Azərbaycanın işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli məqsədilə yaradılmış Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin Minalardan və partlamamış hərbi sursatlardan (PHS) təmizləmə üzrə İşçi Qrupun növbəti iclası keçirilib.
Boyukmillet.com xəbər verir ki, iclasda Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA), Azərbaycan Respublikasının Nazirlər Kabineti, Xarici İşlər Nazirliyi, İqtisadiyyat Nazirliyi, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi və Dövlət Sərhəd Xidmətinin məsul nümayəndələri iştirak ediblər.
Aidiyyəti dövlət orqanlarının nümayəndələrinin cəlb olunduğu iclasda Azərbaycan Nazirlər Kabineti tərəfindən minatəmizləmə fəaliyyətinə dair təsdiq edilmiş illik tədbirlər planı üzrə ərazilərin mina və partlayıcı qurğulardan təmizlənməsi işlərinin icra vəziyyəti barədə məlumat verilib.
ANAMA tərəfindən işğaldan azad edilmiş ərazilərdə icra edilən humanitar minatəmizləmə fəaliyyəti (2020-ci il 10 noyabr tarixindən 2022-ci il 14 aprel tarixinədək 8 372.9 ha ərazi təmizlənmiş, 30 572 ədəd mina və PHS aşkar edilmiş, carı ilin 1-14 aprel tarixləri ərzində isə 506.4 ha ərazi təmizlənmiş, 595 ədəd mina və PHS aşkar edilərək zərərsizləşdirilmişdir) barədə məlumat təqdim edilib. Agentliyə daxil olan müraciətlər əsasında bitmiş və hal-hazırda davam edən minatəmizləmə layihələrinə dair müzakirələr aparılıb.
Aprel ayı ərzində Tərtər və Zəngilan rayonları ərazisində 1 nəfər mülki, 1 nəfər hərbiçi olmaqla 2 nəfər mina partlayışından xəsarət alıb.
Müdafiə Nazirliyi tərəfindən həyata keçirilən minatəmizləmə əməliyyatları barədə təqdim olunmuş məlumata əsasən cari ilin 1-14 aprel tarixləri ərzində MN mühəndis qoşunlarının xüsusi bölmələri tərəfindən Ağdam, Kəlbəcər, Laçın, Qubadlı, Şuşa, Xocalı və Xocavənd rayonları üzrə 492.06 ha ərazi təmizlənmiş, 71 ədəd PHS aşkar edilmişdir. Təsdiq edilmiş tədbirlər planına əsasən sifariş olunan layihələrdən 19-u artıq yekunlaşıb, 14 layihə üzrə isə işlərin davam etdirildiyi bildirilib. Ümumilikdə, MN tərəfindən 15 026 ha ərazinin mina və partlayıcı sursatlardan təmizlənməsi, 17 635 ədəd mina və PHS-in zərərsizləşdirilməsi vurğulanıb. Humanitar minatəmizləmə fəaliyyətinə dəstək məqsədilə mexaniki minatəmizləmə maşınlarının sayının artırılması istiqamətində qeyd edilib ki, ayın sonuna qədər 13 ədəd Türkiyənin istehsalı olan MEMATT maşınlarının təhvil alınması gözlənilir.
Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən həyata keçirilən minatəmizləmə əməliyyatları barədə təqdim olunmuş məlumata əsasən Ağdam və Füzuli rayonları istiqamətində cari ilin 13 aprel tarixinədək ümumilikdə 1 014 872 kv.m ərazi təmizlənmiş və 4097 ədəd mina və partlamamış hərbi sursat aşkar edilmişdir. Bildirilib ki, ərazilərin minalardan təmizlənməsi işinə 50 nəfərdən ibarət FHN minaaxtaran bölmələri cəlb edilib.
Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən həyata keçirilən minatəmizləmə əməliyyatları barədə təqdim olunmuş məlumata əsasən aprel ayı ərzində 69 ha ərazi təmizlənmiş, 38 ədəd mina və partlamamış hərbi sursat (2020-ci ilin noyabr tarixindən 2022-ci il 13 aprel tarixinədək 775 ha ərazi təmizlənmiş, 3102 ədəd mina və PHS) aşkar edilərək zərərsizləşdirilmişdir.
Eyni yanaşma metodologiyası və bəlli standartların tətbiq edilməsi ilə təmizlənmiş ərazilərdə keyfiyyət yoxlamısının icrası məqsədilə Müdafiə Nazirliyi, FHN və DSX-nin müvafiq bölmə nümayəndələrinə ANAMA tərəfindən bu sahədə “Təlimçilərin Təlimi”-nin keçirilməsinin vacibliyi vurğulanıb.
ANAMA tərəfindən Mina Sahələrinin Havadan Tədqiqatı – RAMS (Remote Aerial Minefield Survey) texnologiyası ilə mina sahələrinin tətqiq olunması barədə məlumat verilib. Qeyd edilib ki, süni intellekt vasitəsilə keçən il ərzində Zəngilan, Füzuli, Cəbrayıl, Tərtər və Qubadlı rayonları üzrə 18 min hektar ərazi təhlil edilib. Süni intellekt texnologiyalarının proqram təminatı ərazilərdə aşkar edilən yeni obyektlər üzrə yaddaşın yenilənməsi imkanına malikdir. Həmçinin, süni intellekt proqramı ərazilərin çirklənmə səviyyəsinə görə müxtəlif təmizləmə metodologiyalarının tətbiqini təmin edir.
Mina və müharibənin partlayıcı qalıqları təhlükəsi ilə bağlı maarifləndirmə tədbirlərinin davam etdirilməsi, vətəndaşlara diqqətli davranış və məsuliyyətli yanaşmanın təbliğ olunmasının vacibliyi vurğulanıb.
Aidiyyəti dövlət qurumlarının nümayəndələrinin iştirak etdiyi iclasda İşçi Qrupunun fəaliyyətindən irəli gələn digər cari məsələlər ətrafında fikir mübadiləsi aparılıb, məsələlərin birgə həlli yolları təhlil edilib.
Azərbaycan Prezidentinin 2020-ci il 24 noyabr tarixli Sərəncamı ilə yaradılmış Əlaqələndirmə Qərargahına Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev rəhbərlik edir.