Şənbə , 13 Dekabr 2025
Drone Cameras

Qərbin yaratdığı Gürcüstan yoxsa Türkiyə hakimiyyət sistemi…

Qərbin, xüsusilə də ABŞ-ın siyasəti dünyanın digər əksər dövlətləri üçün bir mənalı olaraq qəbul edilir. Onun yetişdirdiyi kadrların hakimiyyətləri uzun çəkməklə bərabər həm də bir örnək olur. Amma bəzən burada xalqların siyasi səviyyəsi də mühüm rol oynayır.

Məsələn, Gürcüstanla Türkiyəni müqayisə edəndə bir çox mətləblər aydın olur.

Gürcüstanın keçmiş və hal -hazırda həbsdə olan prezidenti, ABŞ tərəfindən hazırlanmış bir kadrdır. Qərbin dəstəyi ilə, demokratik yolla hakimiyyətə gəldi. Gürcüstanda bir çox demokratik islahatlar həyata keçirdi və qısa müddətdə demokratik cəmiyyət formalaşdırdı. Acariyanı tamamilə Rusiyanın, Putinin əlindən qansız-qadasız aldı. Abxaziya və Osetiya uğurunda savaşdı və təəssüf ki, Qərb Rusiya ilə müqayisədə Gürcüstanı tək qoydu. Gürcü xalqı isə Saakaşvilini müdafiə etmək əvəzinə, hakimiyyətə düşmənləri Rusiya, Putin tərəfindən gətirilən, milyoner İvanaşvilini qəbul etdi. 8 ay Tiflisdə yaşadım, gürcülərlə söhbətdən anladım ki, onlar Saakaşvilini anlayacaq bir səviyyədə deyillər. Onlar açıq deyirlər ki, Saakaşvili bizə pul yox, azadlıq verdi. Onunla bizim qarnımız doymaz. Bizə dolanışıq lazımdır.

İvanaşvili hakimiyyəti isə xeyli müddətdir Saakaşvili islahatlarından başqa heç bir islahat yerinə yetirmədi əksinə, Putinin göstərişi ilə xaricdən gələn qrantların qadağası ilə bağlı qanunlar qəbul etdi, Rusiya ilə iqtisadi əlaqələri gücləndirdi, saxta parlament və saxta parlamentlə saxta prezident də seçdilər. Avropa Birliyinə namizədlikdən və Avropa şurasından imtina etdilər. Tam Rusiya kursu tutdular. Gürcüləri isə yenə vətən maraqlandırmadı, yalnız qarın davası maraqlandırdı. Saakaşvili hakimiyyətdən gedəndən sonra bir dəfə də olsun ayağa qalxıb Abxaziya və Osetiyanı tələb etmədilər. Amma Qrantların qadağası ilə bağlı günlərlə meydanlara toplaşdılar etiraz etdilər, saxta parlament seçkiləri ilə bağlı fasiləsiz mitinqlər keçirdilər. Amma heç bir faydası olmadı. (Haşiyə: Bu sahədə Azərbaycanla Gürcüstanı müqayisə edənlər savadsız və qərəzlidirlər. Azərbaycan Qarabağla bağlı minlərlə mitinq keçirib, nəinki sosial məsələlərlə bağlı. Nəticədə Azərbaycan öz torpaqlarını Rusiya-Ermənistan işğalından tamamilə azad etdi) İvanaşvili bildiyini elədi və gürcü xalqı və müxalifəti bununla barışmaq məcburiyyətində qaldı. Qərbin isə başı Ukraynaya qarışıb.

Bu bir daha göstərdi ki, gürcü xalqı Saakaşvili səviyyəsindən çox aşağıdır. Saakaşvili öz ayağı ilə Ukraynadakı vəzifəsindən imtina edib gəldi gürcü xalqını ayağa qaldırsın, hakimiyyət həbs etdi, ölümcül zəhərlədi və gürcü xalqı yenə onu müdafiə etmədi və ayağa qalxmadı. Təəssuflər olsun ki, Qərbin yetişdirdiyi Saakaşvili öz əzmkar mübarizəsi ilə belə öz xalqına demokratiyanı başa sala bilmədi.

Türkiyədə isə ABŞ Fətulla Gülən layihəsi əsasında sırf xalqın içindən, dindar, xalqın bütün problemlərini bilən birini seçdi. Atatürk idarəçilik sistemini məhv etdirməklə, asanlıqla AKP adı ilə tək hakimiyyətlilik qurdu. MHP-ni və DEM-i də Ərdoğana dəstək üçün hakimiyyətin yanına verdi. CHP-ni isə müxalifət görüntüsü ilə Ərdoğanın hakimiyyətinin qoruyucu yapdı. Nəticədə xalqın səviyyəsi ilə, Ərdoğanın səviyyəsi simmetrik olduğundan 25 ildir hakimiyyəti bütün saxtakarlıqlara rəğmən idarə edir. Türkiyəni iqtisadi, maliyyə, sosial, təhsil, kənd təsərrüfatı, sənaye və s. sahələrini bərbad vəziyyətə salsa da yalnız molla siyasəti ilə Qərbin siyasətini həm daxildə, həm də xaricdə həyata keçirməkdə davam edir və bu minvalla davam edəcək.

Gördüyünüz kimi, hakimiyyətə kimin gətirilməsindən asılı olmayaraq xalqın səviyyəsi ilə liderin səviyyəsinin eyni və fərqli olmasının böyük təsiri var.

Gürcü xalqını isə dolanışıq maraqlandırdığından və Rusiyadan qorxduğundan demokratik hakimiyyətlə irəliləməyi qəbul etmədi.

Türkiyədə isə Ərdoğan xalqın dinə bağlılığından, hər küçədə cami tikməklə, məktəbləri azaltmaqla və s. məharətlə istifadə edərək hakimiyyəti yönəldir və yönəldəcək. Təəssüf ki, Türkiyədə partiyaların demək olar ki, hamısı aşağı -yuxarı türkçülükdən çox dinə bağlıdır. Bu da xalqın demokratiya səviyyəsini və düşüncəsini olduqca aşağı həddə saxlayır.

Türkiyə kimi dövlətin seçki sisteminə olan inamını belə hazırkı hakimiyyət məhv elədi. İndi hər kəs yaxşı bilir ki, bütün seçkilərdə qutudan Ərdoğan çıxacaq. Çünki müxalifət partiyaları hazırkı Türkiyəni problemləri ilə birgə qəbul etməyə hazır olmadıqlarını göstərirlər. Qərbə isə Ərdoğan hələ çox lazım olacaq.

Qərb, xarici siyasətinin problemlərində, NATO üzvü olduğunu bəhanə edib, Türkiyəni məharətlə istifadə edirlər və əzəmətini zəiflədirlər.

Yazını oxuyanlar fikirləşir ki, bəs Azərbaycan?

Azərbaycan hakimiyyətini 1993-cü ildə Rusiya qurdu və 2020-ci ilədək Putinin nəzarətində qaldı. ABŞ və İngiltərə Rusiyanı Qafqazdan çıxarmaq üçün Qarabağ problemini həll etmək üçün, Türkiyə vasitəsilə Azərbaycan hakimiyyətini Putinin nəzarətindən çıxara bildilər. İndi Azərbaycan hakimiyyəti Rusiyadan başqa Qərbin nəhəng dövlətlərinin tam nəzarətindədir. Kim hara deyir, atını da ora sürməyə məcburdur. Təkrar Putinin nəzarətinə keçmək şansı sıfırdır və qayıtmaq şansı olsa belə bu hakimiyyətin ölümü ilə nəticələnəcək. Çünki vaxtında bu hakimiyyətə himayəçisi olduğu Rusiya ilə öyünməməsini xəbərdar etmişdik ki, Rusiyanın dostu, köləsi olmaq onun düşməni olmaqdan daha qorxuludur. İndi başlarına gəldi. Başına da gələn başmaqçı olur…..

Gürcüstan və Türkiyə ilə müqayisədə Azərbaycanda müxalifətin adı var, gücü yox. Ona görə də onlarda müxalifət meydanlara ən azından yüzminlərlə insan çıxara bilir, Azərbaycanda isə yüzlərlə yox.

Rəvan Bağırlı.

Check Also

Azərbaycan boksçusu dünya çempionatında qızıl medal qazanıb

Azərbaycan boksçusu Sübhan Mamedov (48 kq) Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən dünya çempionatında qızıl …