Bazar ertəsi , 27 Yanvar 2025
Drone Cameras

Rəsmi Bakıdan İrana etiraz

Səfirliyin müvəqqəti işlər vəkili XİN-ə çağırıldı

İranın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Seyid Cəfər Ağayi Məryan Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

Bu barədə Azərbaycan XİN-in yanvarın 25-də yaydığı məlumatda bildirilir.

“Görüş zamanı son zamanlar hökumət dairələrinə yaxın İran mətbu orqanlarında Azərbaycan əleyhinə, ölkə rəhbərliyinə qarşı açıq-aşkar şəkildə aparılan kampaniyaya etiraz bildirilib”, – deyə açıqlamada qeyd edilir.

Açıqlamada uzun fasilədən sonra Tehranda keçirilmiş “Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının” 16-cı iclasından və səmərəli rəsmi görüşlərdən sonra Azərbaycanın İrandakı səfirinin XİN-ə çağırılaraq əsassız şəkildə etiraz bildirilməsinin və İran mətbuatında kampaniyanın genişləndirilməsinin anlaşılmazlıq yaratdığı vurğulanıb.

XİN bildirib ki, Ərdəbildə toplantı zamanı Azərbaycana qarşı səsləndirilən təhqiramiz ifadələrə görə imam cümə Seyid Həsən Amelinin üzr istəməsi əvəzinə, onu dəstəkləyən kampaniyanın aparılması, Qəzvin imam cüməsi daxil bir sıra din xadimlərinin Azərbaycan əleyhinə fəaliyyətdə iştirak etməsinin qəbuledilməz olduğu diplomatın diqqətinə çatdırılıb. 

“Bu kimi addımlar iki ölkə arasında münasibətlərə zərər vurmaq məqsədi daşıyır, bunların qarşısının alınması zəruridir”, – deyə Azərbaycan XİN-in məlumatında bildirilir.

Bildirilir ki, İranın müvəqqəti işlər vəkili bəzi xoşagəlməz bəyanat və hərəkətlərdən təəssüfləndiyini bildirib və məsələni ölkəsinin səlahiyyətli orqanlarına çatdıracağına söz verib.

Yanvarın 24-də Azərbaycanın Tehrandakı səfiri Əli Əlizadə İran XİN-ə dəvət olunub.

Burada nazirin köməkçisi və Avrasiya İdarəsinin baş direktoru Mojtaboy Dəmirçi ilə görüşüb.

MEHR agentliyinin yaydığı məlumata görə, Dəmirçi “bəzi dairələr və xadimlər tərəfindən Azərbaycanda təhsil alan bir sıra iranlı tələbələrə münasibətdə mənfi hərəkətlərə” toxunub. 

O, bunu iki xalq arasındakı münasibətlər üçün zərərli adlandırıb, həmçinin İranın etirazını bildirib və bu hərəkətlərin təşəbbüskarlarını cəzalandırmağa çağırıb.

Yeri gəlmişkən, bu günlərdə Azərbaycan Tibb Universitetinin 10-a yaxın iranlı tələbəsinin əxlaqa zidd davranışlarına görə ölkədən deport olunduğu bildirilir.

Check Also

Türkiyədə tarixi əsər qaçaqmalçılarına qarşı əməliyyat keçirilib, 12 şübhəli saxlanılıb

Türkiyənin Ankara və İstanbul şəhərlərində tarixi əsər qaçaqmalçılarına qarşı əməliyyat keçirilib. Boyukmillet.com xəbər verir ki, bu …