Çərşənbə axşamı , 23 Aprel 2024
Drone Cameras

Qərbli həmsədrlərin 10 noyabr Qarabağ razılaşmasına gecikmiş münasibətinin arxa görüntüləri – MQ nümayəndələrinin Moskva görüşü…

Prezident İlham Əliyev Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovu qəbul edərkən deyib ki, biz həm də ona görə şadıq ki, Bəyanatın bəndlərinin hazırlanmasında birbaşa iştirak etməyən Minsk Qrupunun digər üzvləri, gec də olsa, Bəyanatın mətninə öz münasibətlərini, müsbət münasibətlərini bildiriblər.

Dövlət başçısı bildirib: “Əlbəttə, biz haqlı olaraq onlardan daha operativ reaksiya gözləyirdik. Lakin görünür, onların öz mövqelərini hazırlamağa imkan verməyən müəyyən amillər olub. Amma necə deyərlər, heç vaxt olmamaqdansa, gec olması yaxşıdır. Mən bilirəm ki, Moskvada ATƏT-in Minsk Qrupunun nümayəndələrinin görüşü keçirilib. Güman edirəm ki, onların bu bəyanata müsbət yanaşması da təhlükəsizlik tədbirlərinin möhkəmlənməsi və uzunmüddətli sülhün bərqərar olması işində mühüm rol oynayacaq”.

Göründüyü kimi, ölkə başçısı Minsk Qrupu həmsədrlərinin  imzalanan Bəyanata gecikmiş münasibəti və Moskvada  həmsədrlərin görüşündən bəhs edib. Maraqlıdır, həməsdrlərin məsələyə münasibəti niyə Moskva görüşünə qədər gecikib?

“Şübhəsiz, biz ümid edirik ki, Rusiya ilə birlikdə uzun illər boyu siyasi prosesə rəhbərlik edən ATƏT-in Minsk Qrupunun həmsədrləri 9 noyabr tarixli razılaşmalar nəzərə alınmaqla və onların əsasında bu məsələlərin həllinə qoşulacaqlar. Dəfələrlə Sizin də vurğuladığınız, Prezident Putinin də dediyi kimi, bu işlər həmişə ATƏT-in Minsk Qrupunun fəaliyyətinin əsasını təşkil edən prinsiplər məcrasında gedir”.

  • “Hazırda hər iki həmsədr ölkə çalışır ki, öz təsirlərini hiss etdirsin”

İctimai Siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzinin (İSBAM) sədri Samir Adıgözəlli  qəzetimizə açıqlamasında bildirdi ki, ölkə başçısı  haqlı olaraq Minsk Qrupunun keçikmiş münasibətinə eyham vurub: “Əslində, bu prosesi onlar nizamlamalıydı. Ancaq biz gördük ki, onlar 30 il ərzində baş girələdilər. Rusiya həməsdrlərdən biridir. Onun prosesdə aktivliyi digər iki həməsdri narazı salıb. Onlar da prosesdə yer almaq istəyirlər. Yoxsa kənardan, sanki oyundankənar vəziyyətə salınmış ölkə təsirini bağışlayırlar. Gəlin, bir faktı da nəzərə alaq ki, Rusiyanın prosesdə aktiv iştirakı Minsk Qrupu həmsədri kimi olmayıb. Rusiya regiondakı təsir gücünü işə salaraq bu addımı atıb. Hazırda Minsk Qrupunun digər iki həmsədri formatın bərpasına çalışır. Rusiya da onlara yox demir. Lavrovun məsələyə münasibəti belə oldu: “Biz ümid edirik ki, Rusiya ilə birlikdə uzun illər boyu siyasi prosesə rəhbərlik edən ATƏT-in Minsk Qrupunun həmsədrləri 9 noyabr tarixli razılaşmalar nəzərə alınmaqla və onların əsasında bu məsələlərin həllinə qoşulacaqlar”. Hazırda  ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri olan Fransa və ABŞ-ın mövqeyi Rusiyaya nəzərən çox zəifləyib. Xüsusilə rəsmi Paris Moskvanın tərəfləri təkbaşına sülhə razı salması ilə barışa bilmir. Məhz buna görə hazırda hər iki həmsədr ölkə çalışır ki, öz təsirlərini hiss etdirsin. İstənilən halda münaqişənin siyasi həlli üçün danışıqlar olacaq və danışıqlar yeni reallıqlar üzrə aparılacaq. Hər üç ölkə yeni mərhələdə öz maraqlarını görmək istəyir. Lakin Fransanın sərgilədiyi ermənipərəst və qərəzli mövqe onun həmsədrliyini sual altına qoyur. Rəsmi Paris bu cür davranmağa davam etsə,  Azərbaycan onun həmsədrliyindən imtina ilə bağlı rəsmi müraciət edə bilər”.

Ekspertin sözlərinə görə, onların bəyanatının keçikməsi bu amillərlə bağlıdır.

Məhəmmədəli QƏRİBLİ

Check Also

Azərbaycan Prezidenti ukraynalı həmkarını COP29-a dəvət edib

Azərbaycan Prezidenti İlham Əliyev ukraynalı həmkarı Volodimir Zelenskini noyabrda Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə …