Şənbə , 11 May 2024
Drone Cameras

Paşinyan Azərbaycana hansı vədləri verib? – “Bu, Qarabağ klanının…”

Son günlər erməni politoloqlar və hərbi ekspertlər çıxışlarında mütəmadi olaraq Baş nazir Nikol Paşinyanın Azərbaycana hansısa vədlər verməsindən söz açır. Onlar hesab edirlər ki, Paşinyan sözdə Zəngəzur dəhlizi məsələsinin olmadığını desə də, əslində dəhlizin açılması, o cümlədən anklavların qaaytarılması ilə bağlı öhdəlik götürüb. Guya Azərbaycanın mövcud proseslərə səssiz qalması da elə bundan qaynaqlanır.

Boyukmillet.com xəbər verir ki, məsələni yenisabah.az-a şərh edən Qlobal və Regional Təhlükəsizlik Problemləri Mərkəzinin rəhbəri, politoloq Qabil Hüseynli Ermənistanın Azərbaycana heç bir vəd vermədiyini vurğulayıb:

“Bunların hamısı Qarabağ klanının ortaya atdığı iddialardır. Paşinyan vəd vermir, sadəcə olaraq Moskvada olan razılaşmanın müddəalarını qismən yerinə yetirməyə çalışır. Moskva təzyiq edir, o da bu cür addımlar atır.

Mən Qazaxın yeddi kəndinə anklav deyilməsi ilə də razı deyiləm, onlar Qazaxın bir hissəsidir. Çar Rusiyası dövründə də, Sovet İttifaqı dövründə də bu belə olub. Altı kənddən əhalini silah gücünə çıxarıblar. Kərki anklav deyil, Sədərəyin bir hissəsidir. Onlar sərhədləri Azərbaycanın içərilərinə doğru 7-10 kilometr çəkiblər”.

Politoloq diqqətə çatdırıb ki, Azərbaycan sərhədlərin delimitasiya və demarkasiyasını həyata keçirməyi tələb edəndə ermənilər müxtəlif bəhanələr gətirir:

“İşğal edilmiş ərazilərin böyük bir hissəsini geriyə qaytarmaq istəmirlər. Həmin ərazilər bütün erməni sərhədi boyunca var. Ona görə də ermənilərin söylədiyi hazırda ancaq ideoloji müharibədir. Daxildə Paşinyana, xaricdə Azərbaycana qarşı bunu edirlər, xislətləri belədir.

Lakin gec-tez razılaşmaya əməl etməsələr, biz prosesi silah yolu ilə həyata keçirəcəyik. Buna isə kapitulyasiya demirlər, işğal edilən ərazinin geriyə qaytarılması deyirlər. Onlar kapitulyasiyanı bir dəfə etdilər və böyük itkilərdən canlarını qurtardılar. Rus qanlarının arasına girdi, onları qanadları altına aldı. Amma indi söhbət sərhədlərin müəyyənləşdirilməsindən gedir və məsələ həllini tapmalıdır. Burada həyasızlıq göstərən tərəf Ermənistandır. Biz bunu sübut üçün yüzlərlə fakt göstəririk. Qaragöl və onun ətrafındakı bölgələr həmişə Azərbaycan ərazisi olub. Amma indi hər iki tərəfi ilə bağlı iddia qaldırırlar. Qaragölün hər iki tərəfi Laçının tərkibində olub. Tutaq ki, kompromis kimi gölün bir hissəsindən istifadəyə icazə verilsin. Amma o hələ gündəmdə deyil. Onlar heç bir məsələdə kompromisə getməsə, Azərbaycan da bu məsələdə getməyəcək. Məsələni kimlərəsə güvənərək həddən artıq mürəkkəbləşdiriblər. Sıravi vətəndaş üçün bu məsələlərin bəziləri qaranlıq qalır. Ermənilər isə Ermənistanın maraqları üçün eyni sözü deyir. Buna görə də onlarla dil tapmaq çox çətindir”. 

Check Also

Anar Məmmədli haqqında həbs qərarı verildi

Hüquq müdafiəçisi ittihamı absurd adlandırıb Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDTM) rəhbəri, insan hüquqları …