Rusiya Dövlət Sosial Universiteti Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) qeydiyyatının ləğvi ilə bağlı bu ölkənin Ədliyyə Nazirliyinə ünvanlanmış bəyanat yayıb.
Bu barədə Trend-ə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.
Bəyanatda bildirilir ki, Rusiya Dövlət Sosial Universiteti 10 ildən artıqdır ÜAK-la əməkdaşlıq edir. Bu illər ərzində sıx dostluq və işgüzar münasibətlərin inkişafı, mədəni, elmi və mənəvi əlaqələrin qurulması istiqamətində ÜAK-la birgə xeyli işlər görülüb.
Bəyanatda həmçinin vurğulanır ki, ictimai təşkilat olan ÜAK-ın yaradılması Azərbaycan xalqının ümumilli lideri Heydər Əliyevin adı ilə bağlıdır.
Bəyanatda bildirilir: “ÜAK-ın qeydiyyatı, təşkilatın gələcək taleyi ilə əlaqədar narahatlığımızı ifadə edirik. Belə təşkilatların fəaliyyəti Rusiya və Azərbaycan xalqı arasındakı dostluq münasibətlərinin möhkəmləndirilməsi, habelə Azərbaycan diasporunun Rusiyanın ictimai həyatında layiqli iştirakı üçün zəruridir”.
Qeyd edək ki, mayın 15-də Rusiya Ədliyyə Nazirliyinin təqdimatına əsasən Rusiya Ali Məhkəməsi ÜAK-ın qeydiyyatını ləğv edib.