Şənbə , 20 Aprel 2024
Drone Cameras

Qərbi Azərbaycanda soyqırımı tariximizə bir nəzər

1918-ci il martın 31-i tariximizə Azərbaycanlıların Soyqırımı Günü kimi daxil olub. Amma ermənilər tərəfindən xalqımızın soyqırımları təkcə həmin tarixlə məhdudlaşmır. Xalqımıza qarşı soyqırımlarının ilk mərhələsi hələ 1905-1906-ci illərdə həyata keçirilib, özü də bütün Azərbaycan torpaqlarında – Bakıda, Naxçıvanda, İrəvanda, Qarabağda, Zəngəzurda, Gəncədə, Qazaxda və s. Ermənilər tərəfindən xalqımıza qarşı növbəti soyqırımı 1918-1920-ci illərdə törədilib. Həmin illərdə də dəhşətli soyqırımına məruz qalmış bölgələrimizdən biri indi Ermənistan adlandırılan Qərbi Azərbaycan ərazisi, bu ərazidəki bütün tarixi mahallarımız – İrəvan şəhəri, Zəngəzur, Dərələyəz, Göyçə, Vedibasar, Gərnibasar, Zəngibasar, Ağbaba-Şörəyel, Loru-Pəmbək, Dərəçiçək, Dilican, Qaraqoyunlu və s. mahallar olub.
Hər yerdə də ermənilər bu soyqırımını, demək olar ki, eyni ssenari ilə planlı şəkildə həyata keçiriblər: dinc əhalini iri damlara doldurub diri-diri yandırıblar, insanların qolunu-ayağını kəsərək işgəncə ilə öldürüblər, hamilə qadınların qarnındakı körpəni süngüyə keçiriblər və s.
Bu faktları AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, Azərbaycan Qaçqınlar Cəmiyyətinin sədri Əziz Ələkbərli bildirib.
Deputat deyib: “Ermənilər Qərbi Azərbaycanda soydaşlarımızın soyqırımını üç istiqamət üzrə həyata keçiriblər: general Andronikin başçılığı altında olan diviziya Naxçıvan, Zəngəzur və Qarabağın dağlıq hissəsində; general Dro və Arişyanın başçılığı altında olan diviziya İrəvan, Üçkilsə, Qurdqulu, Zəngibasar, Gərnibasar, Vedibasar, Dərələyəzdə; polkovnik Silikovun başçılığı altında olan diviziya isə Göyçə mahalında.
Faciənin miqyası barədə o vaxtın sənədlərində kifayət qədər məlumat var. Məsələn, bir daşnak öz xatirələrində yazırdı ki, “Mən Basarkeçərdə ağına-bozuna baxmadan tatarları qırıb tökdüm. Hərdən adamın gülləyə heyfi gəlirdi. Bu köpəklərə qarşı ən etibarlı vasitə döyüşdən sonra sağ qalanların hamısını yığıb quyuya doldurmaq və üstündən də ağır daşlar yığmaqdır ki, onlardan heç biri sağ qalmasın. Mən belə də edirdim”.
Başqa bir sənəddə deyilir: “Andronikin başçılığı ilə 30 müsəlman kəndinin əhalisi qırılıb, yandırılıb, kəndlər dağıdılıb, əmlakları talan edilib, qaçıb qurtara bilməyənlər vəhşicəsinə öldürülmüşlər”.
O vaxtın ən dəhşətli faciələrindən biri də Vedibasar mahalının Çanaxçı dərəsi boyunca yerləşən kəndlərdə törədilib. Belə ki, 1918-ci ilin dekabrında Andronikin quldur dəstələri bu dərə boyunca yerləşən kəndləri mühasirəyə alaraq yerli əhalini inandırırlar ki, bölgədə əmin-amanlıq yaratmaq məqsədilə hökumət adından gəliblər. Bu adla kəndlərə girib, az sonra mahalın Çanaxçı dərəsindəki bütün müsəlman kəndlərində soyqırımı törədirlər. Xüsusilə Şahablı, Qədirli, Qaraxaç və başqa kəndlərin dinc müsəlman əhalisi kütləvi şəkildə qətlə yetirilib.
Ermənilərin Çanaxçı dərəsi kəndlərində törətdiyi soyqırımı o qədər dəhşətli olub ki, hətta o dövrün tarixi sənədlərində də öz əksini tapıb. Məsələn, Naxçıvan Müsəlman Milli Komitəsinin katibi Mirzə Bağır Əliyev gündəliklərində yazırdı ki, “Vedi qəryəsinin əhli Şəmsəddin bəy Mahmudbəyov Vedibasar müsəlmanlarının barəsində Naxçıvana gəlib böylə məlumat verdi: İran və Naxçıvan nümayəndələri İrəvana azim olandan sonra erməni qoşunu Vedibasar nahiyəsində bulunan müsəlman köylərinə, məsələn, Kərkab, Ağasıbəyli, Keşişdağı, Dəhnəz, Qaraxaç, Qədirli, Şahablı və Çimən kəndlərinə hücum edib 20 mindən ziyadə müsəlman əhalisini kəsib, balaca balaları, qadınları və əlil kişiləri evlərə toplayıb, tamamən bıçaq və xəncər ilə kəsib, nizəbuş ediblər… Xülasə, Vedibasar tərəfində müsəlmana olmazın zülmlər və cəfalar ermənilər tərəfindən olundu”.
Bu faciə barədə Paris Sülh Konfransının sədrinə ünvanlanmış 1919-cu il 16-19 avqust tarixli məşhur sənəddə də xüsusi bəhs edilib. Həmin sənəddə erməni daşnaklarının Vedibasar mahalında törətdikləri vəhşiliklər barədə oxuyuruq: “…“Van”, “Sasun” adları altında müxtəlif erməni hərbi hissələri müsəlman əhalisini qılıncdan keçirdi, kəndləri toplardan və zirehli qatardan atəşə tutdular, öldürülənlərin qarnını yırtıb, gözlərini oydular, bəzi cəsədləri yandırdılar, əhalini taladılar, ümumiyyətlə, eşidilməmiş vəhşiliklər etdilər. Yeri gəlmişkən, Vedibasar rayonunda belə bir dəhşətli fakt da baş verdi ki, Qaraxaç, Qədirli, Qarabağlar, Ağasıbəyli, Dəhnəz kəndlərinin kişiləri sonuncu nəfərə qədər qətlə yetirildilər”.
Bənzər hadisələr Qərbi Azərbaycanın bütün bölgələrində törədilib. Məsələn, həmin günlərdə Göyçəli Aşıq Nəcəfin kürəyinə qaynar samovar bağlanaraq öldürülüb, Göyçə mahalının tanınmış ağsaqqalı Səməd ağa polkovnik Sulikov tərəfindən xaincəsinə qətlə yetirilib. Həmin illərdə bütün Göyçə camaatı kimi, bu günlərdə 200 illik yubileyini qeyd etdiyimiz ustad sənətkarımız Aşıq Ələsgər də ağsaqqal yaşlarında vətənindən didərgin düşüb, bir müddət Kəlbəcər kəndlərində qaçqın həyatı yaşamağa məcbur olub.
Ermənilər xalqımıza qarşı düşmənçiliklərini sovet dövründə də davam etdiriblər, dinc metodlarla azərbaycanlı əhalini dədə-baba yurdlarından sıxışdırıb çıxarıblar.
1945-ci ilin noyabr-dekabr aylarında ermənilər İkinci Dünya müharibəsindən qalib çıxan dövlətlərin – SSRİ, ABŞ və Böyük Britaniyanın dövlət başçılarından Şərqi Türkiyənin alınıb Ermənistana verilməsini istədilər, bu baş tutmayanda İ.Stalindən o vaxtkı Dağlıq Qarabağın Ermənistana verilməsini xahiş etdilər, bu da baş tutmayanda İ.Stalinə xaricdən erməni əhalinin Ermənistana köçürülməsi barədə sərəncam verməsi üçün yalvardılar və axır ki, buna nail oldular. Heç bir il keçməmiş guya Ermənistanın xaricdən gələn ermənilər üçün darısqallıq etdiyini bəhanə gətirərək İ.Stalindən 100 min nəfər azərbaycanlı əhalinin Ermənistandan Azərbaycana deportasiya edilməsini xahiş etdilər və qısa vaxtda 150 min nəfər soydaşımız dədə-baba yurdundan deportasiya olundu.
Nəhayət, 1988-1991-ci illərdə Qarabağ münaqişəsinin ilk mərhələsində Qərbi Azərbaycandan bütün azərbaycanlılar öz tarixi yurdlarından vəhşicəsinə qovuldu. Bu dəfə 200-dən çox insan qətlə yetirildi, 400-dən artıq insan ağır yaralandı, 300-dən artıq məscidimiz, 500-dən artıq qəbiristanlığımız yer üzündən silindi. O tarixi torpaqlarımızda əcdadlarımızın min illər ərzində yaratmış olduqları mədəni irsimiz ermənilər tərəfindən mənimsənildi.
Bütün bunlar bir daha sübut edir ki, erməni vəhşiliyinin həddi-hüdudu yoxdur. Əgər 44 günlük Vətən müharibəsində aldıqları dərs onlara yetmədisə, bundan bir nəticə çıxarmadılarsa, deməli, bundan sonra hər hansı bir nəticə çıxaracaqlarına ehtimal azdır. Buna görə də “dəmir yumruq” həmişə hazır olmalıdır. İsveç səyyahı Adam Mets nahaq yerə deməyib ki, “ermənini bircə saatlığa nəzarətsiz qoysan, təbiəti dərhal onu şər işlərə sövq edəcək. Onlar yalnız kötək və qorxu altında yaxşı işləyirlər”.

Check Also

Etibarnamə ilə torpaq alqı-satqısı edənlərə XƏBƏRDARLIQ – VİDEO

Bəzi vətəndaşlar gələcək riskləri nəzərə almadan etibarnamə yolu ilə torpaq alaraq ev inşa etdirirlər. Əmlak …