“Orqan və toxuma transplantasiyası üzrə hazırda dünyada ilk yerdə İspaniyadır və Azərbaycan bu ölkə ilə müqayisə edilməyəcək səviyyədədir. Lakin bu sahədə ilk addımların atılması vacib məsələdir”.
Boyukmillet.com xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə Komitəsinin sədri Əhliman Əmiraslanov yenilənmiş Xidmətlər Zərfinin təqdimatında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, orqan və toxuma transplantasiyası ilə bağlı işləmə mexanizmi dünya standartlarına uyğun şəkildə Səhiyyə Nazirliyi tərəfindən hazırlanıb: “Bu sahədə əvvəlki maneələrin tam əksəriyyəti ortadan qaldırılıb. Lakin orqan və toxuma transplantasiyası ilə bağlı bir qədər məhdudiyyətlər var. Bu başa düşüləndir. Maliyyə tərəfi var və böyük vəsait tələb edir. Digər tərəfdən bu gün xəstəxanalarımızın imkanları məhduddur. Hazırda özəl tibb xidmət sahəsi sürətlə inkişaf edir və onlara orqan və toxuma transplantasiyası üzrə icazə verilə bilər”.
Ə.Əmiraslanov qeyd edib ki, iki ən böyük xəstəliyin icbari tibbi sığortanın Xidmətlər Zərfinə salınmaması başa düşülən deyil. “Bunlardan biri də onkoloji xəstəliklər, digəri ürək transplantasiyasıdır. Çünki onkoloji xəstəliyin müalicəsi böyük vəsait tələb edir. Bu gün onkoloji xəstəliklərin müalicəsinə 50 milyon manat vəsait ayrılıb. Lakin bu xəstələrin tam müalicəsi üçün yetmir”.