Bazar ertəsi , 6 May 2024
Drone Cameras

Millət vəkili Qazaxıstan parlamentinin sədri ilə görüşüb

“Qazaxıstan Respublikasına etdiyimiz rəsmi səfər zamanı bir sıra önəmli görüşlər keçirdik. Bunlardan təbii ki, ən əhəmiyyətlisi ölkə Məclisinin sədri cənab Yerlan Kaşanovla keçirdiyimiz görüş oldu. Görüşdə ölkələrimiz arasında mühim əhəmiyyət kəsb edən məsələlər müzakirə olundu və gələcək əməkdaşlıqların perspektivləri ilə bağlı fikir mübadiləsi aparıldı. Cənab Kaşanov da, biz də ölkələrimizin qardaşlıq münasibətlərinin gələcəkdə də daha inkişaf etdirilməsi ilə bağlı müsbət fikirlərimizi dilə gətirdik”.
Boyukmillet.com xəbər verir ki, bu sözləri mediaya açıqlamasında Azərbaycan Respublikası Milli Məclisinin deputatı Əliabbas Salahzadə bildirib. Millət vəkili bildirib ki, qardaş ölkənin paytaxtı Nursultan şəhərində baş tutan görüşdə Azərbaycan və Qazaxıstanın tarixi əlaqələrinin, mədəni yaxınlığının dərin kökləri qeyd olunub, eyni zamanda regionun geosiyasi mənzərəsində siyasi müstəvidə birgə fəaliyyətin vacibliyi vurğulanıb. Ə.Salahzadənin sözlərinə görə, ikitərəfli münasibətlərin dayanmadan inkişaf etdiyinin xüsusi qeyd olunduğu görüşdə beynəlxalq tədbirlərdə hər zaman Azərbaycanla Qazaxıstanın vahid mövqedən çıxış etməsinin önəmi diqqətə çatdırılıb: “Görüş zamanı təbii ki, 44 günlük Vətən müharibəsində əldə etdiyimiz qələbədən və ermənilər tərəfindən işğal olunan ərazilərimizin Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi altında qəhrəman ordumuz tərəfindən geri qaytarılması haqqında da danışdıq. Çıxışım zamanı bildirdim ki, ölkə başçımızın da qeyd etdiyi kimi biz Qarabağı təkrar cənnətə çevirəcəyik. Əlbəttə ki, hərb meydanında qazandığımız qələbənin diplomatiya sahəsində də uğurla davam etdirəcəyimizdən əmin olduğumu sözlərimə əlavə etdim. Türkdilli ölkələrin beynəlxalq siyasi arenalarda birgə fəaliyyət göstərməsinin vacibliyini vurğuladığım zaman cənab Kaşanov mənim sözümü təsdiqlədi və bildirdi ki, Qazaxıstan hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib və dəstəkləməyə də davam edəcək”.

Check Also

Türkiyədə “Qərbi Azərbaycandan məcburi köç” mövzusunda tədbir keçiriləcək

Türkiyədə “Qərbi Azərbaycandan məcburi köç” mövzusunda tədbir keçiriləcək. Boyukmillet.com xəbər verir ki, bu barədə “Report”a Milli …