Cümə , 22 Noyabr 2024
Drone Cameras

Postmüharibə dövrünün ANTİSAZİŞ qüvvələri, İlham Əliyevin saziş determinizmi… Aydın QULİYEV yazır…

Vətən müharibəsinin bütün səhnələrində təcavüzə məruz qalmış ölkə olaraq Azərbaycanın bütün davranış və bəyanatlarının mütləq həqiqət olmasının sübuta ehtiyacı yoxdur. Həqiqətən də məgər biz kimlərəsə sübut etməliyik ki, Azərbaycan əks-hücum müharibəsini sonadək aparmaqda haqlı idi? Və ya kimisə inandırmalıyıq ki, ən müasir silah və texnikalardan istifadə etmək bizim  haqqımız idi?

Çoxlu sayda mətləblərdən söz açmaq olar ki, müharibə günlərində Azərbaycanın ona haqqı çatdığını kimsə inkar etməyə cürət edə bilməzdi. Fəqət müharibədən həftələr, aylar ötdükcə bəzi məqamlarda Azərbaycanın haqq mövqelərini daha da gücləndirmək üçün əlavə izahatlara ehtiyac yaranır. Bu cəhətdən Prezident İlham Əliyevin müsahibə və çıxışlarda formul etdiyi ideya və tezislər təsirli və əhəmiyyətli rol oynayır.

Prezidentin “CNN Türk” kanalına ən yeni müsahibəsi bu xarakterli faktlarla kifayət qədər doludur. Əslində onların hər birinin üzərində ayrıca dayanmaqda fayda olduğu üçün bu yazıda növbə ilə onlardan biri üzərində təhlil aparacağam.

Prezident Əliyev açıq mətnlə dedi ki, Ermənistana etdiyimiz sülh sazişi təklifi masa üzərində əbədi qala bilməz, Ermənistan sülhə hazırdırsa bunu deməlidir, əks halda biz də işimizi buna uyğun olaraq qurmalıyıq. Əslində tam aydın ifadə edilmiş mətləb üzərində geniş təhlil aparmamaq da olardı. Qaranlıq nə var ki?!

Azərbaycan saziş təklifi verib, ermənilərdən cavab gözləyirik, onlar sussalar Azərbaycanın həmin şəraitə uyğun hər cür addımlar atmağa və siyasət aparmağa əsasları yaranacaq. Ancaq məsələ heç də bu qədər sadə deyil. İlham Əliyevin həmin sözləri təkcə Ermənistana bir mesaj və ya çağırış anlamı daşımır. Axı Ermənistan tək deyil və bütün təxribatçı oyunlarında onun açıq və gizli müttəfiqləri var. İlham Əliyevin bəyanatı həm də bu ölkələrə ciddi siqnaldır ki, Ermənistanın saziş təklifindən uzaq gəzməsində onlar da məsuliyyət daşıyırlar. Digər tərəfdən, İlham Əliyev Azərbaycanın hazırkı gücü ilə alternativ siyasət variantlarına malik olduğunu da nümayiş etdirir. Prezident postmüharibə dövrünün ANTİSAZİŞ qüvvələrinə, Ermənistan və onun müttəfiqlərinə deyir ki, saziş məsələsində Ermənistanın nazı ilə oynamaq kimi əbədi bir seçimimiz yoxdur, hazırkı “saziş siyasətimizin” ciddi alternativləri də var və bunların hər hansı  birini seçməli olsaq, onun bütün mümkün məsuliyyətləri ANTİSAZİŞ qüvvələrinin boynuna  düşəcək. Əslində Prezident Əliyev burada postmüharibə dövrünün hücum siyasəti taktikasının daha bir səhifəsini nümayiş etdirir. Bu səhifənin mahiyyəti odur ki, Azərbaycan postmüharibə sülh sazişini imzalamaq iradəsində olsa da, əsasən Ermənistandan ibarət ANTİSAZİŞ qüvvələri regionda müharibə risqini daim artıran bir siyasətin girovundadır. ANTİSAZİŞ qüvvələrinin tək bircə alternativi var – Azərbaycanın sülh sazişi təklifinə əməli olaraq qoşulmaq. Azərbaycanın isə hazırkı sülh sazişi təklifindən başqa da alternativ siyasət variantları var, təkrar müharibə variantı da daxil olmaqla… Azərbaycan sülh sazişi məsələsində regionun determinist ölkəsinə çevrilib. Ermənistan da müəyyən mənada determinist ölkədir. Ancaq onunku müharibə, gərginlik və ANTİSAZİŞ determinizmidir.

İlham Əliyev Ermənistanın ANTİSAZİŞ  pozuculuğunun davam edəcəyi təqdirdə regionda sülh sazişi siyasətinin alternativləri üzərində çox ciddi işləyir.

Aydın QULİYEV

Check Also

Banqladeş Prezidenti COP29-da iştirak üçün Bakıya gələcək

Banqladeş Prezidenti Məhəmməd Şahabuddin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına gələcək. …