Cümə , 22 Noyabr 2024
Drone Cameras

Prezident mükafatçısı: “Azərbaycanda gənclər dövlətin diqqət və qayğısı ilə əhatə olunublar”

“Fəaliyyətimin qiymətləndirilməsi digər gənclərə də göstərici olmalıdır ki, həqiqətən də Azərbaycanda öz üzərində işləyən və daim inkişaf etməyə çalışan gənclər dövlətin diqqət və qayğısı ilə əhatə olunurlar”.

Bunu “Report”a açıqlamasında “ASAN Könüllüləri” Təşkilatının sədri, 2022-ci il Gənclər üçün Prezident mükafatı ilə təltif olunan Emiliya Bayramova deyib.

O, mükafata layiq görüldüyünə görə fəxr etdiyini bildirib: “Bir gənc olaraq dövlət başçımızın ali mükafatına layiq görüldüyümü öyrənəndə çox qürurlandım və fəxr hissi duydum. Bu gün ölkəmizdə biz gənclər üçün bir çox imkanlar yaradılıb. Bu imkanlardan səmərəli, düzgün yararlanmağı tövsiyə edərdim gənclərə. Mən də dövlətimizin başçısının göstərdiyi edimadı bundan sonrakı fəaliyyətimdə də doğrultmağa çalışacağam. Özüm inkişaf edərək, digər gənclərin də inkişafına dəstək olacağam”.

Digər mükafatçı Əziz Qasımov vurğulayıb ki, mükafatı Naxçıvan Muxtar Respublikası gəncləri adından alıb: “Bu, gənclərə göstərilən dövlət qayğısının, diqqətin nümunəsidir. Bu mükafat yalnız mənə verilən qiymət deyil, eyni zamanda mənim çalışdığım Naxçıvan Dövlət Universitetinə və bu universitetin gəncliyinə verilən qiymətdir. Fəaliyyətimizi Prezident şəxsən özü qiymətləndirdi. Sevincimizin həddi-hüdudu yoxdur. Sözlərlə ifadə etmək çətindir. Bu etimadı doğrultmalıyıq və bu ehtimaddan irəli gələn məsuliyyəti başa düşürük. İnanırıq ki, bundan sonra da öz işimizə ciddi yanaşacağıq. Müstəqil Azərbaycanımızın ictimai-siyasi, sosial-iqtisadi və mədəni inkişafına hər zaman öz töhfəmizi verəcəyik”.

O, gənclərə tövsiyələrini də verib: “Gənclər öz üzərində ciddi çalışmalı, bacarıqlarını kəşf etdirməlidirlər. Hansı sahədə özlərini daha peşəkar görürlərsə, o sahəyə maraq göstərsinlər. Mən ixtisasca hüquqşunas olsam da, müəllim olmağa, öyrətməyə həvəsim var idi. Bu gün Naxçıvan Dövlət Üniversitetində gələcəyin hüquqşunaslarına dərs deyirəm. Bu mənim üçün çox qürurvericidir. Gənclərimizə hər zaman dövlətçiliyimizə, Ulu Öndər irsinə sadiq olmalarını arzu edirəm və bu bizi daimi inkişafa aparacaq və Azərbaycan gənci daim yüksəklikdə olacaq”.

Qeyd edək ki, fevralın 2-si Azərbaycanda Gəncləri Günü kimi qeyd olunur. Bu il Azərbaycan Gəncləri Gününün təsis olunmasından 25 il keçir. Ötən gün Bakıda Azərbaycan Gəncləri Gününün 25 illiyinə həsr olunmuş Gənclər Forumu keçirilib. Azərbaycan Prezidenti İlham Əliyev Forumda iştirak edib. Dövlət başçısı forumda çıxış edib. Sonra forum işini müzakirələrlə davam etdirib.

Xatırladaq ki, Prezident İlham Əliyev fevralın 1-də “2022-ci il Gənclər üçün Prezident mükafatlarının verilməsi haqqında” sərəncam imzalayıb. Sərəncama əsasən, elm və təhsil, mədəniyyət, gənclər siyasəti və gənclərlə iş, ictimai və sosialyönümlü fəaliyyət, innovasiya və sahibkarlıq sahələrində xüsusi fərqlənən bir neçə gəncə 2022-ci il Gənclər üçün Prezident mükafatları verilib.

Check Also

Əliyevin köməkçisi Bakını tərk edən konqresmen və senatora cavab verib

“ABŞ-yə qayıdaraq nəticələri yenə də erməni lobbisinin eşitmək istədiyi şəkildə təqdim edirlər” Azərbaycan Respublikası Prezidentinin …