Emin Həsənli: Baş verənlərə görə həm Ermənistanın, həm də Rusiya sülhməramlılarının üzərinə böyük məsuliyyət düşür
BAYRAQDAR MEDİA – “Tarix boyu dağıdıcı, terrorçu, işğalçı kimi ad çıxaran ermənilər bu gün də öz xislətlərindən əl çəkə bilmirlər. Onların hazırda Laçında törətdikləri cinayət əməlləri də bunu sübut edir”.
Boyukmillet.com xəbər verir ki, bunu BAYRAQDAR MEDİA-ya açıqlamasında “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri Emin Həsənli deyib.
O, qeyd edib ki, ermənilər işğal dövründə qeyri-qanuni olaraq məskunlaşdıqları Laçın ərazisində özləri tikdikləri evləri belə yandırırlar: “Lakin təkcə o evləri deyil, meşələri də yandırırlar. Bir sözlə, bu gün orada baş verənlər insanlıqdan kənar cinayətlərdir ki, bu da ermənilərin xarakterindən irəli gəlir. Ermənilər həm də həmin əraziləri minalayıblar. Bu minalar təkcə işğal dövründə deyil, 2020-ci il noyabrın 10-dan sonra da ora basdırılıb. Özü də həmin minalar birbaşa Ermənistanda istehsal edilib. Bu da Ermənistanın nəinki 10 noyabr 2020-ci il Bəyanatına əməl etmədiyini, həm də “Piyadalar əleyhinə minaların tətbiqinin, ehtiyat toplanmasının, istehsalının və yayılmasının qadağan olunması və onların məhv edilməsi haqqında” 1997-ci il tarixli Ottava Konvensiyasını kobud şəkildə pozduğuna dəlalət edir”.
E.Həsənli deyib ki, baş verənlərə görə həm Ermənistanın, həm də Rusiya sülhməramlılarının üzərinə böyük məsuliyyət düşür: “Bu evlərini yandıran, Laçında meşələrə od vuran ermənilər sonunda Ermənistana gedirlər. Deməli Ermənistan Azərbaycanla əbədi sülh bağlamaq istəyində səmimidirsə, o cinayətkarları Azərbaycan tərəfinə təhvil verməlidir”.
Rusiya sülhməramlılarına gəlincə, müsahibimiz deyib ki, onlar 10 noyabr Bəyanatına əsasən üzərlərinə böyük öhdəlik götürüb: “Amma təəssüf ki, bu öhdəliyə əməl etmirlər. Onların gözləri qarşısında terrorçular, işğalçılar dəfələrlə bu cür cinayətlər törədiblər. Üstəlik, indi məlum olur ki, işğalçılar müharibədən sonra da o əraziləri minalayıblar. Hansı ki, ötən dövrdə həmin ərazilər birbaşa Rusiya sülhməramlılarının nəzarəti altında olub. Amma görünən odur ki, bu cinayəti törədənlərə qarşı Rusiya sülhməramlıları heç bir ölçü götürməyib. Bu da Azərbaycan dövlətinin və xalqının haqlı narazılığına, etirazına səbəb olur”.