Qərbi Azərbaycan İcması 1991-ci ildə Xocalı rayonunun Meşəli kəndinin azərbaycanlı sakinlərinə qarşı törədilmiş insanlıq əleyhinə cinayətlərdə iştirakına görə onilliklər ərzində Azərbaycanın beynəlxalq axtarış siyahısında olan Vaqif Xaçaturyanın çoxdan gözlənilən həbsinin nəhayət baş tutmasını alqışlayır. Azərbaycan hüquq-mühafizə orqanlarının bu uğuru Meşəli qətliamından sağ çıxanların qəlbinə böyük təsəllidir.
Biz ümid edirik ki, Ermənistan tərəfindən törədilmiş hərbi cinayətlərdə və insanlıq əleyhinə cinayətlərdə iştirakda ittiham olunan şəxslərin hamısı tezliklə ədalət məhkəməsi qarşısına çıxarılacaqlar.
Boyukmillet.com xəbər verir ki, bu barədə Qərbi Azərbaycan İcmasının yaydığı məlumatda qeyd olunub.
Bildirilib ki, hərbi cinayətlərdə və insanlıq əleyhinə cinayətlərdə iştirak etmiş və Ermənistanın yurisdiksiyası və nəzarəti altında olan şəxsləri bu ölkənin mühakimə etməkdən ardıcıl şəkildə imtina etməsi ciddi narahatlıq doğurur. Üstəlik, bu yaxınlarda Ermənistan hökumətinin həbs edilmiş şəxsə birmənalı dəstək verən bəyanat yayması Ermənistanın bu cür mənfur cinayətkarlara himayədarlıq etdiyini sübuta yetirir. Ermənistanın belə davranışı beynəlxalq qınaq tələb edir.
Qərbi Azərbaycan İcması beynəlxalq ictimaiyyəti Ermənistanı məsuliyyətə dəvət etməyə və bu ölkəni hərbi cinayətlərdə və insanlıq əleyhinə cinayətlərdə, o cümlədən bir milyona yaxın azərbaycanlının Ermənistandan və vaxtilə işğal edilmiş Azərbaycan ərazilərindən zorla çıxarılması, 20 mindən çox mülki azərbaycanlının qətlə yetirilməsi, Azərbaycanın yüzlərlə yaşayış məntəqəsinin viran edilməsi, torpaqlarının minalarla çirkləndirilməsində iştirak edən və Ermənistanın yurisdiksiyası və nəzarəti altında olan şəxslərin cinayət təqibini həyata keçirməklə bağlı öhdəliyini yerinə yetirməyə məcbur etməyə çağırır.
Daima ədalət axtarışında olan Qərbi Azərbaycan İcması Ermənistandan qovulmuş azərbaycanlıların geri qayıtmaq hüququnu müdafiə etmək öhdəliyinə sadiq qalmaqla, qəti şəkildə inanır ki, regionda davamlı sülh və barışıq yalnız haqq-ədalətin öz yerini tapdığı halda bərqərar ola bilər.