Naxçıvanın dövlət ümumi təhsil müəssisələrində təhsilalanların geyim formalarının yeni təsvirləri təsdiq edilib.
Boyukmillet.com xəbər verir ki, bu təsvirlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin ölkədəki dövlət məktəblərində şagirdlər üçün təsdiq etdiyi geyim formalarının təsvirləri ilə fərqlidir.
Belə ki, təhsilalanlar üçün hazırlanan geyim formalarının etiketində istifadə edilən parçanın tərkibi barədə və “məktəbli forması” sözləri yazılacaq.
Liseylərin geyim formasının üzərində (ön tərəfinin sol yuxarı hissəsində və ya sol qol hissəsinin yuxarı kənar tərəfində) məktəbin emblemi əks olunacaq.
Təhsilalanların geyim forması aşağıdakı qış və yay formalarından ibarətdir:
– qızlar üçün yay forması-önü düyməli uzunqol köynək, ətək və qalstuk;
– oğlanlar üçün yay forması – önü düyməli uzunqol köynək, şalvar və qalstuk;
– qızlar üçün qış forması – önü düyməli uzunqol köynək, ətək,önü bağlanılan jilet, önü bağlanılan cibli pencək və qalstuk;
– oğlanlar üçün qış forması – önü düyməli uzunqol köynək, şalvar və önü bağlanılan cibli jilet, önü bağlanılan cibli pencək və qalstuk.
Təhsilalanların geyim formalarının təsviri:
– oğlanlar üçün şalvar – rəngli (boz, tünd-göy) yun və poliester qarışıqlı iplikdən toxunulmuş parçadan düzünə və manjetsiz tikilir. Şalvara kəmər tətbiq edilir. Kəmər üçün ön hissədə iki, yanda iki və arxada iki ədəd körpücük tikilir. Şalvarın kəsmə yan cibləri və arxadan sağ tərəfdən adi kiçik düymə ilə düymələnən kəsmə cibi vardır. Şalvar ön hissədən kəmərdə qarmaq, adi kiçik düymə və zəncirbəndlə bağlanılır;
– qızlar üçün ətək – rəngli (boz, qırmızı ekose) yun və poliester qarışıqlı iplikdən toxunulmuş parçadan üstü köbəli çoxsaylı şaquli qırçınlıvə ya trapesiyaşəkilli tikilir. Ətəyin uzunluğu diz xəttindən aşağı olmalıdır. Çoxsaylı şaquli qırçınlı ətəyin arxa və ön hissələri bel səviyyəsində köklənmişdir. Ətəkdə yan hissədə bağlanma yeri adi kiçik düymə və ya zəncirbəndlə bağlanılır. Trapesiyaşəkilli ətəyin arxa və ön hissələri bel səviyyəsində köklənmişdir. Ətəyin arxa hissədə bağlanma yeri adi kiçik düymə və ya zəncirbəndlə bağlanılır.
– uzunqol köynək – ağ, pambıq və poliesterterekaton parçadan tikilir. Köynəyin forması klassik tiplidir. Köynəyin ön düymə plankası, manjetlər və ətək hissəsi birqat tikişlə tikilir;
– qızlar üçün önü bağlanılan jilet – rəngli (tünd-göy, qırmızı ekose)yun və poliester tərkibli parçadan tikilir. Jilet ikibortludur, bort düymə ilə açılıb-bağlanılır, arxası bütövdür. Jiletin iç hissəsinə poliester tərkibli parçadan astar tikilir;
– oğlanlar üçün jilet – önü bağlanılan cibli və önü bütöv cibsiz formada tikilir. Önü bağlanılan cibli jilet tünd-göy rəngli yun və poliester tərkibli parçadan tikilir. Jilet birbortludur, bort düymə ilə açılıb-bağlanılır, arxası bütövdür. Jiletin sağ və sol hissəsində kəsmə yan cibləri vardır. Önü bütöv cibsiz jilet tünd-göy rəngli iplik toxunma yun jiletdir. Jiletin yaxalığı üçbucaq şəkillidir;
– qızlar üçün önü bağlanılan cibli pencək – tünd-göy rəngli yun və poliester tərkibli parçadan tikilir. Pencək birbortludur, bort düymə ilə açılıb-bağlanır. Pencəyin qapaqlı cibləri, yaxalığı və ətəyin birqat toxunuşludur. Pencəyin iç hissəsinə poliester tərkibli parçadan astar tikilir;
– oğlanlar üçün önü bağlanılan cibli pencək-tünd-göy rəngli yun və poliester tərkibli parçadan klassik və manjetli formada tikilir. Klassik pencək birbortludur, bort düymə ilə açılıb-bağlanır. Pencəyin qapaqlı cibləri, yaxalığı və ətəyi birqat toxunuşludur. Manjetli pencək birbortludur, bort düymə ilə açılıb-bağlanır. Pencəyin sağ və sol üst hissədə düyməli cibləri vardır. Pencəyin manjetli qolları və ətəyi birqat toxunuşludur;
– qızlar üçün qalstuk-açıq-yaşıl rəngli poliester tərkibli milobba parçadan tikilir. Qalstuk ön hissədən parçadan tikilmiş halqa ilə bağlanır;
– oğlanlar üçün qalstuk-tünd-göy rəngli poliester tərkibli milobba parçadan tikilir. Qalstuk arxa hissədən rezin və çalkeçirlə bağlanır.
Geyim forması dəsti məktəbin Pedaqoji Şurasının qərarı ilə ən geci martın1-dək müəyyən olunur və ən azı 3 tədris ili ərzində dəyişilməz olaraq tətbiq edilir.
Xatırladaq ki, bu ilin mart ayında Nazirlər Kabineti Azərbaycanda “Dövlət ümumi təhsil müəssisəsi təhsilalanlarının geyim formalarının təsvirləri” təsdiq edib.