“Həsrət Yolu” Əsir və Girovlara Kömək İctimai Birliyinin sədri Esmira Orucova öz “facebook” səyfəsində ona qarşı telefon zəngləri ilə hədələndiyini bildirib.
Boyukmillet.com həmin paylaşımı təqdim edir
DƏYƏRLİ DOSTLAR!
Dünən axşam saat 21 radələrində oğlum- Orucov Kənan Fuad oğlunun xidməti mobil telefonuna xarici ölkə nömrəsinə bənzər uzun, anlaşılmaz nömrə ilə zəng vurub, QHT Agentliyi ilə bağlı bir də heç bir sosial şəbəkədə yazı yazmamağım üçün onu təhdid ediblər.
Oğluma bildiriblər ki, ananı susdurmasan sənin üçün pis olacaq. Ananı susdura bilməsən, işini itirəcəksən, işini itirməklə yanaşı daha başqa ağır problemlər yaşayacaqsan.
Artıq belə qənaətə gəlirəm ki, XXI əsrdə QHT Agentliyinin rəhbərliyi və onların müdafiəçiləri dövlət qurumunu mafiya qanunları ilə idarə etməyə başlayıblar. Açıq-aşkar korrupsiya, cəzasızlıq mühitində rahat fəaliyyət göstərdikləri üçün unudublar ki, dövlətin Prezidenti, Birinci Vitse-Prezidenti, hüquq- mühafizə orqanları var.
Məni bu haqq yolundan heç kim şantaj, təhdidlə çəkindirə bilməz. Sona qədər bir neçə QHT sədri ilə Vətəndaş Cəmiyyətini onu məhvə aparanlardan xilas edənə kimi ictimai nəzarət işini həyata keçirdəcəyik.
Şəxsən mən heç kimin qulu, köləsi deyiləm. Artıq 20 ildir ki, hüquq müdafiəçisiyəm. Heç kim QHT sektorunu öz, şəxsi qanunları ilə idarə edə bilməz.
Ölkə Başçısı İlham Əliyev Cənabları demişkən “harada ki, nəzarət yoxdur, orada heç bir iş getməyəcək”. Biz qanundan kənar nə edirik ki? Biz dövlətçilik, dövlət naminə onun təməl inkişafında əhəmiyyətli sektor olan VC-nin xilası üçün ictimai nəzarət işini vicdanla həyata keçirdirik.
Oğlumun mənim haqlı mübarizəmə görə şantaj və təhdid edilməsi ilə bağlı əlaqədar orqanlara onlayn müraciət etmişəm. Hazırladığım digər müraciətləri isə lazımi orqanlara bazar ertəsi, 29 yanvar 2024-cü il tarixində şəxsən təqdim edəcəyəm.