Cümə , 22 Noyabr 2024
Drone Cameras

Paşinyanın Köçəryana qarşı “səlib yürüşü” – ŞƏRH

Ermənistanın baş naziri Nikol Paşinyanla keçmiş prezident Robert Köçəryan arasındakı ziddiyyətlər yeni mərhələyə qədəm qoyub. 2018-ci ildən tərəflər arasında gedən qarşıdurma deyəsən Paşinyanın qələbəsi ilə başa çatacaq. Baş nazir siyasi opponentini və rəqibini bu dəfə uzunmüddətli həbsə göndərmək niyyətindədir. Ermənistanın ikinci prezidenti və onun ailə üzvləri qanunsuz mənşəli əmlakın müsadirəsi ilə bağlı işin materialları ilə tanış olmaq və mövqelərini bildirmək üçün avqustun 1-də Baş Prokurorluğa dəvət olunsalar da, qarşı tərəfdə sakitçilikdir. Bu yaxınlarda Ermənistanın hüquq-mühafizə orqanları Köçəryanlara məxsus əmlakı və maliyyəni araşdırdıqlarını və bir sıra qanun pozuntuları aşkar etdiklərini bildirdilər. Köçəryanlara məxsus bir sıra əmlak müsadirə ediləcək. Bununla da Paşinyan Köçəryanın maliyyə dayaqlarını də sarsıtmaq niyyətindədir.

Paşinyan 2018-ci ildə “məxməri inqlab”la hakimiyyətə yiyələndikdən sonra “Qarabağ klanı”na qarşı mübarizəyə başlayır. “Qarabağ klanı”nın hakimiyyətdə qalan son üzvü Serj Sarqsyanı devirdikdən sonra Paşinyanın növbəti hədəfi Robert Köçəryan idi. Əslən Qarabağdan olan Robert Köçəryanın kilsə, Rusiya və ermənilər arasında böyük nüfuzu vardı. İlk olaraq 2018-ci ilin iyul ayında Robertə qarşı rüşvət və konstitusiya quruluşunun pozulması maddələri ilə cinayət işi açılır və Köçəryan həbsə atılır.

Köçəryan iki prezidentlik müddəti – 1998-2008-ci illərdə Ermənistana rəhbərlik edib. Müstəntiqlərin fikrincə, o, ittiham olunduğu cinayətləri məhz bu dövrdə törədib: xüsusilə külli miqdarda rüşvət alıb və respublikanın konstitusiya quruluşuna qəsd edib, müxalifətin 2008-ci il martın 1-də keçirilən mitinqinin dağıdılması barədə göstəriş verib. Amma bir ay sonra Köçəryan azadlığa buraxılır. Bunun iki səbəbi var idi. Birincisi, hakimiyyətə yenicə yiyələnmiş Paşinyan məhkəmə sistemini tam ələ ala bilməmişdi. İkincisi, kilsənin gizli dəstəyi ilə Apellyasiya məhkəməsi Köçəryanı himayə edirdi. Eyni zamanda prezidentlərin toxunulmazlığı maddəsi də əsas gətirilərək Köçəryan azadlığına qovuşur. Vəkillər Konstitusiya Məhkəməsinə müraciət edərək onun girov qarşılığında sərbəst qalmasına nail olublar.

Həqiqətən də erməni kilsəsi Köçəryana dəstək durur, onu təqiblərdən, həbsdən qorumağa çalışırdı. Sirr deyil ki, elə 2018-2019-cu illərdə kilsə Köçəryanı ölkədən çıxarmağa çalışırdı və bununla da Nikolun qəzəbinə tuş gəlmişdi. Paşinyanın sifarişi ilə kilsəyə qarşı da hücumlar, cinayət işləri, kilsə səlahiyyətinin azaldılması kampaniyasına start verildi.

“Köçəryana 2008-ci il martın 1-də İrəvanda bir neçə insanın həlak olduğu iğtişaşların yatırılması ilə bağlı açılan cinayət işi üzrə həbsi bir sıra mətləblərdən xəbər verir. O zaman etirazların liderlərindən biri hazırkı baş nazir olub. İndiki Ermənistan hakimiyyəti üçün Köçəryanın həmin iğtişaşları yatırtmaqda ittiham olunması, demək olar ki, şəxsi məsələdir. Çünki 1 mart hadisələrindən sonra Paşinyan həbs edilib və bir neçə il dəmir barmaqlıqlar arxasında qalıb. Sonradan Paşinyanı bağışlayıblar və deputat mandatı veriblər.

Paşinyan da dərk edir ki, qısa müddət ərzində Köçəryanı həbsə göndərmək arzuolunmaz nəticələrə gətirib çıxarar. Çünki qısa müddət ərzində hakimiyyətin bütün eşalonlarına nüfuz etmək çətin məsələdir. 10 il hakimiyyətdə olan Köçəryanın isə kifayət qədər dayaqları var və bundan istifadə edərək Ermənistanda müəyyən iğtişaşlara start verə bilər. Bu səbəbdən Nikol Köçəryanın qısa müddətə həbsdən azad edilməsinə göz yumdu.

Amma eks-prezident də təqib olunduğu üçün siyasi bəyanatlar verir, hakimiyyətin kursunu tənqid edir, yenidən hakimiyyət sevdasında olduğunu gizlətmirdi. 2020-ci il 44 günlük müharibədə Ermənistanın acınacaqlı məğlubiyyəti Köçəryan üçün Nikolu tənqid etməyə əla fürsət oldu. Paşinyan isə Köçəryanın yenidən siyasi arenaya qayıtmasının onun üçün ciddi problem olacağını dərk edirdi. “Məxməri inqilab”a qədər Robert siyasi proseslərdən uzaq durmuşdu və şəxsi biznesi ilə məşğul idi. Çünki hakimiyyətdə “Qarabağ klanı”nın başqa nümayəndəsi Serj Sarqsyan vardı. Paşinyanın hakimiyyətə gəlməsi və Roberti həbsə göndərmək istəyi ikincini yenidən siyasi səhnəyə qayıtmağa vadar etdi. Bu arzu və istək 2021-ci ildə Ermənistanda keçirilən növbədənkənar parlament seçkilərində daha da qabardı. Seçkilərdə iddialı olan Robert Köçəryan Rusiyaya, kilsəyə və erməni diasporuna arxalansa da, Paşinyan seçicilərin 53.92% səsini toplayaraq yenidən kabineti formalaşdırmağa başladı. Köçəryan isə cəmi 21 faiz etimad toplaya bilmişdi.

Köçəryan seçki kampaniyası dövründə müxtəlif vədlər verir, hazırki vəziyyətdə revanşın ağılsızlıq olduğunu bəyan etsə də, Ermənistanda gözəl başa düşürdülər ki, Köçəryan Bakı üçün arzuedilməz şəxsdir və Azərbaycan üçün müharibə cinayəti törətmiş, həbsi vacib olan şəxslərdən biridir. Bu səbəbdən Köçəryanın seçilməsi Bakının qəzəbinə səbəb ola və yeni müharibə Ermənistanın qapısını döyə bilərdi. Ötən müharibə isə erməni ordusunun acizliyini sübut etdiyi üçün sadə ermənilər Köçəryana yox, Paşinyana səs verməyi üstün tutdular. Köçəryanla münasibətləri yaxşı olan Kreml də seçkinin nəticələrindən məmnun qaldı. Çünki Köçəryanın yenidən hakimiyyətə qayıtması münasibətlərdə turbulentlik effekti yarada bilərdi.

2021-ci il seçkilərində məğlub olan Köçəryan siyasi karyerasını deputat kimi başa vurmaq niyyətində deyil. Son dövrlər Ermənistanı bürüyən etirazlar və qeyri-adekvat siyasi açıqlamalar fonunda Köçəryan yenidən aktivləşmək qərarına gəlib. Eks-prezident Paşinyanın siyasi kursunu yenidən kəskin şəkildə tənqid edir, Ermənistan-Azərbaycan danışıqlarının səhv istiqamətdə getdiyini bildirir. Köçəryan iki il əvvəlki səhvindən nəticə çıxarmadan yenidən revanş müharibə barədə sərsəm açıqlamalar verir, qalib gələcəyinə xalqı inandırmağa çalışır. 2020-ci il müharibəsindəki problemləri hələ də həll edə bilməyən və istintaq şousu ilə xalqın başını qatmağa çalışan Paşinyan sonuncu dəfə keçmiş müdafiə naziri David Tonoyanı da zərərsizləşdirərək “sındıra” bildi. İndi yenidən meydana çıxmağa cəhd edən “Qarabağ klanı”nın üzvü Köçəryan Paşinyan üçün təhlükəli rəqib sayılır. Elə bu səbəbdən də artıq düyməyə basılıb və təkcə Köçəryan yox, ailəsinə də məxsus əmlakın həbsinə qərar verilib: “əsasən İrəvanın Kentron rayonunda yerləşən binalarda 20 daşınmaz əmlak, 2 nəqliyyat vasitəsi, 18 erməni və xarici hüquqi şəxsdə iştirak, 1,5 milyon dollardan artıq depozitlər və qiymətli kağızlar, fiziki və hüquqi şəxslərə verilən təqribən 10 milyard dram (26 milyon dollara yaxın) məbləğində kreditlər; 22 milyard dram (demək olar ki, 57 milyon ABŞ dolları) qeyri-qanuni mənşəli vəsaitlərin, vicdanlı üçüncü şəxslərə ötürülən vəsaitlərin və xərclənmiş digər naməlum vəsaitlər”.

Bu əmlak həbsi isə Köçəryanın maliyyə baxımından məhvi deməkdir. Paşinyan bir oxla iki quş vurmaq niyyətindədir. Həm Köçəryanın maliyyə dayaqlarını sarsıtmaq, həm də onu uzunmüddətli həbsə göndərmək. Əgər Paşinyan buna da nail olsa, növbəti siyasi rəqibini neytrallaşdıracaq, Qarabağ klanı üzərində qələbəsini bayram edəcək…

Kamil Məmmədov

Check Also

Türkiyə Silahlı Qüvvələri son bir həftədə 198 terrorçunu öldürüb

Türkiyə Silahlı Qüvvələri son bir həftədə 198 terrorçunu öldürüb. Boyukmillet.com xəbər verir ki, məlumatı Türkiyənin …