Aprelin 27-də Rusiyanın paytaxtı Moskvada Azərbaycan səfirliyi Heydər Əliyev Fondunun nümayəndəliyi ilə birlikdə görkəmli alim-oftalmoloq, Azərbaycan Elmlər Akademiyasının akademiki, professor Zərifə Əliyevanın 100 illik yubileyinə həsr olunmuş tədbir təşkil edib.
Boyukmillet.com xəbər verir ki, tədbirdə diplomatik korpusun, Rusiya ictimaiyyətinin və diasporun nümayəndələri, Rusiyanın Azərbaycanlı Gənclər Assosiasiyasının fəalları və Moskvada təhsil alan azərbaycanlı tələbələr iştirak ediblər.
Tədbirin başlanğıcında Azərbaycanın xalq artisti Mənsum İbrahimovun və “Qaya” qrupunun çıxışları olub.
Çıxış edən səfir Polad Bülbüloğlu tədbir iştirakçılarına Zərifə Əliyevanın zəngin və işıqlı ömür yolundan danışıb. Səfir onun bir alim kimi Azərbaycanda oftalmologiyanın inkişafına verdiyi töhfələrdən də söhbət açıb. Onu şəxsən tanımaq şansı olduğunu qeyd edən səfir Z.Əliyevanın parlaq insan olduğunu, musiqini, mədəniyyəti, incəsənəti çox sevdiyini, özü də pianoda ifa etdiyini, gözəl həkim olmaqla bir çox insanlara kömək etdiyini vurğulayıb.
Polad Bülbüloğlu bildirib ki, akademikin digər mühüm xüsusiyyəti onun Azərbaycan xalqının Ümummilli Lider Heydər Əliyevin həyat yoldaşı olmasıdır.