Bazar ertəsi , 8 İyul 2024
Drone Cameras

Naxçıvan gömrüyündə rəqəmsal həllər əsasında reallaşdırılan layihələrin təqdimatı keçirilib

Dövlət Gömrük Komitəsində aparılan struktur dəyişikliklərdən sonra Naxçıvan Baş Gömrük İdarəsinin Sədərək, Şahtaxtı, Culfa, Naxçıvan Karqo Terminalı gömrük postları formalaşdırılıb.

Boyukmillet.com xəbər verir ki, bu barədə Naxçıvan Baş Gömrük İdarəsinin rəisi Vüqar Əliyev iyulun 5-6-da Dövlət Gömrük Komitəsi yanında İctimai Şura üzvlərinin və media nümayəndələrinin Naxçıvan Baş Gömrük İdarəsinə səfəri çərçivəsində keçirilən təqdimat zamanı bildirib.

“Bu gün muxtar respublika gömrük xidmətində müasir tələblərə cavab verən standartlar tətbiq olunur. Culfa, Şahtaxtı və Sədərək gömrük postlarında quraşdırılan rentgen-nəzarət qurğuları muxtar respublikaya bütün istiqamətlərdən gələn mallara, nəqliyyat vasitələrinə və sərnişinlərə gömrük nəzarətini daha dolğun və sürətli şəkildə həyata keçirməyə imkan verir. Gömrük sərhəd buraxılış məntəqələrində minik nəqliyyat vasitələri də rentgen qurğusundan keçirilməklə yoxlanılır”, -V. Əliyev qeyd edib.

Bildirilib ki, Ulu Öndər Heydər Əliyevin Naxçıvanda Ali Məclisin sədri işlədiyi dövrdə muxtar respublikanın iqtisadi təhlükəsizlik sisteminin formalaşdırılması, gömrük və ticarət münasibətlərinin qurulması istiqamətində kompleks tədbirlər həyata keçirilib, 24 fevral 1992-ci ildə “Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin yaradılması barədə” fərman verilib. O illərdə İran ərazisindən keçməklə Azərbaycanın digər bölgələri ilə nəqliyyat əlaqəsinin qurulması və blokadada olan Naxçıvanın Türkiyə ilə gəliş-gedişinin təmin olunması məqsədilə Ümummilli Lider Heydər Əliyevin iştirakı ilə 28 may 1992-ci ildə “Ümid” körpüsü – Sədərək-Dilucu körpüsünün, 3 dеkabr 1992-ci ildə isə Şahtaxtı-Pоldəşt körpüsünün açılış mərasimləri оlub.

Onun sözlərinə görə, qonşu Türkiyə və İran İslam Respublikası ilə imzalanmış sazişlər, həyata keçirilən rəsmi səfərlər sayəsində xarici əlaqələrin əhatə dairəsi xeyli genişlənib: “Sədərək və Culfa gömrük-sərhəd buraxılış məntəqələri 24 saatlıq iş rejimində fəaliyyət göstərir, Şahtaxtı-Poldəşt gömrük-sərhəd buraxılış məntəqəsinin isə iş vaxtı 16 saata çatdırılıb. Dövlətimizin hərtərəfli diqqət və qayğısı ilə gömrük sistemində müasir infrastruktur və möhkəm maddi-texniki baza formalaşdırılıb”.

Sonra DGK Xidmət Keyfiyyətinə Nəzarət İdarəsinin rəisi Adil Muradov və Gömrük Tənzimlənməsi İdarəsinin rəisi Cəfər Quluzadə son dövrlərdə Azərbaycan gömrüyü tərəfindən rəqəmsal həllər əsasında reallaşdırılan layihələr barədə təqdimatlarla çıxış ediblər.

Tədbirdə Naxçıvan Baş Gömrük İdarəsinin fəaliyyəti ilə bağlı videoçarx nümayiş etdirilib.

Səfər çərçivəsində Naxçıvan Baş Gömrük İdarəsinin “Rəsmiləşdirmə Mərkəzi”nin işi ilə tanışlıq keçirilib. Daha sonra Naxçıvan Karqo Terminalı gömrük postunda və Sədərək gömrük-sərhəd buraxılış məntəqəsində tətbiq edilən yeniliklərlə əyani şəkildə tanışlıq olacaq.

Check Also

ABŞ limanına müstəqil Azərbaycan bayrağı altında ilk gəmi yan alıb

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) donanmasına yeni əlavə edilən “Handysize” tipli “Xocalı” gəmisinin ilk …