Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Poladdan sonra həyat yoldaşı səhnədə: İran kəşfiyyatının məkrli planı

Xarici ölkəyə casusluq fəaliyyəti sübuta yetirilmiş və bu əməlinə görə cinayət məsuliyyətinə cəlb edilmiş Polad Aslanovun həyat yoldaşı Gülmirə Aslanova yenidən fəallaşıb. Baş Prokurorluğun binası qarşısına təkbaşına aksiya keçirən Gülmirə Aslanova ərinin jurnalist olduğunu iddia edir və şantaj edir ki, şikayətinə müsbət cavab verilməsə özünü yandıracaq. İlk baxışdan G.Aslanovanın məqsədinin həyat yoldaşının azad edilməsi olduğu görünür. Hərçənd ki, burada başqa məqsədin olduğu bəllidir. 

Polad Aslanov “Xeberman” və “Press-az” informasiya saytlarını təsis edərək, İranın lehinə təbliğat aparırdı. Lakin onun məsuliyyətə cəlb edilməsi bu işi ilə bağlı olmayıb. Bəllidir ki, heç bir ölkədə təhlükəsizlik orqanları “təsir agentləri” kateqoriyasına daxil olan belələrini apardıqları təbliğata görə həbs etmir. Həbs üçün ciddi faktlar lazımdır, xüsusilə dövlətə xəyanət ittihamı olduqca ağır ittihamdır, bu baxımdan, tutarlı dəlillər olmadan bununla bağlı addım atılmayıb. P.Aslanovun həbs edilməsinin səbəbi də onun təbliğatı yox, İranın xüsusi xidmət orqanları ilə birbaşa əlaqəsinin olması, casusluğu qarşılığında maddi vəsaitin əldə edilməsidir. Aparılmış istisntaq və məhkəmə prosesində bu sübuta yetirilib.

P.Aslanovun həyat yoldaşı G.Aslanova da bilir ki, nə qədər etiraz etsə də, casusluq ittihamı ilə həbs edilən və dövlətə xəyanatı sübuta yetirilən heç kimi azad etmək mümkün deyil. Əgər belə etirazlara görə həbsdən azad edilmə olsaydı, o zaman, nə dövlət qalardı, nə də onun təhlükəsizliyi. Bunu yaxşı anlayan G.Aslanovanın “özünü yandırmaqla” şantaj etməsinin məqsədi var.

Birincisi, o, bununla Avropadakı “fəalların” diqqətini çəkməyə çalışır. Bundan öncə onun aksiyalarına radikal müxalifət, o cümlədən, Avropa paytaxtlarında “mühacir” adı ilə toplanan və hər fürsətdə Azərbaycana ləkə yaxmağa çalışanlar dəstək verirdi. Görünür, G.Aslanova diqqətləri yenidən öz üzərinə cəlb etmək və Polad Aslanovu “jurnalist” kimi qəbul etdirməyə çalışır.

İkincisi, G.Aslanovanın fəallaşmasının arxasında həyat yoldaşının birbaşa casusluq etdiyi, elə özünün də bu və ya digər formada bağlı olduğu İranın bəlli dairələri dayanır. 

Azərbaycanla İran arasında ötən il baş verənlər, İranın dini-klerikal dairələrinin ölkəmizə qarşı ittihamları hazırda arxa plana keçsə də, bu ölkədəki bəlli dairələrin planlarından vaz keçmədiyi məlumdur. Onların məqsədi Azərbaycanda inanclı kəsimin dini hislərindən istifadə etmək, onlardan dövlətə qarşı təzyiq vasitəsi kimi istifadə etməkdir. İranın müharibədə və müharibədən sonra Ermənistana, eləcə də Qarabağdakı separatçı-terrorçulara dəstəyinin ifşa edilməsi bu ölkənin dini-klerikal dairələrinin Azərbaycanın inanclı kəsimi üzərindəki təsirini ciddi şəkildə zədələdi. Bu baxımdan, Azərbaycanda təsir imkanlarının azaldığını deyə bilərik. Məhz bu situasiyanı dəyişdirmək, planlarını fərqli metodlarla yenidən tətbiq etməyə cəhd göstərmək üçün Polad Aslanov və G.Aslanovadan istifadə edildiyi istisna deyil.

Təsəvvür edək ki, G.Aslanova özünə hansısa fiziki zədə yetirdi. Bu, həm radikal müxalifət, həm Avropadakı “söyüş müxalifəti”, həm də İrandakı məlum dairələr üçün göydəndüşmə fürsətdir və onlar bundan Azərbaycana qarşı istifadə etməyə çalışacaqlar. İrandakı dairələr eyni zamanda, “inanclı xanım” kimi dini hisslər üzərindən oynayacaq və Azərbaycanın dini kəsiminə qarşı bundan istifadə edəcək. Təcrübə də bunun belə ola biləcəyini deməyə əsas verir.

G.Aslanovanın dövlətə xəyanətə görə həbs edilən  həyat yoldaşı Polad Aslanovun azad edilməyəcəyini bilə-bilə nümayişkərana şəkildə etiraz etməsi və “özünü yandırmaqla” hədələməsi təsadüfi məsələ deyil. Burada bir neçə qrupun maraqları və oyunları aydın görünür, xüsusilə İranda dini-klerikal dairələr hazır vəziyyətdə gözləyirlər. Dövləti çətin vəziyyətə sala biləcək belə halların qarşısı sərt şəkildə alınmalıdır.

Check Also

Banqladeş Prezidenti COP29-da iştirak üçün Bakıya gələcək

Banqladeş Prezidenti Məhəmməd Şahabuddin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına gələcək. …