Samir Adıgözəlli: “Erməni mediasının oyuncaq qurumlarla birləşib erməni əhalinin Azərbaycana könüllü inteqrasiya istəyini saxtalaşdırması…”
Xankəndidəki separatçılar, kukla “qurumlar” hər gün yeni bir iddia ilə özlərinə təsəlli verməyə cəhdlər edirlər. Azərbaycan dövlətinin Qarabağdakı erməni vətəndaşlarımızla bağlı bəyanatları, fikirləri sadə ermənilərin Azərbaycan cəmiyyətinə reinteqrasiyaya meyl göstərməsinə səbəb olub.
Bu gün orada yaşayan dinc ermənilərin böyük əksəriyyəti sepatçıların boyunduruğundan çıxmaq və həyatını Azərbaycan vətəndaşları olaraq davam etdirmək istəyir. Amma təəssüf ki, oradakı oyuncaq qurumlar əhalinin təbii meylinin, istəyinin qarşısını almaq üçün ağlasığmaz yalanlar uydururlar.
Sözdə “Artsax Respublikasının Milli Təhlükəsizlik Xidməti” olan oyuncaq “qurum” yalandan iddia edir ki, guya Azərbaycan xüsusi xidmət orqanları “Artsax vətəndaşları” arasında panika yaratmağa çalışır. Guya “son günlərdə Azərbaycan xüsusi xidmət orqanları sosial şəbəkələr vasitəsilə “Artsax Respublikasının” (?) xalqına qarşı növbəti informasiya hücumu həyata keçirib. Erməni dilində dərc olunan yazılarda saxta tezislər və “vətəndaşlıq”, “yüksək maaş”, “hüquqların müdafiəsi” vədləri əhali arasında psixoloji təzyiq göstərməyə, panika yaratmağa çalışır”. Bu separatçıların iddiasıdır. Gerçəklik isə tamamilə başqadır. Məsələ erməni separatçılarının iddia etdiyi kimi deyil. “Azərbaycanın xüsusi xidmət orqanları Xankəndidəki ermənilərin arasına “nifaq” salır, fikirlərini döndərir, “təxribat” aparır” kimi iddialar tamamilə əsassızdır. Məsələ belədir ki, Qarabağdakı dinc ermənilər artıq separatçıların boyunduruğundan xilas olmaq, rahat, dinc yaşamaq istəyir. Bəli, həqiqətən də orda ermənilərin fikri dönüb, parçalanıb. Nə qədər erməni etiraf edir ki, biz Azərbaycan vətəndaşı olmaq istəyirik, azərbaycanlılarla bir yerdə yaşamaq arzusundayıq, birgə yaşamalıyıq. Bildiyimiz kimi, oyuncaq “dövlət”də müəyyən istefalar da olub, “məmurlar”ın çoxu istefa verib, onlar irəliyə getmək, separatizmi yürütmək istəmirlər. Sadə ermənilərin və bəzi keçmiş “məmurlar”ın Azərbaycana qarşı təbii meylini separatçılar başqa cür izah edirlər ki, guya bu, Azərbaycan xüsusi xidmət orqanlarının apardığı təbliğatla bağlıdır. Əslində isə elə deyil.
- “Bu gün Xankəndidəki ermənilərin əksəriyyəti könüllü olaraq yenidən Azərbaycan vətəndaşlığını qəbul etmək istəyir…”
İSBAM sədri Samir Adıgözəlli “Bakı-Xəbər”ə şərhində bildirdi ki, 35 il bundan əvvəl erməni şovinstləri, separatçıları “myatsum” deyib Qarabağı və erməni əsilli Azərbayancan vətəndaşlarını Azərbaycandan qoparmaq niyyəti ilə saysız cinayətlər törətdilər. Uzun illər erməni separatçılarının sadə erməniləri basqı, təzyiq, qorxu altında saxladığını deyən S.Adıgözəlli qeyd etdi ki, ermənilər daim qorxudulduğu, şantaj edildiyi üçün separatçılara boyun əymək məcburiyyətində qalıblar. “Amma 44 günlük Vətən müharibəsindən sonra vəziyyət tamamilə dəyişdi, sadə ermənilər gerçəklikləri dərk etməyə başladılar və 35 ildir gəldikləri yolun fəlakət olduğunu etiraf etdilər. Onlar tam olaraq anladılar ki, separatçılar onları fəlakətə, sonu faciə olan bir uçuruma aparır. Bu gün Xankəndidəki ermənilərin əksəriyyəti könüllü olaraq yenidən Azərbaycan vətəndaşlığını qəbul etmək istəyir, əslində onlar elə bizim vətəndaşlarımızdır. Bu gün sadə ermənilərin Azərbaycan cəmiyyətinə inteqrasiya meyilləri artıb və bu da separatçıları narahat edir. Separatçılar erməni əhalinin könüllü inteqrasiyasının qarşısını almaq üçün bu cür iftiralar atırlar. Azərbaycan dövləti erməni vətəndaşlarımızın reinteqrasiyası üçün çox münbit şərait yaradıb və bu da onların könüllü şəkildə addım atmasına imkanlar açıb. Bu gün 25 min civarında olan erməni azlığın Azərbaycana inteqrasiyasının qarşısını almaq mümkünsüzdür, onlar gec-tez buna nail olacaqlar. Qarabğdakı sadə ermənilər reallığı dərk edir, bilirlər ki, uzun illər onlar separatçıların girovluğunda olub. Onlardan bandit rejimi tərəfindən istifadə edilib”.
S.Adıgözəlli qeyd etdi ki, erməni azlıqdan separatçılar qalxan kimi istifadə ediblər və öz cinayətlərini onların arxasında gizlənərək həyata keçiriblər. S.Adıgözəllinin sözlərinə görə, dinc ermənilər separatçıların və onların havadarlarının alətinə çeviriliblər. “Müharibədən sonra Azərbaycan dövlətinin erməni vətəndaşlarımızla bağlı səsləndirdiyi fikirlər, digər tərəfdən Qarabağda gedən tikinti-quruculuq işləri, regionda və dünyada baş verən hadisələr, Ermənistanın addımları, daşnakların, revanşistlərin simasının ifşa olunması, separatçıların maskasının yırtılması Qarabağda yaşayan ermənilər arasında ikitirəlik yaradıb. Bəziləri Rusiyaya “inteqarsiya edək” deyir, bəziləri Azərbaycanı istəyir və Azərbaycan vətəndaşı kimi yaşamaq arzusundadırlar. Təbii ki, ermənilərin Azərbaycan vətəndaşlığını qəbul etməkdən, Azərbaycan qanunları çərçivəsində yaşamaqdan başqa yolları yoxdur. Buna qarşı çıxanlar da, onları buna vadar edən xarici qüvvələr də var. Burada Rusiyanın, erməni lobbisinin, Fransanın, başqa siyasi dairələrin adlarını çəkə bilərik. Separatçılar və xarici qüvvələr Qarabağdakı erməni azlıqdan ayaqaltı kimi istifadə etmək istəyir. Hesab edirəm ki, qərarı erməni əhali verməlidir. Bu proseslər erməni ziyalıları arasında da müzakirə olunur. Erməni mediasının oyuncaq qurumlarla birləşib erməni əhalinin Azərbaycana könüllü inteqrasiya istəyini saxtalaşdırması, bunu Azərbaycanın xüsusi xidmət orqanları ilə bağlaması yolverilməzdir. Guya Azərbaycan xüsusi xidmət orqanları ermənilər arasında fikir ayrılığı yaradır, belə deyil. Onlar yalançı rəy yaratmaq istəyirlər ki, guya Azərbaycanın xüsusi xidmət orqanları bunu edir. Erməni mediası hər zaman iftira atmaqla məşğuldur. Qarabağda baş verən bütün proseslər ciddi izlənilir. Azərbaycan dövləti konkret mövqe qoyub, bildirib ki, ya oradakı ermənilər Azərbaycan vətəndaşları olaraq qalıb yaşayacaqlar, ya da çıxıb gedəcəklər”.
S.Adıgözəlli hesab edir ki, Rusiya sülhməramlılarının müvəqqəti nəzarəti altında olan ərazilərimizdə yaşayan ermənilərin reinteqrasiyanın qarşısını heç bir qüvvə ala bilməyəcək və onlar istəklərinə çatacaqlar. O vurğuladı ki, Azərbaycanın xüsusi xidmət orqanları hər zaman dövlətimizin maraqlarını müdafiə edir, onlar heç zaman manipulyasiya ilə məşğul olmur, manipuliyasiya ilə isə hər zaman ermənilər məşğul olub.
İradə SARIYEVA