Cümə , 3 May 2024
Drone Cameras

Radikallar İtaliyada Paşinyana qarşı demarş etmiş Atanı da hakimiyyətin hesabına yazmağa başlayıb – Ata Abdullayevi hökumət göndərsəydi…

Bloger kimi tanınan Ata Abdullayevin Milandakı kilsədə çıxış edən Paşinyana sual verməsi ciddi müzakirə mövzusuna çevrilib. Maraqlıdır ki, bəzi radikal dairələr bunu da hökumətlə bağlamağa çalışırlar.

Bu məsələdə erməni KİV-i ilə həmin radikal dairələrin baxışları tam üst-üstə düşür. Prezidentin köməkçisi Əli Həsənov ictimai fəal olduğu iddia edilən Ata Abdullayevin İtaliyanın Milan şəhərindəki bir kilsədə tərəfdarları ilə görüş keçirən Ermənistan Baş naziri Nikol Paşinyanın tədbirinə qatılmasına münasibət bildirərkən deyib ki, Azərbaycan dövləti və hakimiyyəti o günə qalmayıb ki, hansısa A.Abdullayev kimi şəxsi Ermənistan Baş naziri Nikol Paşinyanın keçirdiyi tədbirə göndərib, o cür səviyyəsiz “dialoqu” təşkil etsin.

Ə.Həsənov sosial şəbəkələrdə və bəzi media orqanlarında A.Abdullayevin guya Azərbaycan hakimiyyətindəki şəxslər tərəfindən Milana düşünülmüş şəkildə göndərildiyi haqda iddiaları qəti şəkildə təkzib edib: “Azərbaycanın hər hansı vətəndaşı öz səviyyəsinə, dünyagörüşünə, qabiliyyətinə uyğun olaraq bu və ya digər beynəlxalq tədbirə qatıla və orada hansısa fəaliyyət göstərə, kiməsə dəstək və ya etiraz edə bilər. Ancaq Azərbaycan dövlətinin belə fərdi təşəbbüslərə qətiyyən ehtiyacı yoxdur və biz yürütdüyümüz siyasətin mahiyyətini də, harada, necə həyata keçirilməsi yollarını da yaxşı bilirik”.

Göründüyü kimi, cənab Əli Həsənov bu məsələyə tam aydınlıq gətirib və ətraflı izah edib ki, bu addımın Azərbaycan dövləti ilə heç bir əlaqəsi yoxdur. A.Abdullayevin addımlarını hakimiyyətlə niyə bağlamağa çalışırlar?

  • Samir Adıgözəlli: “Bu o demək deyil ki, Ata nə edəcəksə, buna hakimiyyət məsuliyyət daşıyır”

İctimai-Siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzinin (İSBAM) rəhbəri Samir Adıgözəlli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, biz bu məsələdə də radikal dairələrin fürsətcil davranışını görürük: “Mən A.Abdullayevi dərindən tanımıram. Onun bəzi videolarını izləmişəm, açığını deyim ki, mübarizə metodunu təqdir etməmişəm. Ancaq bir məsələ də var, o,  xaricdən söyüş söyənlərə adekvat cavablar verib. Təbii ki, heç bir belə hal təqdir edilə bilməz. Çünki söyüş virtual məkana gətirilməməlidir. A.Abdullayevin məhz həmin mövqeyi onu aktiv hakimiyyət müdafiəçisi kimi tanıdıb. Bu o demək deyil ki, Ata nə edəcəksə, buna hakimiyyət məsuliyyət daşıyır. Azərbaycan dövlətinin milyonlarla vətəndaşı var. Onların da hər biri öz hərəkətlərinə görə özləri cavab verməlidir. Düzdür, dövlətin də vətəndaşlar üzərində müəyyən haqları var. Ancaq hansısa vətəndaş cinayət edirsə, o demək deyil ki, məsuliyyəti dövlət çəkməlidir. A.Abdullayev də həmin tədbirə bir fərd kimi qatılıb. Hər halda, nəsə etmək istəyib. İndi bu onda yaxşı alınıb, ya pis, tamamilə başqa mövzunun söhbətidir. Biz onu bu mövqeyinə görə tənqid edə bilərik. Məsləhət verə bilərik ki, sualı elə yox, belə verərdin. Tamamilə linç olunması doğru deyil. Bir daha qeyd edirəm ki, sabah da Paşinyan Avropada bir azərbaycanlının sərt şüarlarına tuş gələ bilər. O deməkdir ki, dövlət məsuliyyət daşımalıdır? Dövlətin özünün qurumları və onları təmsil edən şəxsləri var. Yalnız onların danışığına, bəyanatına görə məsuliyyət daşıya bilər”.

Məhəmmədəli QƏRİBLİ

Check Also

Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşüb

Ermənistan hərbçisi Azərbaycanla sərhəddə yerləşən Tavuş vilayətində minaya düşüb. Boyukmillet.com xəbər verir ki, bu barədə …