Zəfər forumunun növbəti ünvanı oktyabrın 31-də İsmayıllı rayonu olub. İsmayıllı, Şamaxı, Ağdaş, Ağsu, Göyçay, Qobustan, Ucar, Qəbələ, Şəki, Qax, Zaqatala, Balakən və Oğuz rayonlarının iştirakı ilə keçirilən Zəfər Forumu İsmayıllı rayon Mədəniyyət Mərkəzində təşkil edilib.
Boyukmillet.com xəbər verir ki, forumda Prezident Administrasiyasının məsul əməkdaşları, Müdafiə Nazirliyi və yerli icra hakimiyyəti orqanlarının rəsmiləri, şəhid ailələrinin üzvləri, müharibə iştirakçıları, Azərbaycan Ordusunun hərbi qulluqçuları, qeyri-hökumət təşkilatlarının, eləcə də ictimaiyyətin nümayəndələri fəal iştirak ediblər. Qonaqlar tədbirdən öncə ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüb, Ana abidəsini və şəhidlərin əbədi məşəl kompleksini ziyarət ediblər.
Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü, müharibə və Silahlı Qüvvələr veteranı, Zəfər paradının ssenari müəllifi və aparıcısı polkovnik Abdulla Qurbaninin moderatorluq etdiyi tədbirdə görkəmli dövlət xadimi Heydər Əliyevin və şəhidlik zirvəsinə ucalan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib, hərbi orkestrin müşayiəti ilə Dövlət Himni ifa olunub.
İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov forum iştirakçılarını salamlayıb. Bildirib ki, Vətən müharibəsində Prezident İlham Əliyevin “Biz birlikdə güclüyük” çağırışına qoşulan İsmayıllı sakinləri həm ön, həm də arxa cəbhədə öz vətəndaşlıq borclarını yerinə yetirərək, sona kimi Ali Baş Komandanın yanında oldular. Xalqımızın şanlı Qələbəsi ilə yekunlaşan müharibə dövründə İsmayıllı sakinləri orduya dəstək aksiyaları keçirərək yardım karvanı yolladılar. Məhz bu həmrəyliyin, milli birliyin nəticəsində Azərbaycan xalqı “dəmir yumruq” kimi birləşdi və düşmən üzərində Qələbə qazandı.
Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş sektorunun müdiri Vüsal Quliyev 44 gün davam edən Vətən müharibəsində qazanılan Qələbənin tarixi əhəmiyyətindən danışıb. Qeyd edib ki, bu 44 günün hər günü bizim şanlı tariximizdir. Hər birimiz bundan sonra da Müzəffər Ali Baş Komandanın ətrafında sıx birləşməklə bütün gələcək uğurlarımızın şahidi olacağıq. Bu danılmaz həqiqətdir ki, Prezident seçildiyi ilk gündən İlham Əliyev Azərbaycanın işğalla barışmayacağını dəfələrlə bəyan etdi və vədinə sadiq qalaraq xalqımızı qalib xalqa çevirdi, bütün dünyaya Azərbaycan ordusunun gücünü göstərdi.
Forumda iştirak edən şəhid ailələrinin üzvləri, müharibə iştirakçıları və müvafiq qurumların nümayəndələri çıxış edərək Müzəffər Ali Baş Komandanın Azərbaycan naminə əmrlərinə hər an hazır olduqlarını bəyan ediblər.
Forum iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət edilib, xalqımıza Zəfər sevincini yaşatdığına görə dərin ehtiram ifadə olunub.
Tədbir iştirakçıları Əməkdar artist, polkovnik-leytenant Cahangir Qurbanovun rəhbərlik etdiyi Həzi Aslanov adına Ordu İdeoloji İş və Mədəniyyət Mərkəzinin yaradıcı kollektivinin iştirakı ilə hərbi marş və vətənpərvərlik mahnılarını alqışlarla qarşılayıblar.
Nümayəndə heyətlərinə Müdafiə Nazirliyinin adından A.Qurbaninin “Böyük gələcəyə baxış” və “Vətən müharibəsi şəhidləri” adlı kitabları hədiyyə edilib.
Qeyd edək ki, növbəti forumlar Sabirabad və Bakıda keçiriləcək.