“Vaqner” döyüşçülərini Yevgeni Priqojinin kriminal avantürasına sürükləyiblər”.
Boyukmillet.com TASS-a istinadən xəbər verir ki, bu fikirlər Rusiya Müdafiə Nazirliyinin “Vaqner” döyüşçülərinə müraciətində əksini tapıb.
Nazirlik “Vaqner”çiləri hüquq-mühafizə orqanları ilə əlaqə saxlamağa çağırıb.
Nazirlik Y.Priqojinlə bağlı vəziyyəti silahlı qiyam adlandırıb.
Qeyd edilib ki, bir neçə hərbi dəstəyə daxil olan bir çox “Vaqner” üzvü daimi yerləşdirmə məntəqələrinə təhlükəsiz qayıtmaq imkanının təmin edilməsi ilə bağlı yardım istəməklə səhvlərini artıq başa düşüblər.
“Biz hər kəsin təhlükəsizliyinə zəmanət veririk”, – Rusiya MN-nin müraciətində vurğulanıb.
Xatırladaq ki, “Vaqner” Xüsusi Hərbi Şirkətinin başçısı Yevgeni Priqojin bəyan edib ki, Rusiya hərbçiləri “Vaqner” muzdlu hərbi təşkilatının arxa düşərgələrinə raket zərbələri endirib, bir çox döyüşçü ölüb: “Bu vəhşiliyə necə cavab verəcəyimizə qərar verəcəyik. Növbəti addım bizimdir”.
Bundan sonra Rusiya Federal Təhlükəsizlik Xidməti Yevgeni Priqojinə qarşı silahlı üsyana təhrik faktı üzrə cinayət işi açıb. Rusiya Federasiyasının Baş Prokurorluğu bildirib ki, Priqojinin əməllərinə lazımi hüquqi qiymət veriləcək. Müdafiə Nazirliyi isə “Vaqner”in arxa düşərgələrinə zərbə endirilməsi ilə bağlı iddiaları yalan məlumat adlandırıb.
Prezidentin mətbuat katibi Dmitri Peskov vurğulayıb ki, güc strukturları Rusiya prezidenti Vladimir Putinə üsyan cəhdi ilə bağlı görülən tədbirlər barədə hesabat verir.