“Türk milləti heç kəsə düşmən deyil. Biz irqçi deyilik”.
“Report”un yerli bürosu xəbər verir ki, bunu Türkiyənin Gürcüstandakı səfiri Fatma Ceren Yazqan 19 May – Atatürkü Anma, Gənclər və İdman Günü münasibətilə keçirilən tədbirdə çıxışında deyib.
O, Türkiyənin ərazi bütövlüyü və suverenliyinə hörmət göstərməyənlərə qarşı mübarizənin davam etdiriləcəyini bildirib.
Türkiyənin milli bayram gününün tarixindən danışan səfir Mustafa Kamal Atatürkün qurtuluş savaşına liderliyinin müstəsna əhəmiyyətini qeyd edib: “Atatürk kimi lider, düşmənlə mücadilə edən, işğala qarşı dirəniş göstərən bir çox qəhrəmanlarımız olmasaydı, bu şanlı gün tariximizə yazılmazdı. Biz tariximizi gələcək nəsillərə yaxşı anlatmalıyıq. Uşaqlara öz milləti ilə qürur duymaq öyrədilməlidir. Bu, ilk olaraq ailədən, daha sonra məktəbdən başlayır”.
F.C.Yazqan qeyd edib ki, bu gün Türkiyəyə qarşı əsassız “erməni soyqırımı” və Yunanıstanın “Pontus soyqırımı” iddiaları səsləndirilir: “Bu, onu göstərir ki, savaş bitib deyib oturmaq olmaz. Bu gün terror təşkilatları və onların arxasında duran güclərə qarşı da mübarizəmiz davam edir”.
Türkyə səfirliyində təşkil olunan bayram tədbirində ilk öncə dövlət himni səsləndirilib, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Diplomatik nümayəndəliyin əməkdaşları və mərasim iştirakçıları “Gənclik”, “Mülkiye” və “İleri” marşlarını oxuyublar.
Sonda türk dilində olan əsərlərin gürcücəyə tərcümə və məqalə müsabiqələrinin qalibləri mükafatlandırılıb.