Mən hələ bir neçə il əvvəl də bu mövzuya toxunmuşdum. Onda da demişdim, indi də deyirəm: Bu gün ölkə hüdudlarında öz sürətli tərəqqisi, özünəməxsus fərqli inkişafı ilə seçilən Naxçıvanda jurnalistika qürur duyulası bir peşədir. Çünki bunu uzun illərdir ki, Naxçıvanda uğurla davam etdirilən Heydər Əliyev siyasi kursunun sadiq davamçılarından olan Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov hər dəfə jurnalistlərlə görüşündə qeyd edib. “Mən sizinlə qürur duyuram”- qurucu bir rəhbər tərəfindən bu ifadənin səslənməsinin arxasında isə jurnalistlərin çox böyük zəhməti, dövlətçiliyə və milli dəyərlərə bağlılığı, peşəkar, klassik jurnalistika ənənələrinə düzgün, ustalıqla riayət etməsi, jurnalistikanın təməl prinsiplərinə sadiqliyi və onlara olan inam dayanır. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri jurnalistləri dövrün salnaməçisi kimi dəyərləndirir. Milli mətbuatın 145 illik yubileyi münasibətilə iyulun 22-də Naxçıvanda fəaliyyət göstərən media mənsubları ilə görüşdə Ali Məclisin Sədri tərəfindən bu fikirlər bir daha vurğulandı. Qeyd olundu ki, bu gün artıq Naxçıvan bir zaman məkrli siyasət və təcavüz nəticəsində Ermənistan tərəfindən zorla salınan blokadanı informasiya baxımından çoxdan yarıb. Muxtar respublikada yetişdirilən peşəkar jurnalistika mühiti düşmənlə aparılan informasiya savaşında cəbhəni bu istiqamətdə uğurla yarıb. Ona görə də, peşəkar Naxçıvan jurnalistləri bu gün muxtar respublikada baş verən hər şeyi olduğu kimi yazmalı, deməli və göstərməlidir. Bu artıq 1990-cı ildə əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan yeni çağın dövlət-mətbuat münasibətlərinin uğurlu nəticəsi kimi zamanın tələbidir. İstər tərəqqi, inkişaf, istərsə də hər hansı bir sahədə baş verən problemlər bu gün olduğu kimi yazılıb, gələcək üçün saxlanmalıdır. Çünki, sürətlə inkişaf edən muxtar respublikanın gəncliyi qazanılan uğurların hansı templə və prinsiplərlə davam etdirildiyini, hansı problemlərin olduğunu və onların muxtar respublikada rəhbər tərəfindən qətiyyətlə necə həll edildiyini gələcəkdə müqayisəli şəkildə öyrənməlidir. Belə olmadıqda bu gün dünyaya nümunə çəkilən Naxçıvanın inkişaf modelinin düsturunu gələcək nəsillər düzgün qavraya bilməz.
Yəqin ki, çoxları- sağlam oxucu kütləsi, peşəkar jurnalistlər, vətənpərvər ziyalılar Naxçıvanda jurnalistikanın inkişafının və özünəməxsusluğunun fərqindədir. Etiraf edək ki, bəzən digər sahələrdə gedən inkişaf kimi jurnalistikanı da qısqanclıqla qarşılayan, ona qarşı hücuma keçməyə cəhd edən bəsit düşüncəlilər tapılır. Ona görə də bu gün Naxçıvan jurnalistikası təkcə muxtar respublikanın inkişafını tərənnüm etmir, həmçinin ona qarşı niyəsə (?) aqressiv fikirlərlə köklənən istər xarici ölkələrdən gələn, istərsə də ölkə daxilində fəaliyyət göstərən qaragüruhçuların yaydığı dezinformasiyaya qarşı tutarlı faktlarla da çıxış edir. Çünki bu gün Naxçıvanda fəaliyyət göstərən istənilən peşəkar jurnalist hər hansı rəsmi qurumun nəinki mətbuat xidməti, hətta nazir, komitə sədri, xidmət rəisi ilə birbaşa telefon əlaqəsi yaradaraq faktları birinci mənbədən əldə edə bilir. Bu indiki zamanda qurulan dövlət-mətbuat münasibətlərinin ən yaxşı nümunəsi deyilmi? O da faktdır ki, hər iki tərəfin verəcəyi suallara eşidəcəyi düzgün cavablar var. Hər iki tərəf öz işini yaxşı bilir və qarşıya qoyulan məqsədin hədəfi də bəllidir. Yəni jurnalist verdiyi sualın arxasında “ikibaşlı” niyyət güdmür. Məqsəd muxtar respublikanın gələcəyi, insanları naminədir. Bütün bunların isə arxasında bir məqam dayanır-medianın hədəflərini düzgün təyin etmək və istiqamətləndirmək. Hər dəfə jurnalistlərlə görüşən Ali Məclis Sədri təkcə onların gördüyü işləri, yazıları, verilişləri təhlil etmir, həm də onlar üçün düzgün, proqram şəklində fəaliyyət istiqamətləri də göstərir, tövsiyələrini verir. Bundan başqa muxtar respublikanın sosial-iqtisadi inkişafı ilə bağlı tədbirlərdə iştirak edən zaman çıxışlarında, tövsiyyə və tapşırıqlarında səsləndirdiyi fikirlər də muxtar respublikanın gələcək inkişafı ilə bağlı yazan jurnalisitlər üçün ən yaxşı tezislərdir. Məhz buna görə də, Naxçıvanda jurnalisitika sistemli şəkildə və fundamental faktlara əsaslanaraq inkişaf edir. Etiraf edək ki, bu günün reallığının-Azərbaycana qarşı Ermənistanın təcavüzünün və dünyada imperialist qüvvələrin ölkəmizə, onun sürətli inkişafına qarşı yönələn məkrli planlarının mövcud olduğu bir zamanda jurnalistlər də əsl vətəndaş mövqeyi sərgiləməli və vətənpərvərlik hisslərini digərlərindən daha üstün tutmalıdırlar.
22 iyul milli mətbuatın 145 illik yubileyi ilə bağlı Ölkə başçısının sərəncamı ilə mükafatlandırılan jurnalistlər arasında Naxçıvandakı kütləvi informasiya vasitələrində çalışan həmkarlarımız da var. İstər Prezident, istərsə də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən qələm sahiblərinə göstərilən diqqət həm də azad sözə verilən önəmdir. Bu qayğının ən bariz numunəsini dünən biz Ali Məclisi Sədrinin Naxçıvan televiziyasının iki gənc əməkdaşına-Aysun Məmmədli və Razim İsmayıllıya təqdim etdiyi evdə gördük. Bu Naxçıvanda mətbuatın inkişafına, jurnalistlərin sosial qayğısının həllinə yönəlmiş addım, həm də gənc ailələrə, gəncliyə verilən qiymətdir. Bundan öncə də dəfələrlə həyata keçirilən, artıq bir ənənə halını almış jurnalistlərə ev verilməsi, onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması vətəndaş jurnalistikasının inkişafına hesablanmış addımdır.
Bu gün 400-dən artıq əsgərlə informasiya müharibəsi aparan Naxçıvanın media ordusu bu mübarizədə həm Zərdabi prinsiplərinə sadiq qalmağın nümunəsini yaradır, həm də sözün əzəli və əbədi meyarlarını bayraq etməklə irəliyə uğurla addımlayır. 145 ildir yol gələn “qələminlə xidmət et” nəsihətinə əməl edir, doğru, qərəzsiz, obyektiv, vicdanlı mövqe tutmaqla həm ölkəmizə, həm də muxtar diyara qarşı yönəlmiş qərəzli fikirlərə layiqli cavab verir.
Səməd Canbaxşiyev
Naxçıvan televiziyası, “Xəbərlər” redaksiyasının baş redaktoru