Təhsil naziri Emin Əmrullayev məcburi köçkün məktəblərində çalışan və azad edilən rayonların sakini olmayan müəllimlərin gələcək taleyinə aydınlıq gətirib.
Boyukmillet.com xəbər verir ki, nazir ASAN Radionun “QəbuldASAN” verilişində hazırda məsələ ilə bağlı təhlillər aparıldığını deyib.
Onun sözlərinə görə, artıq azad olunan ərazilərdə məktəb tikintilərinə başlanılıb: “İlin sonunadək Şuşa və Ağdamda təhsil müəssisələri istifadəyə veriləcək. Müəllimlərin tədris üçün həmin məktəblərə getməsi öz-özlüyündə çətin prosesdir. Həmin ərazilərdəki məktəblər orada yaşayacaq insanlar üçün yaxşı iş imkanı deməkdir. Bir faktı da qeyd edim ki, hazırda kənddə ən çox əmək haqqı alan şəxs də məhz müəllimdir. Hazırkı məcburi köçkün məktəblərində çalışan, ancaq məcburi köçkün olmayan müəllimlərin məsələsinə gəlincə, onlar könüllü şəkildə qayıdıb işləyə bilərlər. Bu imkan tanınacaq. Əgər müəllim gedə bilmirsə, yerdəyişmə prosesi var. Həmin müəllimlərin hansısa formada sistemdə qalması üçün imkanlar yaradılacaq. Çünki onlarla müqavilələrimiz var”.