BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində noyabrın 19-da “Qida, Kənd Təsərrüfatı və Su Günü”ndə də iqlim dəyişikliyi və iqlimə uyğun kənd təsərrüfatı mövzusuna xüsusi toxunulacaq.
Boyukmillet.com xəbər verir, bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov “Bakı İqlim Fəaliyyəti Həftəsi”nin 2-ci günündə deyib.
O bildirib ki, fermerlər üçün Bakı Harmoniya İqlim Təşəbbüsü məhz kənd təsərrüfatı sahəsində iqlim dəyişikliyinə uyğunlaşmanı dəstəkləmək məqsədilə yaradılıb: “Bu təşəbbüs kənd təsərrüfatı, qida və su ilə bağlı mövcud təşəbbüsləri, koalisiyaları və şəbəkələri bir araya gətirərək bir növ aqreqator rolunu oynayacaq. Məqsədimiz bu sahədə təcrübə mübadiləsini təmin etmək, sinerjiləri və boşluqları müəyyən etmək, iqlim maliyyələşdirmə imkanlarını asanlaşdırmaq və yerli icmalarla, xüsusilə kənd yerlərində qadınları gücləndirməklə əməkdaşlığı təşviq etməkdir”.
Nazir qeyd edib ki, fermerlər üçün Bakı Harmoniya İqlim Təşəbbüsü çərçivəsində kənd təsərrüfatının davamlı inkişafı, həm yerli, həm də qlobal səviyyədə iqlim dəyişikliyinə qarşı mübarizədə mühüm bir rol oynayacaq: “Bu təşəbbüsün əsas məqsədlərindən biri də kənd icmalarını gücləndirmək və onları iqlim dəyişikliyinə qarşı daha davamlı etməkdir.
Bu məqsədə çatmaq üçün beynəlxalq təşkilatlarla, çoxtərəfli inkişaf bankları ilə sıx əməkdaşlıq etmək və yerli fermerlərə iqlimə uyğun texnologiyalar və biliklər təqdim etmək böyük əhəmiyyət daşıyır. Bu mənada ölkəmiz üçün xüsusi önəm kəsb edən Fermerlər üçün Bakı Harmoniya İqlim Təşəbbüsü Azərbaycanda iqlim dostu kənd təsərrüfatı texnologiyalarının tətbiqinə böyük töhfə verəcək”.