Boyukmillet.com xəbər verir ki, İyunun 25-də Azərbaycan Respublikası Silahlı Qüvvələri Günü münasibətilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin yanında Təhlükəsizlik Şurasının iclası keçirilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov çıxış edərək demişdir: Müstəqillik dövründə ölkəmizdə həyata keçirilən tədbirlər nəticəsində Azərbaycan dünya birliyində öz layiqli yerini tutmuşdur. Görülən işlər sırasında ordu quruculuğu mühüm əhəmiyyət daşıyır. Ümummilli liderimiz Heydər Əliyev 1991-ci il sentyabrın 7-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri kimi qəbul etdiyi ilk qərar Naxçıvanda Dövlət Milli Müdafiə Komitəsinin yaradılması oldu. Həmin dövrdə qəbul olunan bu qərar Naxçıvanın müdafiəsi ilə yanaşı, həm də ölkəmizin ordu quruculuğu tarixində mühüm mərhələdir. 1992-ci il sentyabrın 15-də Dövlət Milli Müdafiə Komitəsinin bazasında 705 saylı əlahiddə gücləndirilmiş motoatıcı briqada, 1995-ci il mayın 21-də isə motoatıcı briqadanın nəzdində motoatıcı diviziya yaradıldı. O dövrdə ulu öndərin həyata keçirdiyi ordu quruculuğu tədbirlərinin tərkib hissəsi kimi Naxçıvanda diviziyanın yaradılması böyük qətiyyət tələb edirdi.