Çərşənbə axşamı , 21 May 2024
Drone Cameras

Prezident yeni müzakirə açdı – dünya Ermənistandakı xunta rejimini qınamağı unutmamalıdır

“Həmin hadisədən sonra 10 il hakimiyyətdə qalmaq dünya birliyi tərəfindən lazımi şəkildə tənbeh olunmamağın göstəricisi sayıla bilər”

Vüqar Qədirov: “Dünya birliyinin Ermənistandakı kriminal xunta mahiyyətli rejimlərə lazımi şəkildə etiraz etməməsinin acı nəticələrini çəkənlərdən biri də biz olmuşuq”

 

Prezident İlham Əliyev Ağdam Muğam Mərkəzi ilə tanışlıqdan sonra rayon ictimaiyyətinin nümayəndələri və Ağdam rayonundan olan incəsənət xadimləri ilə görüşündə çıxışı zamanı Ermənistanı idarə edən kriminal xunta rejiminin bütün dünya birliyi tərəfindən qınaq obyektinə çevrilməsinin vacibliyinə toxunub.

Dövlət başçısı deyib ki, iki il bundan əvvəl Azərbaycan xalqı bir daha öz yüksək mənəvi ruhunu nümayiş etdirib: “Aprel döyüşləri bizim şanlı tariximizdir, böyük tarixi qələbəmizdir. Mənfur qonşular bizim kəndlərimizi atəşə tutmuşdu. Bu qeyri-insani hücum nəticəsində dinc vətəndaşlar həlak olmuş, yüzlərlə evə ziyan dəymiş, bizim kəndlərimiz, yaşayış məntəqələrimiz atəşə tutulmuşdu. Azərbaycan Ordusu uğurlu əks-hücum əməliyyatı keçirərək düşmən mövqelərini məhv etdi, düşməni öz yerinə oturtdu və işğal altında olan torpaqların bir hissəsini işğalçılardan azad etdi. Füzuli, Cəbrayıl, Ağdərə rayonlarında işğal altında olan minlərlə hektar torpaq azad edildi. İndi biz on minlərlə hektar torpağa tam nəzarət edirik. Aprel döyüşləri bizim böyük qələbəmizdir. Bu qələbə onu göstərir ki, Azərbaycan xalqı heç vaxt işğalla barışmayacaq”.

İlham Əliyev əlavə edib ki, Ağdam rayonunda da dağıntılara məruz qalmış 600-dən çox ev qısa müddət ərzində bərpa edildi, yenidən tikildi: “Bu, bir daha onu göstərir ki, Azərbaycan dövləti güclü dövlətdir. Döyüşlərdən sonra biz Mehriban xanımla birlikdə Ağdamda olduq, dağılmış evlərin sahibləri ilə görüşdük. O vaxt mən söz verdim ki, bütün evlər qısa müddət ərzində bərpa ediləcək, belə də oldu. 2016-cı ilin sonunda biz növbəti dəfə Ağdama gələrək artıq tikilmiş, bərpa olunmuş evlərin açılışında iştirak etdik. Bir neçə gün bundan əvvəl buraya səfərə hazırlaşarkən mənə məruzə edildi ki, təmas xəttinə yaxın olan 19 kənddə hələ də təmirsiz 121 ev var. Bu evlərin yenidən tikilməsi, bərpası ilə bağlı müvafiq sərəncam veriləcək.

Aprel döyüşləri bizim barışmaz ruhumuzun təzahürüdür. Bir daha qeyd etmək istəyirəm ki, Azərbaycan xalqı və dövləti heç vaxt işğalla barışmayacaq. Aprel döyüşləri onu göstərdi ki, Ermənistan tərəfindən uzun illər ərzində yaradılan mif darmadağın edildi, onu göstərdi ki, Azərbaycan Ordusu istənilən vəzifəni icra etməyə qadirdir, buna hazırdır və biz bunu sübut etdik”.

Azərbaycan Prezidenti bildirib ki, Ermənistanın acı hərbi məğlubiyyəti onun möhkəm olmayan sütunlarını tam sıradan çıxardı: “Bu ilin yazında Ermənistanda baş vermiş hadisələr bunun bariz nümunəsidir. Məhz 2016-cı ilin aprel ayında Ermənistanın işğalçı rejiminə çox böyük zərbə vuruldu və onlar öz işğalçılıq siyasətinin qurbanına çevrildilər. Mən dəfələrlə demişdim ki, Ermənistanı idarə edən kriminal xunta rejimi bütün dünya birliyi tərəfindən qınaq obyektinə çevrilməlidir. Mən demişdim ki, Ermənistanı idarə edən insanlar kriminal xunta rejiminin başçılarıdır. İndi bunu erməni xalqı deyir. Biz demişdik ki, onların generalları oğrudur. Biz demişdik ki, onların qəhrəmanları cinayətkardır, qorxaqdır, indi bunu erməni xalqı deyir. Yəni biz dediyimizi indi erməni xalqı deyir və görür. Ermənistanda bu il baş vermiş dəyişikliklər onların işğalçılıq siyasətinin tam iflası deməkdir, bu, bir. İkincisi, bu hadisələr onu göstərir ki, bizim apardığımız siyasət öz nəticəsini verir. Mən dəfələrlə demişəm, bu gün də demək istəyirəm, – bunu heç gizlətməyə də ehtiyac yoxdur, – biz bundan sonra da Ermənistanı bütün regional layihələrdən təcrid edəcəyik, bütün vasitələrdən istifadə edib öz ərazi bütövlüyümüzü bərpa edəcəyik”.

Göründüyü kimi, ölkə başçısı Ermənistanı idarə edən kriminal xunta rejiminin bütün dünya birliyi tərəfindən qınaq obyektinə çevrilməli olmasının zəruriliyindən danışır. Dünya birliyi bu müddət ərzində həmin kriminal rejimin qınaq obyektinə çevrilməsi istiqamətində hər hansı addım atıbmı?

Politoloq Vüqar Qədirov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, ölkə başçısının son çıxışında Ermənistanın keçmiş və indiki rəhbərliyinə yönəlik ciddi mesajlar var: “Artıq biz necənci dəfədir cənab Prezidentin bu mövzuya toxunduğunun şahidi oluruq. Ölkə başçısının çıxışlarından aydın görünür ki, kriminal xunta rejimi deyəndə Paşinyandan əvvəlki ölkə rəhbərləri və onların komandası nəzərdə tutulur. Amma bu tip açıqlamalarda indiki Ermənistan hakimiyyətinə də yönəlik ciddi mesajlar var. Ölkə başçısı detallı şəkildə izah edir ki, Robert Köçəryan və onun davamçısı olan Serj Sarkisyanın  tutduğu yolun sonu uçurumdur. Prezident istəyir ki, indiki Ermənistan rəhbərliyi sələflərinin etdiyi səhvlərdən nəticə çıxarıb, onların yolunu davam etdirməsin”.

Ekspertin sözlərinə görə, bu ilin aprel ayının 13-dən başlayaraq Ermənistanı ağuşuna alan etiraz aksiyalarının nəticəsində S.Sarkisyan istefaya getdi: “Sarkisyan artıq üçüncü dəfə hakimiyyət istəyinə nail olmuşdu. Baxmayaraq ki, ölkəni uçuruma aparmışdı, cinayətkar rejimin başında dayanırdı, amma bu ilə qədər istədiklərini həyata keçirə bilirdi. Məsələ burasındadır ki, Sarkisyanın baş nazir seçilməsindən sonra cəmiyyətin əhval-ruhiyyəsi bütövlükdə hakimiyyətin dəyişdirilməsinə və yaxud Sarkisyanın istefasına köklənməmişdi. Tam məsuliyyətilə deyə bilərik ki, Ermənistanda həmin kriminal xunta rejiminin çökməsində Azərbaycanın böyük rolu olub. Cənab İlham Əliyev bu məqamlara xüsusi olaraq toxunur. Yadınızdadırsa, öz hakimiyyətinin son günlərini yaşayan S.Sarkisyan çıxışı zamanı maraqlı bir ifadə işlətdi. Dedi ki, Ermənistan artıq 2016-cı ilin aprel ayındakı Ermənistan deyil. Amma həmin o 2016-cı ilin aprelində deyirdi ki, biz qalib gəlmişik. Söhbət aprel döyüşlərindən gedir. Təbii ki, qısamüddətli döyüşlər Azərbaycanın zəfər tarixi idi. Həmin o döyüşlərdən sonra erməni generalları ard-arda istefaya göndərildi. Bütün bu reallıqların fonunda Sarkisyan deyirdi ki, məğlub olmamışıq”.

Ekspertin sözlərinə görə, dünya birliyi həmin kriminal rejimi lazımi şəkildə ifşa etmədi: “Gəlin həmin rejimin necə hakimiyyətə gəldiyinə diqqət edək. S.Sarkisyan hakimiyyətə də qan töküb gəlmişdi.  2008-ci ildəki mart hadisələrindən sonra Sarkisyan ciddi qırğınlara getdi. Orada 7-8 nəfər həlak oldu, amma Sarkisyan hakimiyyətdə qaldı. Həmin hadisədən sonra 10 il hakimiyyətdə qalmaq dünya birliyi tərəfindən lazımi şəkildə tənbeh olunmamağın göstəricisi sayıla bilər. Dünya birliyinin Ermənistandakı kriminal xunta mahiyyətli rejimlərə lazımi şəkildə etiraz etməməsinin acı nəticələrini çəkənlərdən biri də biz olmuşuq. Çünki həmin quldurlarla hər hansı problem həll etmək mümkün deyildi. Hesab edirəm ki, Paşinyan və onun ətrafı da cənab İlham Əliyevin xəbərdarlıqlarından ciddi nəticə çıxarmalıdır. Dünya birliyi də bu məsələdə əvvəlki səhvlərə yol verməməlidir. Artıq hakimiyyəti tam ələ keçirəcəyinə şübhə olmayan Paşinyanı sələfləri sayılan kriminal rejimlərin yolu ilə getməkdən çəkindirməlidir”.

Məhəmmədəli QƏRİBLİ

 

Check Also

Samir Məmmədov: “Bakıda evlərin 90 %-nin genişzolaqlı fiberoptik internetə çıxışı var”

Bakıda evlərin 90 %-ə yaxını genişzolaqlı fiberoptik internetə çıxış eldə edə bilir. Boyukmillet.com xəbər verir ki, bunu rəqəmsal …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir