlumdur ki, həm son günlər virusa yoluxanların azlığı, həm də peyvəndlənmə virusun azaldığını ümid etməyə təkan verir. Bu səbəbdən də Rusiya maskadan imtina etməyə hazırlaşır.
Bəs bizdə maska məcburiyyəti nə zaman azala bilər? Biz də xüsusən parklarda, küçədə, açıq havada maska taxmaqdan azad olmalı deyilikmi?
Mövzu ilə bağlı Cebhe.info-ya danışan tibb sahəsi üzrə ekspert, həkim-terapevt Rasif Bağırov bildirib ki, maskadan istifadəni dayandırmaq düzgün deyil:
“Maskalardan daim istifadə etmək lazımdır. Çünki hazırda istifadə edilən peyvəndlərə etibar yoxdur. Hazırkı peyvəndlərin kimin orqanizmində lazımi səviyyədə immun sistemini qaldıra biləcəyi, kimdə qaldıra bilməyəcəyi məlum deyil. Ona görə də biz maskadan istifadəni dayandırsaq, ola bilər ki, kimsə virusa yoluxar və ətrafındakıları yoluxdurmağa başlayar. Bu səbəbdən yaxşı olar ki, peyvəndə baxmayaraq maskalardan istifadə etməyə davam etdirilsin”.
Həkim qeyd edib ki, hazırda istifadə edilən peyvəndlərin etibarlılığı şübhə altındadır:
“Rusiya və Çinin hazırladığı peyvəndlərə etibar yoxdur. Kimsə fikirləşirsə ki, bu peyvənd insanda immun sistemi 100% qaldırır, bu yanlış fikirdir. Hazırda peyvəndlərə çox etibar etmək olmur. Ona görə də maskalardan xeyli müddət istifadə etməyə ehtiyac var”.