Bazar , 19 May 2024
Drone Cameras

Nuri Paşa və Qafqaz İslam Ordusunun şəhidləri anılıb

Türkiyə səfirliyinin Din Xidmətləri Müşavirliyinin təşkilatçılığı ilə Bakı şəhəri Şəhidlər Məscidində Qafqaz İslam Ordusunun komandanı, Bakının xilaskarı Nuri Paşanın əbədiyyətə qovuşmasının 75-ci ildönümü, Qafqaz İslam Ordusu şəhidləri və bütün şəhidlərimizin ruhlarına ithafən Qurani-Kərim tilavəti və oxunan xətmlərin duası proqramı təşkil edilib. 

525.az-a Türkiyə səfirliyindən verilən məlumata görə, tədbirdə giriş sözünü səfirliyin Din Xidmətləri müşaviri İhsan Açık söyləyib.

O, tədbirin 1918-ci ildə Bakının işğaldan azad edilməsində müstəsna rol oynayan Qafqaz İslam Ordusunun komandiri, Bakının xilaskarı ləqəbini almış Nuri Paşanın 2 mart 1949-cu ildə əbədiyyətə qovuşmasının 75-ci ildönümü münasibətilə təşkil edildiyini bildirib. Quran ziyafətinin şəhidlərə vəfa olduğunu və onları unutmadığımızın nümunəsi olduğunu deyib: “Şəhidlər bu vətəni bizə əmanət etdilər, bizim də vəzifəmiz onları unutmamaq və daima dualarla, zikirlərlə onları anmaqdır”.

Eyni zamanda Bakı şəhəri Şəhidlər məscidində hər ay mütəmadi olaraq şəhidlərimiz üçün anma proqramlarının təşkil edildiyini söyləyib.

Daha sonra Azərbaycan İlahiyyat İnstitutu İslamşünaslıq kafedrasının müdiri dosent Əhməd Niyazov, Sadiq Ramizoğlu və Səxavət Əlixanov tərəfindən Qurani-Kərimdən ayələr tilavət edilib.

Anım proqramında iştirak edən Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri dosent Cahit Bağçı tədbir iştirakçılarını salamlayıb, təşkilatçılara öz təşəkkürünü bildirib. Nuri Paşa və onun əsgərlərinə, ümumilikdə vətənimizin azadlığı uğrunda canlarını fəda edən bütün şəhidlərə Allahdan rəhmət diləyib. O, öz çıxışında Nuri Paşanın qəhrəmanlıqlarla dolu həyatına diqqət çəkib, iki dövlət arasındakı tarixi qardaşlıq nümunələrindən bəhs edib.

Tədbirin sonunda məşhur qarilər tərəfindən sala və ilahilər oxunub, daha sonra Şəhidlər Məscidinin İmamı Şayiq Əliyev tərəfindən bütün şəhidlərimizin ruhuna dualar edilib.

Daha sonra şəhidlərimiz adına ehsan süfrəsi açılıb.

Pərvanə

Check Also

Ekspert: Qazaxıstan platforması Bakı ilə İrəvan arasında danışıqlar üçün əsas ola bilər

Qazaxıstan platforması Azərbaycan və Ermənistan arasında danışıqlar üçün əsas məkan ola bilər. Qazaxıstan platformasını qiymətləndirərkən …