Şənbə , 4 May 2024
Drone Cameras

“Müzəffər Ali Baş Komandanın Füzuliyə və Cəbrayıla səfəri Vətən müharibəsində qazanılan böyük qələbənin möhürü oldu”

“Dünən cənab Prezident bütün dünya azərbaycanlılarına mesaj verdi”.
Bu sözləri Azərbaycan mediasına verdiyi açıqlamada Türkiyədə yaşayan azərbaycanlı jurnalist, Qərbi Azərbaycan İcması Ankara təmsilçiliyi mətbuat xidmətinin rəhbəri Oktay Hacımusalı deyib.

Oktay Hacımusalı qeyd edib ki, dünən cənab Prezident İlham Əliyevin bir Müzəffər Ali Baş Komandan kimi Füzuli və Cəbrayıl şəhərlərinə etdiyi səfər bütün dünya azərbaycanlılarının hədsiz sevincinə səbəb olub. Onun bildirdiyinə görə, həmin səfər zamanı cənab Ali Baş Komandan dediyi hər sözdə, hər cümlədə bütün dünyaya öz ölkəsinin və ordusunun gücünü nümayiş etdirdi. Prezident İlham Əliyev birmənalı şəkildə bildirdi ki, Azərbaycanın sərhədləri daxilində ikinci bir erməni dövləti yaranmayacaq və buna şəxsən Özü imkan verməyəcək: “Dağılmış, yerlə yeksan olmuş ərazilərdən keçəndə cənab Prezidentin üzündəki təəssüf hissini görməmək mümkün deyildi. Ancaq bu təəssüf hissini dərhal bir qətiyyət və əminlik hissi əvəz edirdi ki, tezliklə bütün Azərbaycan üzrə əhalinin sosial rifah halının yaxşılaşdırılması istiqamətində həyata keçirilən davamlı islahatlar işğaldan azad olunan ərazilərimizə də şamil olunacaq və bir neçə il sonra buraya gələnlər həmin əraziləri gördükləri zaman tanımayacaqlar. Bu ərazilər şanlı Azərbaycan Ordusunun rəşadətli əsgərlərinin qəhrəmanlıqları sayəsində işğaldan azad olundu, zəhmətkeş xalqımızın gərgin əməyi sayəsində isə əvvəlkindən də gözəgəlimli hala gələcək. Cənab Prezident bundan əmindir, çünki O bilir ki, bütün Azərbaycan hazırda Onun ətrafında sıx birləşib, kimin nə deməsindən, daxildəki “sapı özümüzdən olan baltaların”, həmçinin xarici düşmənlərimizin hansı iddiaları səsləndirməsindən asılı olmayaraq bütün dünya azərbaycanlıları bir amala fokuslanıb: digər ərazilərimizin mənfur düşmən tərəfindən boşaldılmasından sonra ölkəmizin inkişafı üçün səylə çalışmaq, qurub yaratmaq. Siyasi səhnədə cənab Prezidentin müəyyənləşdirmiş olduğu uğurlu strategiya nəticə etibarı ilə 10 noyabr tarixli şanlı qələbəmizlə nəticələndi. Prezidentimizin Füzuliyə və Cəbrayıla etdiyi səfər bu qələbənin möhürü oldu. Və dünən Cənab Prezident bütün dünya azərbaycanlılarına gələcək Azərbaycanın necə mətin addımlarla irəliyə gedəcəyi ilə bağlı mesajlar verdi”, – deyə O.Hacımusalı vurğulayıb.

Check Also

Milli Məclisin sədri Qafarova ŞKTC millət vəkili Öztürkü qəbul edib

Türk Dünyası Parlamentlərinin Xarici Əlaqələr Komissiyalarının Toplantısı üçün Azərbaycanda səfərdə olan Cümhuriyyət Məclisinin Hüquq, Siyasi …