Çərşənbə , 23 Sentyabr 2026
Drone Cameras

Moskva TRIPP-dən kənarda qalmaq istəmir

Rusiya Cənubi Qafqazda yaradılması nəzərdə tutulan TRIPP nəqliyyat layihəsində iştirak etmək istəyir. Moskvada layihənin texniki detalları ilə bağlı müəyyən şübhələr qalsa da, Rusiyanın regionun yeni nəqliyyat arxitekturasından kənarda qalmaq niyyətində olmadığı bildirilir.

Boyukmillet.com xəbər verir ki, bunu rusiyalı politoloq Andrey Kortunov sentyabrın 23-də Ermənistan-Rusiya münasibətlərinə həsr olunmuş konfransda bildirib.

“Moskvada TRIPP layihəsinin texniki detalları ilə bağlı hələ də şübhələr var və ABŞ-nin bu layihəyə lazımi diqqəti ayırmağa hazır olub-olmadığını bilmirik. Amma, əlbəttə, Rusiya burada iştirak etmək istərdi”, – Kortunov deyib.

Onun sözlərinə görə, Moskva Cənubi Qafqazın nəqliyyat infrastrukturunda, o cümlədən dəmir yolu sistemində mövcudluğunu qorumaqda maraqlıdır. Politoloq Rusiyanın “Şimal-Cənub” nəqliyyat dəhlizinin təşəbbüskarlarından biri olduğunu da xatırladıb.

Kortunov bildirib ki, bu dəhlizin qərb marşrutu birbaşa Cənubi Qafqazdan keçir. Buna görə də məsələ Moskva üçün yalnız regiondakı mövcudluğunu qorumaqdan ibarət deyil. Söhbət Rusiyanı Cənubi Asiya ilə birləşdirən daha geniş tranzit maraqlarından gedir.

Rusiyalı ekspert Ermənistanın Avropa İttifaqına yaxınlaşmasına da toxunub. Onun sözlərinə görə, Moskvada Ermənistan cəmiyyətinin böyük hissəsinin ölkənin xarici siyasət prioritetlərinin dəyişdirilməsi məsələsində tərəddüd etdiyi qənaəti var.

Kortunov hesab edir ki, Ermənistanın Aİİ ilə Aİ arasında seçiminə dair mümkün referendum erməni cəmiyyətinin Avropa İttifaqına üzvlük məsələsində yekdil olmadığını göstərə bilər.

Politoloqun fikrincə, Ermənistan Aİ istiqamətində hərəkətini davam etdirərsə, iqtisadi dəyişikliklərdən ən çox kiçik sahibkarlar zərər görə bilər.

“Ermənistan, məsələn, güllər və ya mineral su üçün başqa alıcılar axtarmalı ola bilər. Bu isə ağrılı proses ola bilər”, – Kortunov bildirib.

Ekspert Cənubi Qafqazda Rusiyanın mövqeyi ilə bağlı da diqqətçəkən etiraf edib. Onun sözlərinə görə, uzun müddət xarici oyunçular üçün nisbətən qapalı qalan region indi daha açıq məkana çevrilir.

Kortunov bildirib ki, Rusiya uzun müddət Cənubi Qafqazda ən mühüm və şübhəsiz, ən nüfuzlu xarici oyunçu olub. Lakin indi bu mövqe mübahisələndirilə bilər və Moskvada regionun müxtəlif xarici təsirlərə açıldığını anlayırlar.

Bununla yanaşı, Rusiya regional problemlərin ilk növbədə region dövlətlərinin özləri tərəfindən həll edilməli olduğu mövqeyini qoruyur. Kortunov Moskvanın məhz buna görə “3+3” formatına üstünlük verdiyini bildirib. Bununla belə, o, formatın praktikada həyata keçirilməsinin çətin olduğunu və indiyədək əldə edilən nəticələrin “olduqca təvazökar” qaldığını etiraf edib.

Rusiyalı politoloq Ukraynadakı müharibənin Rusiyanın postsovet məkanındakı, o cümlədən Cənubi Qafqazdakı mövqelərinə mənfi təsir göstərdiyini də bildirib. Onun sözlərinə görə, Moskva üçün regionda əvvəlki təsir və iştirak səviyyəsini qorumaq getdikcə çətinləşir.

Kortunov hesab edir ki, Rusiyanın Cənubi Qafqazdakı gələcək imkanları əhəmiyyətli dərəcədə Rusiya-Ukrayna müharibəsinin necə başa çatacağından və bundan sonra yaranacaq vəziyyətdən asılı olacaq.

Check Also

Moskvadan İrəvana AĞRILI PROSES XƏBƏRDARLIĞI

Ermənistanın Avropa İttifaqına yaxınlaşması Rusiya ilə münasibətlərinin xarakterini kökündən dəyişə və İrəvan üçün iqtisadi nəticələr …