Elm və Təhsil Nazirliyi məktəb direktorlarına şagirdlərdən məktəbli forması tələb etməmələrinə dair müvafiq tapşırıq verib.
Bu barədə “Report”un sorğusuna cavab olaraq nazirlikdən bildirilib.
Qeyd olunub ki, 2022-2023-cü tədris ilində yeni məktəbli formalarının tətbiqi ilə bağlı hər hansı məcburiyyət yoxdur: “Şagirdlər ötənilki formaları ilə məktəbə gələ bilərlər. Bununla bağlı, məktəb direktorlarına şagirdlərdən məktəbli forması tələb etməmələrinə dair müvafiq tapşırıq verilib. Valideynlər məktəbli formaları ilə bağlı hər hansı sual və ya problem olduğu halda Elm və Təhsil Nazirliyinin 146-6, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin isə 146-1 “Çağrı Mərkəzi” ilə əlaqə yarada bilərlər”.
Qeyd edək ki, Bakı Tikiş Evinin (BTE) Satış şöbəsinin rəisi Etibar Əzimov “Report”a açıqlamasında BTE-nin qarşısında yeni formalarla bağlı yaranan izdihama görə məktəb direktorlarını ittiham edib. O bildirib ki, izdihama səbəb məktəb direktorlarının valideynləri yeni forma almağa məcbur etməsidir: “Göndərirlər ki, mütləq alınmalıdır. Niyə? Elm və təhsil naziri də yeni məktəbli formalarının alınmasının könüllü olduğunu deyib. Məcburiyyət yoxdur. Amma məktəb direktorları valideynləri məcbur edirlər. Niyə direktorlar barədə ölçü götürülmür?”.