Cümə , 22 Noyabr 2024
Drone Cameras

Qəhrəman dənizçi: “Əmimin qisasını almağa getmişdim” – VİDEO

Azərbaycan Xəzər dənizi hövzəsində 260 gəmidən ibarət ən böyük donanmaya malik ölkədir. Hazırda xarici sularda Azərbaycan bayrağı altında 11 gəmi üzür ki, onlardan da 8-i quru yük gəmisi, 3-ü isə tankerdir.

Bu gəmilərin təmiri, yenidən qurulması “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-yə (ASCO) məxsus “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunda həyata keçirilir Zavodda İl ərzində 50-dən artıq gəmi təmir olunur. Müəssisənin istehsalat şöbəsinin rəisi Samir Ağakişiyev deyir ki, eyni anda 7-8 gəmi təmir üçün körpülərə yan ala bilər.

Samir Ağakişiyev

Samir Ağakişiyev

Ötən ilin sentyabrın 27-də əks-hücum əməliyyatları ilə başlamış, 28 il işğalda qalan torpaqlarımızın azad edilməsi ilə nəticələnən Vətən müharibəsinin iştirakçıları arasında ASCO-nun da 58 əməkdaşı var. Onların bir qismi isə “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunda çalışır. Onlardan biri – Vətən müharibəsinə könüllü yollanmış qəhrəman dənizçi Araz İslamov zavodun texniki nəzarət şöbəsində usta köməkçisidir. Tərtər rayonunun Suqovuşan kəndinin azadlığa qovuşması üçün döyüşən Araz həmin günləri heç vaxt unutmur.

Vətən müharibəsinin daha bir iştirakçısı Ramazan İslamov isə müharibənin nəticələri ilə qürur duyduğunu deyir. Onun sözlərinə görə, hər zaman arzulasa da, bir gün torpaqlarımızın azadlığı uğrunda döyüşlərdə iştirak edəcəyini xəyalına gətirməyib.

“Əmimin qisasını almağa getmişdim, qismət olmadı. Eybi yox! Amma, yaxşı qardaşlar nəinki əmimin, bütün birinci Qarabağ müharibəsi şəhidlərinin qanını yerdə qoymadılar”. Bunu isə Vətən müharibəsinin digər iştirakçısı Pünhan Əhədov deyir. 12 ildir “Zığ” zavodunda çalışan Pünhan qanlı döyüşlərdən sağ çıxmağını möcüzə hesab edir: “Anama dedim ki, vətən sənin anandı, sən də mənim anamsan. Sənin ananı qoruya bilməsəm səni necə qoruyacam?!”.

Zavodda gəmilərin rənglənməsi ilə məşğul olan Ötərxan Rüstəmli vətən müharibəsində iştirakı belə xatırlayır: “Bu döyüşlərə qatılmağım həyatıma başqa bir rəng qatdı”. 10 noyabr 2020-ci il tarixində Ermənistanın kapitulyasiya aktını imzaladığı vaxt isə Ötərxan Şuşanın Daşaltı kəndində döyüş tapşırığı yerinə yetirirmiş.

İşğal edilən müxtəlif ərazilərin azad edilməsi üçün aparılan döyüş əməliyyatlarında iştirak edən bu qəhrəmanların hamısının qürurla işlətdiyi bir söz var: “Vətən bizim anamızdır. Anamızı qorumaq isə hamımızın borcudur!”

İgidlərimiz ASCO rəhbərliyinin bu 44 gün ərzində onları və ailələrini bir an belə diqqətsiz qoymadığını, məhz rəhbərliyin belə maddi və mənəvi dəstəyinin onlara əlavə güc verdiyini qeyd edirlər. Bu il peşə bayramlarını qalib ölkənin dənizçiləri kimi qeyd etdiklərini sevinclə dilə gətirən qalib gənclər xalqımızın birliyi nəticəsində bu qələbəyə nail olduğumuzu deyirlər.

“Dənizçi günü” Prezident İlham Əliyevin 19 iyun 2014-cü il tarixli 565 nömrəli sərəncamı ilə təsis edilib. Həmçinin Beynəlxalq Dəniz Təşkilatının 20 dekabr 2011-ci il tarixli qətnaməsi ilə də hər il dünyada iyunun 25-də “Dənizçilər günü”nün qeyd olunması barədə qərar qəbul olunub.

Hazırda, ASCO-nun 9 mindən çox əməkdaşı var, onun isə 5 mindən çoxu üzən heyətdədir.

“Report” “Dənizçi günü” münasibəti ilə “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodundan hazırladığı reportajı təqdim edir:https

Check Also

AYNA: Daha 34 daşıyıcıya 62 xidmət üzrə fərqlənmə nişanları verilib

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) daha bir neçə taksi …