“Rusiya Ukraynanı öz ərazisində “çirkli bomba” istifadə etməkdə günahlandırır. Bu yalandır”.
Boyukmillet.com NATO-nun rəsmi saytına istinadən xəbər verir ki, bunu Alyansın Baş katibi Yens Stoltenberq deyib.O, NATO-nun bu cür saxta ittihamları rədd etdiyini bildirib: “Rusiya tez-tez başqalarını günahlandırır. Biz Suriyadan tutmuş Ukraynayadək bu tendensiyanın şahidi oluruq. Rəsmi Moskva durumu daha da gərginləşdirməmək üçün belə bəhanələrdən əl çəkməlidir”.Y.Stoltenberq vurğulayıb ki, dünya prosesləri çox diqqətlə izləyir: “Rusiyanın Ukraynaya qarşı amansız müharibəsi həlledici məqama qədəm qoyur. Prezident Putin döyüş meydanındakı uğursuzluqlarına artan aqressiya, dinc əhaliyə və mülki enerji infrastrukturuna zərbələr, yaşayış məntəqələrinə pilotsuz təyyarələr və raket hücumları ilə cavab verib”.Baş katib xatırladıb ki, son bir neçə gündə İranın Ukraynaya qarşı müharibədə Rusiyaya hərbi dəstək verdiyi məlum olub. NATO rəhbəri belə bir vəziyyəti qəbuledilməz adlandırıb: “Heç bir ölkə bu cinayətkar müharibədə təcavüzkara kömək etməməlidir. Mən müttəfiqlərin və Avropa İttifaqının rəsmi Tehrana qarşı sərt sanksiyalar tətbiq etməsi faktını alqışlayıram”.Y.Stoltenberq NATO-nun Rusiyanın Ukraynaya qarşı müharibəsində tərəf olmadığını bir daha söyləyib: “Lakin müttəfiqlər Ukraynanın fundamental özünümüdafiə haqqını dəstəkləməyə davam edəcək”.