Çərşənbə , 17 Aprel 2024
Drone Cameras

Qoşulmama Hərəkatı Birləşmiş Millətlər Təşkilatından sonra ikinci ən böyük beynəlxalq təsisatdır

İyunun 30-da Heydər Əliyev Mərkəzində Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin “Dünyada sülhün və dayanıqlı inkişafın təşviqində milli parlamentlərin rolunun gücləndirilməsi” mövzusuna həsr olunan Bakı konfransı keçirilib. Dövlətimizin başçısı cənab İlham Əliyev konfransda geniş çıxış edib.


120 dövlətin üzv olduğu, 17 ölkənin və 10 beynəlxalq təşkilatın müşahidəçi statusunda çıxış etdiyi Qoşulmama Hərəkatı 1955-ci ildə yaradılıb və BMT-dən sonra dünyanın ən böyük beynəlxalq təsisatıdır. 2019-cu ildə etibarən təşkilata Azərbaycan Respublikası sədrlik edir. Bu gün Azərbaycan Qoşulmama Hərəkatının sədri kimi bu təsisatın nüfuzunun möhkəmlənməsi, institusionallaşdırma yolu ilə getməsi addımlar atır. Bakıda Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin yaradılması da həmrəylik və qarşılıqlı dəstəyin gücləndirilməsinə yönəlib.


Bakı konfransında çıxışı zamanı Prezident İlham Əliyevin qeyd etdiyi kimi, parlament şəbəkəsi dünyanın müxtəlif parlament təşkilatları ilə sıx münasibətlər quracaq. Azərbaycan eyni zamanda gənclər şəbəkəsinin yaradılmasını da təklif edib. Bu da üzv dövlətlərin gəncləri arasında əməkdaşlığın dərinləşməsinə töhfə verəcəkdir.


Qoşulmama Hərəkatının sədri kimi Azərbaycan pandemiya dövründə müxtəlif təşəbbüslərlə çıxış edib. Belə ki, Hərəkatın sammiti, BMT-nin Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi, BMT-nin İnsan Haqları Şurasında alınan dəstək, Baş Assambleyada planlaşdırılmış, lakin COVID-19 səbəbindən təxirə salınmış müzakirəni qeyd etmək olar. Bütün bu təşəbbüslər şübhəsiz ki, Hərəkatın nüfuzunu artırır.


Bildirilib ki, Qoşulmama Hərəkatı həm 44 günlük Vətən müharibəsindən əvvəl də, həm müharibədən sonra da Azərbaycanla həmrəydir. Bakı konfransında dövlət başçımız bir daha bəzi ölkələrin bizim haqq işimizi BMT, onun Təhlükəsizlik Şurası səviyyəsinə çıxarmağa cəhdini xatırlatdı. Qeyd etdi ki, həmin vaxt Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olan, Qoşulmama Hərəkatında təmsil olunan dostlarımız anti-Azərbaycan mahiyyətli bəyanatı blokladılar. Azərbaycana qarşı ittihamı blokladılar və bununla da ermənipərəst qlobal qüvvələrin Azərbaycana qarşı hücumuna mane oldular.


Qoşulmama Hərəkatının sədri olaraq Azərbaycan ədalətsizliyə, beynəlxalq hüququn pozulmasına, müxtəlif münaqişələrə qarşı sərgilənən selektiv yanaşmaya və ayrıseçkiliyə qarşı mübarizə aparmağa davam edir.

Bu mənada Qoşulmama Hərəkatı təkcə ölkələr üçün maraqlarını müdafiə etmək və bir-birini dəstəkləmək platforması deyil, beynəlxalq arenada daha fəal rol oynamaq üçün platforma da ola bilər. Azərbaycan sədr kimi üzv dövlətləri bu istiqamətdə səyləri birləşdirməyə çağırır.

Azərbaycanın sədrliyi dövründə Qoşulmama Hərəkatı özünün inkişaf dövrünü yaşayır. Təşkilatın tarixinə baxsaq, hərəkat fəaliyyətinin heç bir dövründə dünyada siyasi proseslərə bu qədər təsir imkanlarına malik olmayıb. Təşkilat məhz Prezident İlham Əliyevin liderliyi altında istər Pandemiya dövrünün qlobal problemlərinə, istər bu çərçivədə siyasi proseslərə dair ciddi qərarların qəbulu ilə nəticələnən addımlar atılmış, BMT Baş Assambleyasının xüsusi sessiyaları çağırılmışdır.


Azərbaycan Rəhbəri eyni zamanda dövlətimizin sədrlik dövründə Hərəkatın struktur imkanlarını da artırıb. Bir qədər əvvəl Qoşulmama Hərəkatı Parlament Şəbəkəsi, o cümlədən, Qoşulmama Hərəkatının Gənclər Şəbəkəsi təsis edilib.

Paytaxtımızda keçirilən Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin “Dünyada sülhün və dayanıqlı inkişafın təşviqində milli parlamentlərin rolunun gücləndirilməsi” mövzusuna həsr olunan Bakı konfransı isə göstərdi ki, Azərbaycan tərəfinin təşəbbüsləri yalnız qərarlarla ifadə olunmur, biz həm də məsuliyyətli təşəbbüslərimizin icrasını təmin edirik.


Bakı konfransında “Bakı Bəyannaməsi” və “Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin İş Qaydalarına dair Nizamnamə” qəbul edilməsi, təşkilatın rəsmi loqosu və bayrağının təsdiq olunması, qurumun sədri və sədr müavinlərinin seçilməsi Azərbaycanın Qoşulmama hərəkatında səmərəli iş əmsalını bir daha ortaya qoyur.


Üç gün davam edən konfransa 40-dan çox ölkənin parlament nümayəndə heyətləri, o cümlədən, 9 beynəlxalq parlament təşkilatının nüfuzlu təmsilçiləri qatılıblar. Azərbaycanın yaratdığı reallığı birdən-birə bu qədər nüfuzlu heyətlərin şəxsən müşahidə etməsi informasiya müharibəsində Azərbaycanın əsaslı qələbələrindən biri hesab edilməlidir.

Yevlax Gənclər evi Sosial Xidmət Müəssisəsinin direktoru Elgün Əzizov.

Check Also

DAK İdarə Heyəti toplandı: Təşkilatın güclənməsi üçün qərarlar verildi

Aprelin 14-də Dünya Azərbaycanlıları Konqresi İdarə Heyətinin onlayn toplantısı keçirilib. Azərbaycan, ABŞ, Türkiyə, Kanada və …