Cümə axşamı , 9 Yanvar 2025
Drone Cameras

MN-in külli miqdarda vəsaiti mənimsəmədə təqsirləndirilən xidmət rəisi ilə bağlı işin yenidən araşdırılması istənilib

Müdafiə Nazirliyinin (MN) tabeliyində olan Təlim və Tədris Mərkəzinin sabiq Maliyyə Xidməti rəisi polkovnik-leytenant Rəşad Məlikzadənin barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.

“Report”un məlumatına görə, Bakı Apellyasiya Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Rəşad Məlikzadənin vəkili Vüqar Kazımov prosesdə vəsatət verib. O, apellyasiya məhkəməsinin qismən araşdırma aparmasını xahiş edib.

Hakim heyəti vəsatəti təmin etməyib. Məhkəmənin baxış iclası yanvarın 21-nə təyin olunub.

Qeyd edək ki, Rəşad Məlikzadə 26 sentyabr 2022-ci il tarixdə Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılıb və barəsində Bakı Hərbi Məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilib.

Daha sonra o, Bakı Hərbi Məhkəməsinin hökmü ilə 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Rəşad Məlikzadə Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunur.

O, 2017-2018-ci illərdə “N” saylı hərbi hissədə maliyyə xidmətinin rəisi, 2018-2022-ci ilin fevralın 10-dək olan müddətdə isə Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin Maliyyə Xidmətinin rəisi vəzifəsində işləyib. Rəşad Məlikzadə vəzifə saxtakarlığına yol verib. O, 9 milyon 369 min manat mənimsəyib, bu məbləğdən 848 min manatını dövlət büdcəsinə ödəyib. Həmçinin məhkəmə tərəfindən Rəşad Məlikzadənin özünə məxsus əmlakların müsadirə edilməsi barədə qərar qəbul edilib.

İş üzrə Maliyyə Nazirliyi zərərçəkmiş qismində tanınıb.

Check Also

Eritreyadakı Azərbaycan gəmilərinin sərbəst buraxılması üçün sənədləşmə işi tamamlanmaq üzrədir

“Caspian Marine Services B.V.” şirkətinin Azərbaycandakı filialına məxsus gəmilərin sərbəst buraxılması üçün müvafiq sənədləşmə prosesi …