Türkiyə tək tərəfli Naxçıvan Muxtar Respublikasına müxtəlif imtiyazlar verəcək.
Qəbul olunan qərara görə, Naxçıvanda istehsal olunan bütün məhsulları sanki Türkiyədə alırıq kimi, alacağıq.
Boyukmillet.com xəbər verir ki, bu fikirləri Türkiyənin iqtisadiyyat naziri Nihat Zeybəkçi Türkiyə-Azərbaycan Biznes Forumundan sonra keçirilən mətbuat konfransında səsləndirib.
Naxçıvanla əlaqədar Türkiyənin Nazirlər Kabinetinin müvafiq qərar qəbul etdiyini bildirən nazir deyib ki, bununla iqtisadi əlaqələrimiz daha da dərinləşəcək.
Türkiyənin iqtisadiyyat naziri həmin qərarın əhəmiyyəti barədə geniş məlumat verib:
“Naxçıvanla xarici ticarət əlaqələrimiz heç vaxt istənilən səviyyədə olmayıb. 2016-cı ildə xarici ticarətin həcmi 27 milyon dollar olub. 2017-ci ilin 8 ayında isə bu rəqəm 20 milyon dollar səviyyəsindədir.Bu, son dərəcə aşağı göstəricidir. Naxçıvandan idxalımız hardasa sıfıra bərabərdir. Nazirlər Kabinetində qəbul olunan qərardan sonra Naxçıvandan 43 məhsulun alışını Türkiyə sərhədləri daxilində bir ticarət kimi gerçəkləşdirəcəyik. Bu qərarla Naxçıvandan ən azı 120 milyon dollar həcmində məhsul idxalını reallaşdıracağıq”.
Türkiyənin iqtisadiyyat naziri iki qardaş ölkə arasında ticarət əlaqələrinin son 15 ildə 8 dəfə artdığını bildirib. Nihat Zeybəkçi gələn həftə Azərbaycana səfər edəcəklərini, iki ölkə arasında yeni ticarət müqaviləsinın imzalanmasının müzakirə olunacağını vurğulayıb.
“Azərbaycanla olan ticarət əlaqələrimizi daha da genişləndirməliyik. Hörmətli prezidentlərimizin qarşımıza qoyduğu vəzifələr, hədəflər vardır. Ticarət həcmimizi 5 milyard dollara çatdıracağıq. Sonra bu rəqəmi 10 milyard dollara yüksəltmək qarşımıza qoyulan əsas vəzifələrdəndir”.- Türkiyənin iqtisadiyyat naziri belə deyib.