Ermənistanın baş naziri Nikol Paşinyan komandasında “kadr təmizləməsi” həyata keçirmək qərarına gəlib.
Boyukmillet.com xəbər verir ki, bu barədə “Joxovurd” qəzeti məlumat yayıb.
Bildirilib ki, N.Paşinyan hakim partiya – “Mülki müqavilə”nin üzvü olmayan, onun ideyalarını bölüşməyən və “bitərəf qalmağa cürət edən” bütün məmurları, hətta yüksək rütbəli şəxsləri də mümkün qədər tez işdən çıxarmağı tapşırıb. Bura səhiyyə, idman, təhsil, o cümlədən orta məktəblər və uşaq bağçaları da daxildir.
İrəvan meriyası bu günlərdə 11 uşaq bağçasının direktorunun işdən çıxarıldığı barədə məlumat yayıb. Mənbələr deyir ki, əsas səbəb onların hakim partiyanın üzvü olmamaları olub.
“Beləliklə, deyə bilərik ki, Ermənistanı “demokratiyanın qalası” elan edən “məxməri inqilabçı”lar heç bir tənqidə, müxalifətin bəyanatına, fikir ayrılığına dözmürlər”, – nəşr qeyd edib.
Digər nəşr – “Hraparak” isə yazır ki, Paşinyanın təhlükəsizlik xidmətinin üzvləri bu gün hakim partiyanın iclasının keçiriləcəyi Gümrüyə xeyli sayda hüquq-mühafizə orqanlarının əməkdaşlarını yığıblar.
Nəşr qeyd edir ki, informasiya sızmasının qarşısını almaq üçün Paşinyan məhdud tərkibdə görüş keçirmək qərarına gəlib. İclasda kollegiya, hökumət üzvləri, parlamentin spikeri, onun müavinləri, komissiya sədrləri, ərazi təşkilatlarının və icmaların rəhbərləri iştirak edəcəklər.