BMT Təhlükəsizlik Şurası bununla bağlı son qərarı noyabrın 18-də verəcək
Noyabrın 17-də (Bakı vaxtı ilə çərşənbə axşamı, saat 14:00 – red.) BMT Təhlükəsizlik Şurası ABŞ prezidenti Donald Trampın Qəzza zolağı ilə bağlı sülh planına dair qətnamə layihəsini səsverməyə çıxaracaq.
Boyukmillet.com “Assoşeyted Press”ə istinadən xəbər verir ki, ABŞ Təhlükəsizlik Şurasının 15 üzvünə 2027-ci ilin sonuna qədər Qəzza zolağında təhlükəsizliyi təmin etmək üçün sabitləşdirmə qüvvələrinə(sülhməramlılara-red) geniş beynəlxalq mandat verəcək qətnamə layihəsini təqdim edib.
Yada salaq ki, ABŞ administrasiyası Qəzza zolağında müharibəyə son qoymaq üçün 20 bəndlik plan dərc edib. Plana görə, İsrail qüvvələrini Fələstin ərazilərindən çıxarmalı və hərbi əməliyyatları tamamilə dayandırmalı, HƏMAS isə girovları azad etməlidir. Eyni zamanda, HƏMAS və digər qruplar Qəzzanın idarə olunmasında birbaşa və ya dolayı yolla iştirakdan imtina etməlidir. Müvəqqəti idarəetməni Trampın başçılıq edəcəyi şərti “ Sülh Şurası” icra etməlidir.

BMT-dəki səsvermənin nəticəsi Azərbaycan üçün də ciddi əhəmiyyət kəsb edir. Çünki ABŞ Qəzza zolağında beynəlxalq sabitləşdirmə qüvvələrinə Azərbaycanın sülhməramlılarının daxil olmasını da istəyir.
“Assoşeyted Press”in yazdığına görə, Rusiya, Çin və bəzi ərəb ölkələri sülhməramlı ölkələrə belə bir mandatın verilməsinə qarşı çıxırlar. Onlar ərazini müvəqqəti idarə edəcək Şuranın yaradılmasından öncə bu cür qərar verilməsindən narahatlıqlarınımn ifadə ediblər.
Qeyd edək ki, “İsrail-Hayom” qəzetinin məlumatda bildirilirdi ki, Qəzzaya göndəriləcək sülhməramlıların özəyini Azərbaycan və İndoneziya təşkil edə bilər.
İndoneziyanın sülhməramlı qüvvələrdə iştirak təcrübəsi böyükdür. İndoneziya təkid edir ki, missiyada yalnız BMT-nin Təhlükəsizlik Şurasının qərarı olacağı təqdirdə iştirak edəcək.
“İsrail Hayom” yazır ki, HƏMAS Qəzzada qaldıqca, Azərbaycan qoşunları oraya girməyəcək. Qəzetin yazdığına görə, İndoneziya, Azərbaycan, İordaniya və Mərakeş də daxil olmaqla, Qəzza zolağında beynəlxalq sabitləşdirmə qüvvələrinin potensial iştirakçıları HƏMAS silahlı strukturlarını saxladığı müddətdə qoşun göndərməyə hazır deyillər.
ABŞ dövlət katibi Marko Rubio isə Təhlükəsizlik Şurasını qətnaməni yubanmadan qəbul etməyə çağırıb. “Düşünürəm ki, biz qətnamə ilə bağlı əhəmiyyətli düzəlişlər edilib və ümid edirəm ki, biz onu tezliklə həyata keçirməyə başlayacağıq”.
ABŞ-ın sülh danışıqlarında əsas müttəfiqi olan Birləşmiş Ərəb Əmirlikləri bu həftə açıq şəkildə bəyan etdi ki, Qəzzada təklif olunan sabitləşdirmə qüvvələri üçün hələ dəqiq struktur görmür və hazırkı şəraitdə bu danışıqlarda iştirak etməyəcək.
İsrailin baş naziri Benyamin Netanyahu Fələstin dövlətinin yaradılmasına və İordan çayının qərb sahilinin bir hissəsinə nəzarət edən Fələstin Muxtariyyətinin Qəzza zolağına rəhbərlik etməsinə qarşıdır.

Təhlükəsizlik Şurasının digər üzvləri “Sülh Şurası” haqqında əlavə məlumat, o cümlədən, qurumda kimin fəaliyyət göstərəcəyi barədə məlumat istəyiblər. Bəzi ekspertlər bildiriblər ki, ABŞ BMT-nin icazəsi olmadan da sülh prosesinə dəstək vermək istəyən ölkələrdən sülməramlı qüvvələr yarada bilər.
Azərbaycan sülhməramlı bölüyü 2003-2008-ci illərdə 152 nəfərlik şəxsi heyətlə İraqda beynəlxalq koalisiya qüvvələri tərkibində xidmət edib. 2009-cu il tarixdə Azərbaycan Ordusunun 90 nəfərlik sülhməramlı kontingenti Əfqanıstanda Türk taboru tərkibində fəaliyyət göstərib. Azərbaycan Ordusunun sülhməramlı qüvvələri 27 avqust 2021-ci ildə ölkəyə geri dönüb. Hazırda Azərbaycanın hər hansı xarici ölkə ərazisində sülhməramlı qüvvələri fəaliyyət göstərmir.


Boyukmillet.com Biz yanmasaq vətən yanar
