Şənbə , 20 Aprel 2024
Drone Cameras

Bir neçə fransız deputat qondarma “Artsaxa səfər” planlarını açdı – sülhməramlılar necə davranacaq…

Samir Adıgözəlli: “…fransalı parlamentariləri Qarabağa buraxmamalıdırlar”

Fransa Qarabağda erməni separatizminə “ilham verməkdə” davam edir. Zaman-zaman Fransa parlamentarilərinin Qarabağa qanunuz səfərlər etdikləri məlumdur.

İndi də “Fransa-Artsax Dostluq Dərnəyi”nin sədri, Bouches-du-Rhône-dən olan millət vəkili Qay Tessierin rəhbərliyi ilə fransalı parlamentarilər qrupunun qondarma “Artsax”a səfər edəcəyi açıqlanıb.  Q.Tessier hətta qanunsuz səfəri ilə bağlı “Parlamentin sədri” Artur Tovmasyana məktub da göndərib.

  • “…sülhməramlıların özlərinin də missiya və statusunu kölgə altına salmağa və zədələməyə yönəlib”

Fransalı deputat qrupunun Azərbaycanın Qarabağ bölgəsinin Rusiya sülhməramlılarının nəzarəti altında olan hissəsinə buraxılmalı olmadığını deyən İctimai Siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Samir Adıgözəlli bizimlə söhbətində bildirdi ki, Q.Tessierin rəhbərlik etdiyi nümayəndə heyətinin Qarabağa səfər planlaşdırması qanunsuzdur və Rusiya sülhməramlıları bu qanunsuz səfərin qarşısını almalıdırlar. O qeyd etdi ki, fransalı deputat qrupunun separatçılarla görüşə can atmasının səbəbləri məlumdur, bu görüş məkrli mahiyyət daşıyır və Azərbaycanın ərazi bütövlüyünə qarşıdır. “Qarabağda yeni bir siyasi ab-havanın, mühitin yarandığı bir vaxtda yenidən Fransanın meydana çıxıb qarışdırıcılıq mövqeyi sərgiləməsi çox mənfi haldır. Bir qrup Fransa parlamentarisinin Qarabağa səfər iddiasını ortaya qoyması və separatçılarla görüşə hazırlaşdıqlarını bəyan etməsi Fransanın Azərbaycana qarşı indiyə qədər sərgilədiyi ikili standartlı münasibətlərin davam etdirilməsi deməkdir. Bu cəhdlərinin Azərbaycanın ərazi bütövlüyünə qarşı yönəldiyi açıq şəkildə ortadadır və sülhməramlılar heç bir vəchlə fransalı parlamentariləri Qarabağa buraxmamalıdırlar. Ümumiyyətlə, Fransanın bu addımı bölgədə sülhə, normal münasibətlərin inkişafına zərbə vurmaq cəhdilə yanaşı, eyni zamanda, sülhməramlıların özlərinin də missiya və statusunu kölgə altına salmağa, zədələməyə yönəlib. Bunu sülhməramlılar anlamalıdırlar. Düşünürəm ki, Fransa parlamentarilərinin bölgəyə səfəri vəziyyəti daha da gərginləşdirməyə, rus sülhməramlılarının da fəaliyyətini qaralamağa xidmət edir. Çünki sülhməramlıların vəzifəsi ərazidə dincliyi, rahatlığı, sülhü təmin etməkdir”.

S.Adıgözəlli hesab edir ki, bu qanunsuz səfərin qarşısının alınması üçün Azərbaycan bütün imkanlardan istifadə edəcək, amma Rusiya sülhməramlıları da bu təxribatın baş tutmasına imkan verməməlidirlər, bölgə hazırda onların nəzarətində olduğu üçün burada baş verən bütün qanunsuzluqlara görə onlar məsuliyyət daşıyırlar. “Hesab edirəm ki, Rusiya sülhməramlıları Fransa parlamentarilərinin nəzərdə tutulan təxribatçı səfərinin qarşısının alınması üçün ciddi addımlar atmalıdırlar. Bilirsiniz ki, bundan əvvəl Fransadan gələn bir qrup şəxs sülhməramlılar tərəfindən geri qaytarılmışdı, ümid edirik ki, bu dəfə də belə olacaq. Fransa, bütövlükdə, öz təxribatını davam etdirir, məhv edilmiş qondarma rejimin təxribatçı-separatçı qruplarını canlandırmaq istəyir. Ümumiyyətlə, bu ölkənin addımları qətiyyən qəbuledilməzdir. Hazırda sülhməramlıların nəzarətində olan ərazi Azərbaycanın beynəlxalq hüquqla tanınan qanunu ərazisidir, orada yaşayanlar da Azərbaycan vətəndaşlarıdırlar. Azərbaycanın beynəlxalq hüquqla tanınan ərazisinə qanunsuz səfər edib, orada hər hansı bir şou göstərməyə cəhd onu göstərir ki, həmin parlamentarilər erməni lobbisinin əlində alətdirlər, yenə də Fransa erməni lobbisinin dirijorluğu ilə bölgədə nə isə bir təxribat törətmək istəyir”.

S.Adıgözəlli hesab edir ki, bu qanunsuzluqlara beynəlxalq təşkilatlar da səssiz qalmamalı, Azərbaycanın səsinə səs verməlidirlər.

İradə SARIYEVA

Check Also

DAK İdarə Heyəti toplandı: Təşkilatın güclənməsi üçün qərarlar verildi

Aprelin 14-də Dünya Azərbaycanlıları Konqresi İdarə Heyətinin onlayn toplantısı keçirilib. Azərbaycan, ABŞ, Türkiyə, Kanada və …