“Kahramanmaraşda dağıntılar altından çıxartdığımız şəxs ağlayıb, bizi qucaqladı”.
Boyukmillet.com xəbər verir ki, bunu “Report”un Türkiyəyə ezam olunan əməkdaşına açıqlamasında Azərbaycan Fövqəladə Hallar Nazirliyinin (FHN) Xüsusi Riskli Xilasetmə Xidmətinin giziri Kənan Rüstəmov deyib.
O, Türkiyənin Kahramanmaraş şəhərində uzun müddət yaddaşından silinməyəcək hadisə ilə üzləşdiyini bildirib. Azərbaycanın xilasedicisi dağıntılar altından sağ qalmış şəxsi necə xilas etdiklərindən danışıb:
“Kahramanmaraşa gəldiyimiz ilk gün idi. Qrupumuzla dağıntılar olan ərazinin dərinliyində işləyirdik. Birdən insan səsi gəldi, bizi çağırırdı. Oradan çıxmaq istəyirdi, sanki çırpınırdı. Mən dərinlik tərəfə səsləndim ki, “narahat olma, sənin qardaşların gəlib, səni çıxaracağıq”. Həmin şəxs orta yaşlı kişi idi. Mən ona təsəlli verəndən sonra çox rahatlandı. Çətinliklə də olsa onu dağıntılar altından çıxara bildik. O, çox sevinirdi, göz yaşlarını saxlaya bilməyib ağlayırdı, bizi qucaqladı. Həmin vaxt bu hadisə mənə çox təsir etdi. Uzun müddət də yaddaşlarımdan silinməyəcək”.
K.Rüstəmovun sözlərinə görə, axtarış-xilasetmə əməliyyatları zamanı ölümlə üzləşiblər. O deyib ki, dağıntılar altında çalışan zaman zəlzələ baş verib:
“Yenə dağıntılar altında axtarış-xilasetmə əməliyyatlarını davam etdirirdik. Səkkiz mərtəbədən ibarət bina dağıntılar altında qalmışdı. Ora tam təmizlənməmişdi, panellər üst-üstə idi. Təxminən 3 metr yeri qazıb dərinliyə getmişdik. Orada canlı insanın olduğu barədə məlumat verilmişdi. Qrupumuzla birlikdə həmin dərinlikdə işləyirdik. Birdən səs eşitdik. Gördük ki, zəlzələ baş verir, hər yer silkələnir. Orada olan digər şəxslər yuxarı qaçdı. Bizim isə dağıntılar altından qaçmağa imkanımız olmadı. Həm qrupumuz, həm də rəhbərimiz olan polkovnik-leytenant Məhəmməd Xəlilli orada qaldıq, bir-birimizə dayaq olduq. Dağıntılar altında bizi Allah qorudu. Həmin vaxt panellər üstümüzə də çökə bilərdi. Çox şükür ki, dağıntılar altından sağ-salamat çıxa bildik”.
Qeyd edək ki, Türkiyədə baş verən dağıdıcı zəlzələ ilə bağlı qardaş ölkəyə gələn Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin (FHN) 760 nəfərlik heyəti zəlzələnin fəsadlarının aradan qaldırılması istiqamətində fəaliyyətini davam etdirir.
Azərbaycanın xilasediciləri indiyədək Kahramanmaraş və Hatay bölgələrində həyata keçirdikləri axtarış-xilasetmə əməliyyatları nəticəsində dağıntılar altından ümumilikdə 53 nəfəri sağ, 780 nəfərin isə meyitini çıxararaq aidiyyəti üzrə təhvil veriblər.