Naxçıvan Şəhər İcra Hakimiyyətində Xocalı soyqırımı ilə bağlı tədbir keçirilib, soyqrımı qurbanlarının xatirəsi anılıb.
Boyukmillet.com xəbər verir ki, Naxçıvan Şəhər İcra Hakimiyyətinin əməkdaşları, ictimayyət nümayəndələri və Vətən Müharibəsi qazilərinin iştirak etdiyi tədbirdə şəhidlərimizin və Xocalı soyqırımı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükütla yad edilib.
Naxçıvan Şəhər İcra hakimiyyətinin başçısı Mirsənani Seyidov bildirib ki, erməni qəsbkarların Azərbaycanın dövlət müstəqilliyini, ərazi bütövlüyünü hədəfə almış məqsədyönlü siyasətinin növbəti qanlı səhifəsi olan Xocalı soyqırımı bəşər tarixində misli görünməmiş dəhşətləri ilə yadda qalan soyqırımlarla eyni sırada dayanır.
Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatının sədri Elman Cəfərli, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatları Aidə Allahverdiyeva və Asim Əliyev çıxışlarında bildiriblər ki, rəşadətli Azərbaycan Ordusu ermənilərin bu əməllərini cavabsız qoymayıb.
Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə 27 sentyabr 2020-ci ildə başlayan zəfər yürüşü 44 gün sonra qalibiyyətlə başa çatıb. Hərbi əməliyyatlar nəticəsində Azərbaycan Ordusu mənfur düşməni darmadağın edərək bütün dünyaya öz qüdrətini, gücünü nümayiş etdirib, 30 ilə yaxın işğal altında qalan torpaqlarımız azad olunub, Xocalı faciəsinin qisası alınıb.