Ötən il Vəkillər Kollegiyasının Rəyasət Heyətinə vəkillərlə bağlı 1116 şikayət daxil olub.
Boyukmillet.com xəbər verir ki, bu barədə Vəkillər Kollegiyasının 2024-cü il üzrə fəaliyyəti barədə hesabatında qeyd olunub.
Bildirilib ki, bu şikayətlərdən 185 (17 %) iş üzrə intizam icraatı başlanılıb, 931 (83 %) iş üzrə isə intizam icraatı başlanılmayıb:
“İntizam icraatı başlanılan işlər üzrə 47 (25%) şikayət və müraciət dövlət orqanlarından, 11 (6 %) qeyri-dövlət təşkilatlarından və 127 (69 %) isə fiziki və hüquqi şəxslərdən daxil olub”.
Məlumata görə, intizam icraatları üzrə Vəkillər Kollegiyasının Rəyasət Heyəti tərəfindən 202 qərar qəbul edilib.
“Belə ki, 41 (20 %) intizam tənbehi tətbiq edilmədən xəbərdarlıq, 11 (6 %) irad, 34 (17 %) töhmət, 55 (27 %) pozuntu müəyyən olunmadığına, şikayət geri götürüldüyünə görə və s. əsaslarla intizam icraatına xitam vermə, 32 (16 %) qiymət verilməsinin mümkün olmaması, 12 (6 %) vəkillik fəaliyyətinin müəyyən müddətə dayandırılması, 17 (8 %) iş üzrə üzvlükdən xaric olunma ilə əlaqədar məhkəməyə müraciət edilmə ilə bağlı qərar çıxarılıb”.
Ötən il Vəkillərin İntizam Komissiyasının 16 iclası keçirilib, Komissiya tərəfindən 189 intizam icraatına baxılaraq rəy qəbul edilib.