Cümə , 19 Aprel 2024
Drone Cameras

Paşinyanın sual-cavabı – təslimçilik aktı

Ermənistan hakimiyyəti və ermənilər başqasının torpağında gözü olduqlarına, özgə torpağını işğal etdiklərinı görə axır ki, cəzalanırlar. Çünki Azərbaycan Ordusu işğal altında olan müqəddəs torpaqlarını azad etməklə bu etnik qrupun iç üzünü, mahiyyətini, tərbiyə və əxlaqını dünyaya bir daha açıb göstərir. Məlum olur ki, dünyada baş verənlər, dəyişikliklər onlara zərrə qədər müsbət təsir etməyib. Azından 150 ildir necə düşünürdülər elə də qalıblar. Bir etnosa, türk millətinə qarşı nifrət onları sevgi kimi gözəllikdən məhrum edib.

Əslində, bu etnik qrup uğursuzluğunun səbəbini həmişə başqasında axtarıb. Ermənistanın indiki hakimiyyəti düşdüyü məğlub vəziyyətdən çıxmaq üçün yol axtarır. Ancaq daxili kin, hikkə və nifrət onlara reallığı dərk etməyə imkan vermir. İşğalçı ölkənin baş naziri Nikol Paşinyan feysbuk səhifəsində “Qarabağda indiki müharibənin hədəfləri və qələbə qazanmağın yolları” barədə mülahizələrini bölüşüb. O, hadisələrlə bağlı yaranan 6 suala özü də cavab verib. Nikol özünün hazırladığı sual-cavab paylaşımında “Bu müharibə niyə aparılır? Qarabağın statusuna görə” yazaraq müharibəni Ermənistanın başladığını etiraf edib.

Belə məlum olur ki, Ermənistan danışıqlara Dağlıq Qarabağdakı erməni icmasını cəlb edə bilmədiyi üçün çıxış yolunu müharibədə görüb. Arzusunu reallaşdırmaq üçün atəşkəsi pozub. Azərbaycanın başladığı əks-hücum nəticəsində bu suala cavab alıb. Prezident İlham Əliyevin çıxışında səsləndirdiyi kimi Qarabağdan qovulurlar. O, atdığı yanlış addıma haqq qazandırmaq üçün “müharibədən qaça bilərikmi” sualına cavabında bildirib ki, əgər “Qarabağın qeyri-müəyyən statusu ilə razılaşıb, əraziləri təhvil versə idik” müharibədən yayına bilərdik. Bu cavabdan da məlum olur ki, Ermənistan işğalçılıq siyasətini Azərbaycana müharibə yolu ilə qəbul etdirmək istəyib. Ancaq havadarlarının yardımı ilə işğal etdiyi torpaqlarda Azərbaycan əsgəri tərəfindən məğlubiyyətə uğrayır. Paşinyan daha sonra soruşub: “Qarabağın statusunu danışıqlar yolu ilə əldə edə bilərdikmi? Yox, bu istiqamətdə son imkanlar 2011-ci ildə Kazanda var idi”. Bu cavabı ilə Nikol Ermənistanın danışıqlara qəsdən mane olduğunu etiraf edib. Kazan danışıqları rəsmi Yerevanın inadlı və işğalçı mövqeyinə görə nəticəsiz başa çatdı. Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarından çıxmadan Qarabağdakı erməni icmasına status istəməklə beynəlxlaq hüququ pozub. Ermənistan elə davranırdı ki, sanki Azərbaycan müharibədə məğlub olub və bunun qarşılığında ermənilərə torpaq verməli, şərtlərini qəbul etməli idi. Şərtlər, təmas xətti artıq geridə qaldı. Bununla belə, Azərbaycanın şərtləri ilk gündən dəyişməz olub – işğal etdiyi torpaqlardan Ermənistan çıxsın, bundan sonra digər məsələləri müzakirə edək. Bu, hər iki tərəfin müharibədən yayınması üçün ideal variant olub. Belə ehtimal etmək olar ki, Ermənistan və havadarları Qarabağda işğal faktından istifadə edərək Azərbaycana qəbuledilməz şərtlərə əməl etməyə çalışıblar. Heç şübhəsiz, əks-hücum onların bütün planlarını alt-üst etdi.

Deməli, Gəncə və Mingəçevirdə dinc sakinlərin yaşadıqları binalara gecə saatlarında ballistik raketlə hücum edilməsi nəticəsində 14 nəfərin, o cümlədən körpələrin, yaşlı və qadınların öldürülməsinə indiyədək həmin havadarlar bu hadisəyə münasibət bildirməyib. İstənilən terror aktı qəbuledilməzdir. Fransada bir müəllimin terror olunmasına qarşı Parisdə və başqa şəhərlərdə nümayişlər keçirilir. Ancaq Yelisey sarayının Gəncədə erməni terroru nəticəsində körpə Mədinənin və daha 13 nəfərin ölümü ilə bağlı bir cümləlik açıqlaması olmadı. Gəncədə törədilən terroru lənətləməyənlər onun həyata keçməsinə xeyir-dua verənlərdir. Elə Ermənistan və ermənilər də döyüş meydanında onların sayəsində müqavimət göstərir. Ermənilər döyüşdə həmin havadarlarının iddiasına görə qırılır, bir-birini məhv edirlər.

Nikol Paşinyan “Müharibəni dayandıra bilərikmi? Nəzəri cəhətdən hə” deyə cavab verərək bunun üçün qeyri-müəyyən statusdan başqa bir neçə pis variant da var. Bu, artıq Ermənistan hakimiyyətinin əlacsızlığının zirvəsidir. Nikol Paşinyan bununla Ermənistan cəmiyyətini məğlubiyyətə ciddi şəkildə hazırlayır. O, bununla da işğal etdikləri torpaqlardan çıxmaqdan başqa yollarının olmadığını vurğulayır. Növbəti sual-cavabında Paşinyan məğlub olduqlarını, bundan sonra müharibədə qələbə qazanmalarının isə ehtimal olduğunu gizlədə bilmir: “Qarabağın statusunu müharibə ilə həll edə bilkərmi? Əlbəttə, əgər biz müharibədə uğur əldə etsək”. Deməli, bundan sonra Ermənistanın müharibədə uğur əldə edəcəyi ehtimalı belə yoxdur. Ermənistan bu savaşı uduzub. Qarabağın erməni icmasının statusu isə Azərbaycandan asılıdır. Çünki əhalisinə silah qaldırmayan, atəş açmayan ermənilər Azərbaycan vətəndaşlarıdır. Azərbaycan isə vətəndaşlarından imtina etmir.

Nəhayət, Nikolun “Biz müharibədə uğur qazana bilərik” sualının cavabı da qeyri-müəyyən və ehtimala əsaslanır. O bildirib ki, əgər potensiallarını cəmləşdirə bilsələr, bunun öhdəsindən gələ bilərlər. Bu da onu göstərir ki, Ermənistanda potensial tükənib. Ölkənin döyüşmək üçün maddi-mənəvi imkanı yox dərəcəsindədir. Uzun illərdir xarici və daxili sərmayə qoyulmayan bir ölkənin istisadiyyatı yox səviyyəsindədir. Hərbi texnikaları aşağı səviyyədədir. Cəmiyyət deqradasiyaya uğrayıb.

Beləliklə, Ermənistan əhalisi onlar üçün əhəmiyyətsiz və mənasız müharibədə döyüşmək istəmir. Hətta Qarabağda erməni icmasının gəncləri bölgəni tərk edib. 55 yaşlı kişilərin Qarabağı tərk edib Ermənistana getməsi qadağan olunub. Ermənistan yaşlıları döyüşə aparmaqla bir daha humanistlikdən kənar olduğunu nümayiş etdirir. Muzdlular və terrorçularla döyüşü udmağın mümkünsüzlüyü inkar edilmir. Çünki heç bir terrorçu və muzdlu Qarabağda oranın əsl sahibi olan azərbaycanlılar kimi vuruşa bilməz. Paşinyan oğlunu da Qarabağda xidmət etməyə göndərmişdi. Ancaq Aşot Paşinyanın müharibəyə gedib-getmədiyi hələ də bilinmir. Nikolun həyat yoldaşı Anna Akopyan isə daha Qarabağa gəlib uzandığı yerdə şəkil çəkdirmir. Çünki Annanın çəkdirdiyi foto, Aşotun Qarabağda qulluq etməsi Ermənistan cəmiyyətini ruhlandırmır. Bu, Ermənistanda döyüş ovqatının göstəricisidir. Ona görə də Ermənistanı və erməni etnik qrupunu məğlubiyyətə, işğal etdikləri torpaqlardan çıxmağa və nəhayət, kapituliyasiyaya hazırlamaq lazımdır. Nikol paylaşımı ilə bunu edib. Paşinyanın “6 suala 6 cavab” paylaşımı təslimçilik aktıdır

Check Also

“Taxta Hipostil Məscidlər” – Anadolunun memarlıq möcüzələri

Tarix boyu qədim sivilizasiyalara ev sahibliyi edən Anadolu torpaqları günümüzdə ziyarətçilər üçün unikal təcrübələr təqdim …