Məlum olduğu kimi, ölkə başçısı cənab İlham Əliyev Milli Mətbuatın yaranmasının 145 illiyi münasibətilə bir qrup jurnalisti fəxri adlar və başqa mükafatlarla təltif edib.
Açığını deyim ki, həmin siyahı məni çox təəccübləndirdi. Mənim özüm də jurnalistika ilə yaxından təmasda olan adamam və bu səbəbdən də sözügedən cameədə baş verən proseslərin çoxundan xəbərdaram.
Mən ölkə rəhbərliyi adından verilən hər hansı fərmana kölgə salmaq fikirindən uzağam. Ancaq gəlin bir acı reallığı da etiraf edək ki, Prezidentin bütün jurnalistləri tək-tək yaxından tanıması mümkün deyil. Gərək həmin təqdimatlar ölkə başçısına elə şəkildə hazırlanıb verilsin ki, sonra əlavə suallar ortaya çıxmasın.
Mənim isə təltif olunan bəzi adamlarla bağlı konkret suallarım var. Həmin suala keçməzdən əvvəl bir ümumi təəssuratımı bölüşmək istərdim.
Siyahının ümumi təhlili bunu deməyə əsas verir ki, hələ də Əli Həsənovun şəbəkəsinə yaxın olan adamların mediadakı sözünün keçərliyi qalmaqdadır. Belə olmasaydı, başqa layiqli jurnalistlər qala-qala, onun birbaşa ailəsinə məxsus olan qəzetin jurnalisti yüksək mükafata layiq görülməzdi.
Həmin jurnalistin sevincli paylaşımının altında Əli Həsənovun sanki başqalarına acıq verəcək tərzdə “Əla, ardı gəlsin…” yazması bir daha sübut edir ki, yeni media siyasəti Əli Həsənovun orbitindən çıxa bilməyib. Maraqlıdır, gündəlik qəzet kimi “Kaspi”yə dövlət büdcəsindən ayrılan vəsait kəsilirsə, deməli, onların bu müddət ərzində fəaliyyətlərinin qənaətbəxş olmadığı qənaətinə gəlmək mümkündür.
Fəaliyyətinə dövlət tərəfindən qeyri kafi qiyməti verilən bir qəzetin jurnalisti necə ölkə başçısına mükafatlandırma üçün təqdim oluna bilər?
Başqa bir misal, siyahıda Elnur Abdullayev adlı bir nəfərin adı var. Bu adamın fəaliyyətinin dərin araşdırılması ilə bağlı dəfələrlə açıq müraciətlər etmişəm. Ziya Məmmədovun yaxın qohumu olduğu deyilən bu adam uzun müddət Nəqliyyat Nazirliyi sferasında rəhbər postlar tutub. Qohumu olan nazir işdən çıxarılandan sonra bu adam mediaya transfer edib.
Cəmi bir neçə ildir ki, Türkiyədə Azərbaycanın sərmayəsilə ərsəyə gələn telekanala sahibkar kimi rəhbərlik edir. Olmazdır ki, həmin adama dövlətin jurnalistikaya aidiyyəti olmayan başqa bir təltifi verilsin? Axı, jurnalistika ilə bağlılığı olmayan adama necə jurnalistikaya görə təltif verilə bilər?
Fəxri adların və digər ödüllərin verilməsində əsas şərtlərdən biri də jurnalistin stajıdır. Azı 15 il jurnalistikada stajı olanların bu təltiflərə layiq görülməsi şərtləndirilir. Siyahıda elə adamların adı var ki, onların jurnalistika sahəsində cəmi 5-6 illik stajı var.
Başqa bir misal: siyahıda Ramiz Cürənov adlı bir adamın təltif edilməsini gördüm. Onun zəhmətkeş jurnalist olmasına sözüm yoxdur. Bu xidmətlərinə görə, jurnalistlər binasında evlə də təmin edilib. Əli Həsənovun dönəmində ona göstərilən bu qayğı o qədər yüksək olmuşdu ki, məhz bu jurnalist ölkə başçısının çıxışını təhrif olunmuş halda mediaya vermişdi.
Hətta həmin olay APA-nın bağlanması ilə də nəticələndi. Belə bir kobud səhvə yol verən juralistin adını təltif üçün Prezidentin masasına qoymaq nə dərəcədə doğrudur?
Siyahida dövlət qurumlarında təmsil olunan mətbuat xidmətlərinin də adına rast gəlirik. Bu adamlar dövlət qulluqcusudur. Belə təsnifata görə dövlət mükafatları mövcuddursa, niyə heç MX rəhbəri kimi işinin öhdəsindən lazımi səviyyədə gələ bilməyən Cəsarət Valehov kimi adam jurnalistlərə yük olmalıdır?
Siyahını uzada da bilərəm, ancaq lüzum görmürəm. Qeyd edim ki, təltif olunanlar sırasında layiqli həmkarlarımız da az deyil. Onları təbrik edirəm. Ancaq istərdim ki, az da olsa belə yanlışlıqlara yol verilməsin…
Samir Adıgözəlli